Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov qarşıdan gələn yeni tədris ili ilə əlaqədar vətəndaşlara müraciət edib.
Assosiasiya sədri bildirib ki, talassemiyadan əziyyət çəkən uşaqlar arasında bu il ilk dəfə məktəbə qədəm qoyacaq balacalar da var.
Fuad Əsgərovun sözlərinə görə, talassemiyalı pasiyentlərin sağlamlıqlarını qorumaq üçün mütəmadi olaraq qan köçürülməsinə ehtiyacları var. Bu səbəbdən qan ehtiyatlarının yetərli olması onlar üçün həyati əhəmiyyət daşıyır.
“Bildiyiniz kimi, talassemiyalı pasiyentlərə ayda iki dəfə qan köçürülür. İsti yay aylarında yaşanan qan qıtlığı onların sağlamlığı üçün ciddi risklər yaratdı. Bu il ilk dəfə məktəbə gedəcək talassemiyalı uşaqların təhsilə başlayacağı ilk günlərin qayğısız və sevinc içində keçməsi hər birimizin arzusu olmalıdır”, – deyə Fuad Əsgərov bildirib.
QHT sədri vətəndaşları Respublika Qan Bankına müraciət edərək talassemiyalı pasiyentlər üçün könüllü qan donoru olmağa çağırıb.
“Çağırışıma həssaslıqla yanaşmağınızı xahiş edirəm. Gəlin, uşaqlara ağrısız və qayğısız günlər bəxş edək, onların mübarizəsinə şərik olaq. Verəcəyimiz bir qan həyatı dəyişə bilər”, – deyə Fuad Əsgərov vurğulayıb.