Təhsildə süni intellekt: fürsət, yoxsa risk?
Süni intellekt (Sİ) müəllimlərin iş yükünü əhəmiyyətli dərəcədə azaldır, şagirdlərin materialı mənimsəməsinə kömək edir və gündəlik tapşırıqların avtomatlaşdırılmasını təmin edir – məsələn, dərs planlarının hazırlanması və hesabatların yazılması kimi. Bu barədə Uelsin təhsil nəzarət qurumu olan Estynin yeni hesabatında qeyd olunur.
Bununla belə, məktəblər süni intellektin etik baxımdan istifadəsi və onun tədris bacarıqlarına potensial mənfi təsiri ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Swansea şəhərində yerləşən Birchgrove Orta Məktəbində süni intellekt artıq İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) proqramının bir hissəsinə çevrilib. Burada şagirdlərə süni intellektdən məsuliyyətli istifadə qaydaları öyrədilir, eyni zamanda müəllimlərə rəqəmsal savadlılıq bacarıqları aşılanır.
“Əgər görsək ki, şagird süni intellektdən istifadə edir, onu qadağan etmirik – əksinə, doğru və məsuliyyətli şəkildə istifadə etməyi öyrədirik. Bu isə müsbət nəticə verir”, – deyə məktəbin rəqəmsal təşəbbüslər üzrə rəhbəri Ryan Cresswell bildirir.
Onun sözlərinə görə, bəzi əsaslı narahatlıqlar da mövcuddur: Sİ-nin öyrədici alət əvəzinə asan yol kimi istifadə olunması təhlükəsi. Bəzi müəllimlər isə belə sual verir: “Şagird bu işi özü yazıb, yoxsa süni intellekt vasitəsilə təqdim edib?” Cresswell cavab verir:
“Biz öz şagirdlərimizi tanıyırıq, onların nəyə qadir olduğunu gündəlik dərslərdə müşahidə edirik.”

Süni intellekt təhsildə necə kömək edir?
Şagirdlər süni intellektdən aşağıdakı məqsədlərlə istifadə edirlər:
Konspektləri qısaca xülasə etmək;
İmtahanlara hazırlıq üçün test sualları hazırlatmaq;
Mürəkkəb mövzuları sadə dildə izah etdirmək.
“Əgər dərsdə bir şeyi anlamasam, süni intellektə sual verirəm – o mənə izah edir”, – deyir bir şagird.
“Amma cavabın doğruluğundan əmin olmaq üçün mütləq başqa saytlardan da yoxlayıram”, – əlavə edir digər şagird.
Faydası var, amma ehtiyatlı olmaq şərtdir
Estyn hesabatında aşağıdakılar qeyd olunur:
•Süni intellektin məktəblərdə tətbiqi hələ ilkin mərhələdədir – əsasən texnologiyaya maraqlı və rəqəmsal cəhətdən savadlı müəllimlər tərəfindən aparılır;
•Müəllimlər və fənlər arasında bu texnologiyadan istifadə səviyyəsi çox fərqlidir;
•Bəzi məktəblərdə məktub və hesabatların hazırlanması süni intellektlə həyata keçirilir ki, bu da müəllimlərin inzibati yükünü xeyli azaldır;
•Eyni zamanda, əlavə ehtiyaclı şagirdlər üçün fərdi tədris materiallarının hazırlanmasında Sİ faydalı olur.
Lakin bir çox müəllimlər etibarlılıq, qərəz və informasiya təhlükəsizliyi ilə bağlı risklər səbəbindən ehtiyatlı yanaşmanı davam etdirirlər.
Fortunamag.az
Mənbə: BBC — Schools ‘excited but wary’ of AI

