Əvvəlki dövrdə olduğu kimi cari ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətin keyfiyyətinin və effektivliyinin artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və şəffaflığın təmin olunması, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 122 əməkdaş (onlardan 72-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.