“Tağıyev: Neft” filmini 98-ci “Oskar” mükafatına namizəd təqdim edib
“Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının Oskar Mükafatına namizəd təqdim edilib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, film “Bakı Media Mərkəzi” tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub. Ekran əsəri Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qeyri-adi həyatını və irsini işıqlandırır. Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejisoru Zaur Qasımzadədir.
Amerika Kino Akademiyası Mükafatları (“Oskar”) üzrə Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev bildirib: “Bu filmin ‘Oskar’ Kino Akademiyasına təqdim edilməsi milli kinematoqrafiyamızın beynəlxalq miqyasda tanınmasına töhfəmizdir”.
“Tağıyev: Neft” filminin təqdimatı ilə Azərbaycan, özünəməxsus mədəni irsini və zəngin tarixini beynəlxalq auditoriyaya çatdırır. Kino Sənəti və Elmləri Akademiyası (“Oskar” Akademiyası) “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə uzun siyahını oktyabr, qısa siyahını dekabrda, əsas nominasiyaları isə 2026-cı ilin yanvarında elan edəcək. 98-ci “Oskar” Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.
Fortunamag.az