Tarın sinədə döyünən ürəyi – Sadıqcan
Tarın simlərində titrəyən hər avaz, muğamın dərinliyində gizlənən hər ah elə bil bir ürəkdən gəlir. O ürək Sadıqcan idi. Tarı dizdən sinəyə qaldıran bu sənətkar sanki aləti öz ruhuna bağladı, onunla danışdı, onunla düşündü. Sadıqcan üçün tar sadəcə musiqi aləti deyildi – o, xalqın yaddaşı, zamanın səsi idi. Bu səs Şuşanın daş küçələrindən qalxıb Qafqazı, Şərqi dolaşdı və bu günə qədər gəlib çatdı.
Fortunamag.az bildirir ki, Mirzə Əsəd oğlu Sadıq (Sadıqcan) 1846-cı ildə Şuşa şəhərində, kasıb bir ailədə anadan olub. Atası gözətçi işləyirdi. Şuşanın zəngin mədəni mühiti onun musiqiyə bağlılığının formalaşmasında mühüm rol oynadı. Uşaq yaşlarından gözəl səsi ilə seçilən Sadıq Xarrat Qulunun musiqi məktəbində təhsil aldı. Lakin 18 yaşında səsini itirməsi onun xanəndəlik yolunu yarımçıq qoydu.
Bu itki Sadıqcanı sənətdən uzaqlaşdırmadı. Əksinə, o, tütək, ney, kamança çalmağı öyrəndi və nəhayət, özünü tarda tapdı. Məşhur tarzən Mirzə Muxtar Məmmədovun şagirdi oldu və qısa zamanda ustadını belə heyran edən virtuoz ifaçıya çevrildi. Onun barmaqlarının gücü, texnikası və improvizasiya bacarığı Sadıqcanı dövrünün ən məşhur tarzəninə çevirdi.
Məharətli ifası ilə özünə çoxlu pərəstişkar qazanan Sadıqcanın paxıllığını çəkənlər də olur. Təbiətən xeyirxah və nəcib olan Sadıqcan həcvlərə dözməyərək Qarabağa qayıtdı. Mahmud ağa Sadıqcanın getməsindən çox kədərləndi. Bu səbəbdən də Şirvanda böyük nüfuza, hörmətə sahib olan Seyid Əzim Şirvanidən xahiş edib ki, Sadıqcanı geri qaytarmaqda ona kömək etsin. Seyid Əzim məktub yazsa da, ismarış göndərsə də, Sadıqcan geri qayıtmadı. Hətta Mahmud ağa tarzəni qonaq da çağırsa da, Sadıqcan sözündən dönmədi. O zaman Xurşidbanu Natəvan da Sadıqcanın xətrini həddən artıq istəyirdi. Demək olar ki, Sadıqcan Xan qızının məclislərinin yaraşığı idi. “Məclisi-üns” də Sadıqsız keçinməzdi. Deyilənlərə görə, Sadığın üstündə Mahmud ağa ilə Natəvan arasında uzun illər yazışma olub. Mahmud ağa Sadıqcanı öz yanına çağırırdı, Xan qızı da tarzəni öz məclislərindən getməyə icazə vermirdi. İş o yerə çatmışdı ki, Seyid Əzim Şirvani Sadıqcanın arxasınca Şuşaya üz tutdu. Şirvani, Sadıqcanın iştirak etdiyi toy məclislərinin, el şənliklərinin şahidi olur.[5] İlhama gələn Seyid Əzim Şirvani Şuşa haqqında belə bir beyt də söyləyir:
” Şəhri-Qarabağa Şişə qoymuşlar ad,
Bu şəhər pərilərdən olubdur abad.
Təxsiri-pəri Şişədə qalmaq xoşdur,
Amma bu pərilərin əlindən fəryad.
Seyid Əzim Şirvani
Sadıqcan təkcə ifaçı deyildi. O, Azərbaycan tarını köklü şəkildə təkmilləşdirdi: simlərin sayını artırdı, pərdələri yenidən qurdu, tarı ilk dəfə sinədə çalmağa başladı. Bu yeniliklər muğam ifaçılığında yeni mərhələ açdı. “Segah”, “Mahur”, “Mirzə Hüseyn Segahı” kimi muğamların inkişafı onun adı ilə bağlıdır.
1890-cı illərdə Şuşada yaratdığı ansambl, yetişdirdiyi şagirdlər və muğama verdiyi töhfələr Sadıqcanı Azərbaycan musiqi tarixində silinməz bir şəxsiyyətə çevirdi. O, 1902-ci ildə Şuşada vəfat etdi, lakin tarın hər səsində, muğamın hər nəfəsində yaşamaqda davam edir.
