Zəfər Günü Niderlandda böyük coşqu ilə qeyd edilib
Niderland Krallığının siyasi və inzibati mərkəzi olan Haaqa şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə bayram ab-havası yaşanıb. Şəhərin ən nüfuzlu mədəniyyət mərkəzlərindən olan Milli Teatrda (Het Nationale Theater) “Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri” adlı konsert proqramı baş tutub. Tədbir Azərbaycanın Niderlanddakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Səfirlikdən Fortunamag.az-a bildirilib ki, tədbirə Niderlandın dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi, ictimai, işgüzar, mədəniyyət və akademik dairələrin nümayəndələri, media təmsilçiləri, Azərbaycan icmasının üzvləri qatılıblar. Tədbirdə, habelə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov iştirak edib.
Konsertin başlanğıcında 2021-ci ildə Şuşada – Cıdır düzündə keçirilmiş “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş etdirilib. Bu möhtəşəm ifa fonunda Şuşanın füsunkar mənzərələri və festivalın unudulmaz anları tədbirə dərin emosional ovqat bəxş edib, salonda duyğulu anlar yaşanıb.
Ardınca çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bu təsirli səhnənin rəmzi mənasını vurğulayaraq bildirib ki, “Bayatı-Şiraz” muğamı uzun illər ərzində işğal dövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və Vətənə qayıdış ümidinin simvoluna çevrilmişdi və bu həsrət artıq beş ildir geridə qalıb, tarixi ədalət bərpa olunub. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini xatırladan diplomat bu fikirlərin Azərbaycan xalqının qürur salnaməsinə həkk olunduğunu, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, bölgəmizdə sülh və sabitliyin bərqərar olunduğunu vurğulayıb.
Fortunamag.az
