Zeynəb Xanlarova : Dünyanı dolaşan Azərbaycan səsi
Bu gün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, səsi ilə zamanları aşan, səhnəyə ruh, sözə can verən Zeynəb Xanlarovanın doğum günüdür.
Fortunamag.az saytı olaraq Xalq artistini ad günü münasibətilə ürəkdən təbrik edir, bu əlamətdar gündə onun sənət yolunda çoxlarının bilmədiyi, az xatırlanan məqamları oxucularımıza təqdim edirik.
28 dekabr 1936-cı ildə Bakının Dağlı məhəlləsində dünyaya göz açan Zeynəb Yəhya qızı Xanlarova taleyinin onu böyük səhnələrə aparacağını bəlkə də uşaq yaşlarında bilmirdi. Amma Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı məktəbdə oxuyan sadə bir qızcığazın səsindəki işıq, ruhundakı yanğı sənət nəhənglərinin diqqətindən yayınmadı.
Şəhər bədii özfəaliyyət kollektivində “Azərbaycan maralı” xalq mahnısını ifa edərkən münsiflər heyətində əyləşən Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli kimi dahilər bu səsin taleyini elə həmin gün yazdılar. Dövlət Filarmoniyasında qazandığı birincilik Zeynəb Xanlarovanın böyük sənət yolunun ilk parlaq addımı oldu.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirən sənətkar elə həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başladı. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında yaratdığı Leyli və Əsli obrazları Azərbaycan səhnə tarixində silinməz iz buraxdı.
Zeynəb Xanlarova təkcə səsi ilə deyil, səhnə davranışı ilə də bir məktəb yaratdı. Ondan əvvəl ifaçılar səhnədə demək olar ki, hərəkətsiz oxuyurdular. O isə səhnəyə canlılıq, temperament, qadın enerjisi gətirdi. Təsadüfi deyil ki, uzun illər yeni il gecələri dövlət televiziyasında ilk səslənən ifa Zeynəb Xanlarovanın səsi olurdu. Bu artıq bir ənənəyə çevrilmişdi.
Muğam, təsnif, xalq mahnıları, bəstəkar yaradıcılığı onun repertuarında bir bütöv kimi səslənirdi. “Şahnaz”, “Mahur”, “Qatar”, “Bayatı-Şiraz” muğamları onun ifasında yeni nəfəs qazandı. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamını ilk dəfə cəsarətlə ifa edən də məhz Zeynəb Xanlarova oldu. O, bu muğamla qadın səsinin imkanlarını yenidən tanıtdı.
Zeynəb Xanlarova dünyanın ən ekstremal məkanlarında belə Azərbaycan musiqisini səsləndirib. Yəməndə +50 dərəcə istidə açıq havada konsert verməsi, Əfqanıstanda tankların, pulemyotların müşayiəti ilə səhnəyə çıxması artıq əfsanəyə çevrilib. Əfqanıstanın o dövrkü rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeni ilə təltif edilməsi onun sənətinə olan hörmətin göstəricisidir.
Keçmiş SSRİ-dən və Azərbaycandan Yaponiyada konsert verən ilk müğənni olması isə Zeynəb Xanlarovanın sənət coğrafiyasının nə qədər geniş olduğunu sübut edir. Onun mahnıları az qala hitə çevrilir, dillərdə dolaşırdı. Bu gün belə Azərbaycan musiqi tarixində onun qədər geniş tanınan sənətkar tapmaq çətindir.
Çernobıl faciəsi zamanı konsertlərindən qazandığı böyük məbləği zərərçəkənlərə bağışlaması Zeynəb Xanlarovanın yalnız sənətkar deyil, həm də böyük insan olduğunu göstərdi. Məhz onun bu addımı sayəsində yardım siyahısında Azərbaycanın adı layiqli yer aldı.
Zeynəb Xanlarova təkcə səhnədə deyil, ictimai-siyasi həyatda da fəal olub. Azərbaycan SSR Ali Sovetinin XI və XII çağırış, Azərbaycan Respublikası Milli Məclisinin isə I–V çağırış deputatı kimi uzun illər xalqı təmsil edib.
1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarını alan sənətkar 1996-cı ildə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə isə “Heydər Əliyev” ordenlərinə layiq görülüb.
Bu gün Zeynəb Xanlarova təkcə bir müğənni deyil, bir dövr, bir məktəb, bir ruhdur. Onun səsi illəri aşır, nəsilləri birləşdirir, Azərbaycan musiqisinin yaddaşı kimi yaşayır.
Ad gününüz mübarək!
Fortunamag.az
