“Çin Xalq Respublikasına həyata keçirilən səfər bizim üçün həm yaradıcılıq, həm də peşəkar inkişaf baxımından son dərəcə əhəmiyyətli oldu. Bu böyük ölkənin zəngin teatr mühiti, formalaşmış teatr mədəniyyəti və müasir texniki imkanları ilə yaxından tanış olmaq Azərbaycan teatrı üçün yeni perspektivlər açır. Səfər çərçivəsində aparılan görüşlər, imzalanan əməkdaşlıq memorandumları və ilkin razılaşmalar gələcək birgə layihələr üçün möhkəm əsas yaradır”.
Bunu Fortunamag.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı söyləyib.
Bildirilib ki, xüsusilə qarşılıqlı qastrol səfərləri, dramaturji mübadilə, ustad dərsləri və yaradıcı heyətlər arasında əməkdaşlıq teatrlarımızın inkişafına mühüm töhfə verəcək: “Azərbaycanda Çin mədəniyyətinə və Çin teatrına böyük maraq var və biz inanırıq ki, bu maraq real səhnə layihələri ilə daha da möhkəmlənəcək. Dünya teatr mühitində özünəməxsus yeri olan Çin teatrları ilə qurulan bu əməkdaşlıq teatr sənətimizin daha da zənginləşməsinə xidmət edəcək”,- deyə mətbuat katibi vurğulayıb.
Xatırladaq ki, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çinə səfəri çərçivəsində Çin Milli Dram Teatrının direktoru Tian Qinxin ilə görüşüb. 2026-cı ildə iki teatr arasında memorandumun imzalanması qərara alınıb.
Fortunamag.az