Sözün alovunda yanan ömür: Mirvarid Dilbazi
Azərbaycanın ilk qadın Xalq şairi
Qazaxın dərələrində, badam ağaclarının ətəyində, 1912-ci ilin isti avqust səhərində dünyaya gələn Mirvarid bir nəsilin, bir millətin qəlbini daşıyan nurlu bir sima idi. Onun taleyi çoxdan yazılmış xətt kimi sadə yox, küləkli dağ yolları kimi enişli-yoxuşlu, zəhmət dolu, əzablı, amma ümidlə dolu idi.
Fortunamag.az bildirir ki, uşaqlıq illəri zəhərə batmış badam kimi acı, həzin xatirələrlə doludur. Mirvaridin atası dünyasını dəyişdi, sonra nənə-babası iztirablarla üzləşdi, ailənin ağır yükü onun cavan çiyinlərinə düşdü. Bu həyat ona bir xanım kimi deyil, bir döyüşçü kimi formalaşmağa məcbur etdi. Taleyin sərt sınaqları qarşısında o, sözlə, qələmlə, könülündəki məhəbbətlə dirəndi.
Böyük nəsillərin varisi olaraq, Dilbazilər soyunun tarixindən, qürurundan qidalanan Mirvarid, təkcə ailəsinin deyil, bütöv bir xalqın acılarını da ürəyində daşıdı. Onun babası Mustafa ağa, dayıları, əcdadları sovet rejiminin sərt əlindən əziyyət çəkmiş, sürgünə, həbsə məruz qalmışdı. Onların yaşadıqları faciələr Mirvaridin ruhunda dərin izlər buraxdı.
Bakıya gələn gənc qız kimi o, ən çətin maddi şəraitdə oxuyub, tərbiyə aldı. Bəzən qaranlıq otaqda, pəncərəsi taxta ilə bağlanmış evdə, üzərində qızıl medallar daşıyan paltarları ilə əzab və ümidi yan-yana yaşatdı. Müəllimlik etdi, şeir yazdı, oxudu, yaratdı. Hər misrası sanki qanlı tariximizin izlərini daşıyırdı.
Mirvarid Dilbazi yalnız poeziya ilə kifayətlənmədi, xalqın dərdini, sevincini, azadlıq eşqini, milli şüurunu yüksəltmək üçün yazdı. O, elə zamanlarda yazdı ki, sözün gücü ən böyük silah idi. İki dünya müharibəsi, Sovet rejiminin repressiyaları, sürgünlər, 20 Yanvar faciəsi onun əsərlərində və ruhunda əks olundu.
Amma Mirvaridin qəlbi sarsılmadı, o, hər zaman ümidlə yaşadı, xalqına sevgi ilə səsləndi. Şeirində “Odum, ocağım, Ana qucağım — Qalsam həyatım, Ölsəm torpağım, Azərbaycanım!” deyərək öz həyatının dağını, yanğını, sevincini xalqın taleyi ilə bütövləşdirdi.
Onun yaradıcılığı yalnız ədəbiyyat deyil, həm də milli ruhun, müqavimətin əbədilik simvoludur. Sözün alovlu dilində o, azadlıq arzularını, insanın ən saf hisslərini əks etdirdi. Şeirindəki hər kəlmə həm xalqına, həm də gələcək nəsillərə böyük dərs oldu.
Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verildi.
Mirvarid Dilbazi ömrünün sonuna qədər sənətin, Vətən sevgisinin alovunu qorudu. 2001-ci ilin iyulunda vəfat etdi.
Fortunamag.az
