Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Soçidə başqa ad altında yaşayır.
Fortunamag.az xəbər verir ki, bu barədə məlumat “Toronto Televiziyası”nın araşdırmasında yer alıb.
Bildirilib ki, Yanukoviç vətəndaş nikahında olduğu Lyubov Polejay ilə birlikdə Soçidə yerləşən malikanədə məskunlaşıb. Onun Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə etdiyi güman edilir. Belə ki, Rusiyanın məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə eynidir, sabiq prezidentin anasının qızlıq soyadı isə məhz Leonova olub. Qeyd olunur ki, Yanukoviç Polejayla Abxaziyaya səfəri zamanı məhz bu ad-soyaddan istifadə edib.
Bundan başqa, sabiq prezidentin oğlu Aleksandrın həyat yoldaşı və iki oğlu ilə birlikdə Sokolov soyadı altında yaşadığı deyilir.
Araşdırma həmçinin Yanukoviçin Rusiyada yaşadığı illər ərzində ailəsinin yüzlərlə hektar torpaq, onlarla daşınmaz əmlak əldə etdiyini, bank hesablarına milyonlarla dollar yerləşdirdiklərini aşkara çıxarıb.
Belə ki, hazırda Sadıkova soyadı ilə yaşayan Lyubov Pojelay Rusiyada yaşadığı müddət ərzində 370 hektardan çox torpaq sahəsi və 2400 kv. m-dən artıq daşınmaz əmlak, o cümlədən beş mənzil, beş ev və dörd digər obyekt əldə edib. //Qafqazinfo

Yanukoviçin gəlini isə 27 min kv. m-dən çox daşınmaz əmlak, o cümlədən Moskva yaxınlığında yerləşən elit “Benilüks” qəsəbəsindəki mülklər əldə edib. 2024-cü ildə onun depozit hesablarında təxminən 3,5 milyon dollar (təxminən 5,95 milyon AZN), oğlu Viktorun hesablarında isə təxminən 5 milyon dollar (təxminən 8,5 milyon AZN) olub.
Araşdırmaya görə, Yanukoviçin və ailəsinin mühafizəsini Ukraynanın Dövlət Mühafizə İdarəsinin keçmiş əməkdaşları təmin edir. Onların ölkəni tərk etdikdən sonra Rusiyanın Federal Mühafizə Xidmətində çalışmağa başladığı və Ukraynada axtarışda olduğu qeyd edilir.
Qeyd edək ki, 76 yaşlı V.Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub.