11:46
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
AZəRBAYCAN

İlham Əliyevin İƏT Baş katibi ilə görüşü - 35 illik əməkdaşlıqda yeni hədəflər

İlham Əliyevin İƏT Baş katibi ilə görüşü - 35 illik əməkdaşlıqda yeni hədəflər

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Görüşün bu il Azərbaycanın İƏT-ə üzv olmasının 35 ilinə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşü Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, beynəlxalq nüfuzunu və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin ardıcıllığını bir daha nümayiş etdirir. Görüş zamanı səsləndirilən fikirlər Azərbaycanın yalnız regional proseslərdə deyil, həm də İslam dünyasının ortaq maraqlarının qorunmasında, mədəni-dini irsin yaşadılmasında və beynəlxalq dialoqun inkişafında mühüm rol oynadığını təsdiqləyir.

İƏT Baş katibinin Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etməsi bu münasibətlərin möhkəm tarixi təməllərə söykəndiyini göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri məhz İslam Əməkdaşlıq Təşkilatı olub. Artıq 35 ildir ki, Azərbaycan İƏT-ə üzvdür. Bu fakt ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən İslam dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir.

Baş katibin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi hadisə kimi qiymətləndirməsi və ölkəmizi təbrik etməsi də diqqətəlayiq məqamlardandır. İƏT Ermənistanın Azərbaycana qarşı təxminən 30 il davam edən işğalçılıq siyasəti dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, işğalı qətiyyətlə pisləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul edib. Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupu da yaradılmışdı. Münaqişənin həllindən sonra həmin qrupun fəaliyyətinə ehtiyac qalmayıb.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının İƏT rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin haqlı mövqeyinə verilən siyasi dəstəyin davamı kimi dəyərləndirilə bilər. Bu yanaşma eyni zamanda, beynəlxalq hüququn prinsiplərinin, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının İslam dünyası üçün də mühüm əhəmiyyət daşıdığını göstərir.

Daha çox