“Xarıbülbül” yay düşərgəsi başlayıb
Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinə start verilib.
Düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad ediblər. Daha sonra Quba Olimpiya və İdman Kompleksində açılış tədbiri keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılışdan sonra iştirakçılara düşərgə proqramı haqqında ətraflı məlumat verilib, gənclər təlimatlandırılıb, həmçinin onlar üçün müxtəlif şəbəkələşmə və idman oyunları təşkil olunub.
Qeyd edək ki, 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edəcək düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması, şəxsi inkişaf yönümlü mövzularda təlim və seminarlar, peşəkarlarla görüşlər, yaradıcı master-klaslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideya və layihə təkliflərinin müzakirəsi keçiriləcək.
Fortunamag.az
