• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Üzeyir Hacıbəyov: Həyatı, Yaradıcılığı, İrsi

01.09.2025
Tale simfoniyası, Xəbərlər
Üzeyir Hacıbəyov: Həyatı, Yaradıcılığı, İrsi
Share on FacebookShare on Twitter

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci il tarixində Ağcabədidə anadan olmuşdur. Ata­sı Əb­dül­hü­seyn bəy, ana­sı Şi­rin­bə­yim xa­nım­dır. Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım isə Əliverdibəyovlar nəslindən gəlirdi. Ümumilikdə ailədə üç qardaş və iki bacı var idi. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və Üzeyir Hacıbəyov məhz elə burada böyüdü. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki onun Üzeyir Hacıbəyov kimi bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Üzeyir Hacıbəyovun anası Şirinbəyim Əliverdibəyova da şairənin evində böyümüşdür. Bütün bunlar Üzeyir Hacıbəyovun dahi bir bəstəkar olmasına səbəb olan ilk amillər və addımlardır.Natəvanla tanışlıq gənc Üzeyir Hacıbəyov  üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı.  Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid “Leylinin qəbri üzərində Məcnun” (“Leyli və Məcnun” sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir Hacıbəyov qoşma xorda oxuyurdu.

Mədrəsə təhsilini və iki illik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. Bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış oldu. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul oldu. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub. 1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs demişdir və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədirdi. 1914–1918-ci illərdə “Yeni iqbal” qəzetinin redaktoru, sonra sahibi oldu, daha sonra “Azərbaycan” qəzetinin redaktoru olmuşdur. 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərini idarə edirdi.

1931-ci ildə xalq çalğı alətləri orkestrini, 1936-cı ildə isə dövlət xorunu təşkil etdi. 7 may 1938-ci ildə Üzeyir bəy partiyaya qəbul üçün müraciət etdi və Sov. İKP MK onun xidmətlərini və Azərbaycan SSR KP MK-nın vəsatətini nəzərə alaraq, istisna hal kimi namizədlik təcrübəsi keçmədən onu partiya sıralarına qəbul etdi. 1938-ci ildə Hacıbəyov “Lenin” ordeni ilə təltif edildi və SSRİ xalq artisti adına layiq görüldü. Bir il sonra bəstəkar Azərbaycan Konservatoriyasının rektoru təyin edildi və həmin 1939-cu ildə SSRİ Bəstəkarlar İttifaqının 1-ci qurultayının təşkilat komitəsinin üzvü seçildi. Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir. 1943-cü ildə tank kolonunun inşası üçün öz cibindən 25.000 rubl bağışladı.

 

1904-cü ildən 1920-ci ilə qədər mətbuatda 600-ə qədər müxtəlif məzmunlu məqalələr yazsa da sovet işğalından sonra vəfat edənə qədər cəmi 30 məqalə yazıb. Bu məqalələrin də əksəriyyəti musiqi ilə bağlı olub.

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, “Monolit” binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olundu.

 

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib; onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyniadlı poeması əsasında ilk Azərbaycan operası “Leyli və Məcnun”u yaratdı. 1909-cu ildə yaratdığı “Şeyx Sənan” adlı ikinci operası üslubuna görə sələf xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi. 1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulmuşdur “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşud Banu” (1911), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915). Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə “Stalin” mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır: “Ər və arvad” (1909), “O, olmasın bu olsun” (1910) və “Arşın mal alan” (1913). Hacıbəyov “Koroğlu” operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış “Firuzə” operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.

Üzeyir Hacıbəyli Nizami Gəncəvinin sözlərinə “Sənsiz” (1941) və “Sevgili canan” (1943) kimi əsərlər yaradaraq “romans-qəzəl” adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur. Viktor Vinoqradov “Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi” kitabında yazır:

“…Onun xidmətləri həqiqətən böyükdür. Təsadüf deyil ki, Azərbaycanda opera kütləvi musiqi janrıdır.…”

— (Viktor Vinoqradovun “Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi” kitabından)

1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi, lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən “dövlət” statusunu aldı.

Üzeyir Hacıbəyov — Azərbaycan musiqisinin memarı, xalqın ruhunu notlarla danışdıran dahi sənətkar. Onun irsi yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşını əks etdirir. Bu böyük bəstəkarın doğum günü — 18 sentyabr — hər il Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix təkcə bir şəxsin xatirəsini anmaq deyil, eyni zamanda milli musiqi mədəniyyətimizin zəfərini qeyd etməkdir.

Zaman keçsə də, Üzeyir bəyin adı və əməlləri yaddaşlardan silinmir. Bu gün Bakı Musiqi Akademiyası (əvvəlki adı ilə Azərbaycan Dövlət Konservatoriyası), Azərbaycan Dövlət Simfonik Orkestri və Bakının bir küçəsi Üzeyir Hacıbəyovun adına layiq görülmüşdür. Habelə, Azərbaycanda mədəniyyət sahəsində xidmətlərə görə verilən dövlət mükafatı da onun adını daşıyır.

Dahi bəstəkarın xatirəsi həm də abidələr və muzeylər şəklində yaşadılır. 1956-cı ildə məzarının üstündə (müəllif: Ömər Eldarov), 1960-cı ildə isə Konservatoriyanın qarşısında (müəllif: T. Məmmədov) ucaldılmış abidələr onun əziz xatirəsini yaşadan simvollardır. 1959-cu ildə Şuşada, 1975-ci ildə isə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyləri fəaliyyətə başlamışdır.

Onun həyatı və yaradıcılığı həm sənədli, həm də bədii filmlərə mövzu olmuşdur. 1976-cı ildə Xamiz Muradovun, 1986-cı ildə Zaur Məhərrəmovun rejissorluğu ilə “Azərbaycanfilm” Kinostudiyası tərəfindən iki sənədli film çəkilmiş, 1981-ci ildə isə yazıçı-dramaturq Anarın rejissorluğu ilə “Üzeyir ömrü” adlı bədii film ekranlara çıxmışdır. Hacıbəyov rolunu tanınmış aktyor Hüseynağa Atakişiyev canlandırmışdır.

Üzeyir bəyin yaradıcılığı Azərbaycan sərhədlərini aşaraq beynəlxalq miqyasda da tanınmışdır. 2006-cı ildə Vyanada, 2011-ci ildə Serbiyanın Novi Sad şəhərində, 14 yanvar 2021-ci ildə büstü Şuşada onun büstləri ucaldılmış, 2008-ci ildə YUNESKO-nun himayəsi ilə “Leyli və Məcnun” operasının 100 illiyi təntənə ilə qeyd olunmuşdur. 9 dekabr 2020-ci ildə isə Sankt-Peterburqdakı şəhər bağçalarından biri Üzeyir Hacıbəyovun adını daşımağa başladı.

Bütün bunlar bir daha onu göstərir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan mədəniyyətinə, incəsənətinə və sənət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşırlar. Onların dəstəyi sayəsində milli musiqi irsimiz daha geniş şəkildə dünyaya tanıdılır, klassik sənətkarların irsi isə qorunaraq gələcək nəsillərə ötürülür. Üzeyir Hacıbəyovun yaradıcılığına olan yüksək münasibət də bu dövlət siyasətinin bariz nümunəsidir. Onların rəhbərliyi ilə Üzeyir sənətinə verilən dəyər təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inamın təcəssümüdür. Bu diqqət sayəsində mədəniyyətimiz daim inkişaf edir və yeni zirvələr fəth edir.

 

Fortunamag.az

 

 

 

 

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.