16:15
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
AZəRBAYCAN

Əliyev qəbullar keçirdi

Əliyev qəbullar keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

Fortunamag.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlanıb.

Dövlət başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını deyib.

Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edilib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da “Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.

***

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olunub. Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunulub.

Xatırladaq ki, idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarını ötən “Brookfield” qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin iri sahibi və operatorlarından biridir. Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.

Daha çox