• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Fortunanın qonağı

Sözlər əvəzinə danışan sənət: Batuxan Baymen

26.09.2025
Fortunanın qonağı, Mədəniyyət, Xəbərlər
Sözlər əvəzinə danışan sənət: Batuxan Baymen
Share on FacebookShare on Twitter

Zaman — inadkar və amansız bir anlayışdır. Dayanmadan irəliləyir, insana nə fasilə verir, nə də bir anlıq durub nəfəs almağa və düşünməyə imkan tanıyır. Amma elə insanlar var ki, bu axını dayandıra, zamanın özünü tutub saxlaya və onu bütün çılpaqlığı ilə insanın qarşısına çıxara bilirlər. Bu insanlar — rəssamlardır. Onlar zamanın içində gizlənmişləri — ağrını, narahatlığı, itkini, ümidi və sualı — gündəlik həyatın tozu-torpağı arasından çəkib çıxarırlar.

Bu müsahibənin qəhrəmanı isə sadəcə sənətçi deyil — varlığının özü ilə sənət olan bir insandır. O, rəsmlər çəkmir, o danışır. Hər əsəri bir vizual ifadədir — şəxsi ağrılarla bir xalqın taleyinin iç-içə keçdiyi, keçmişin xatirələri ilə bu günün reallıqlarının toqquşduğu dərin mənalı bədii dillə yazılmış bir monoloq. Onun əsərləri cəmiyyətə yönələn bir çağırışdır, amma bu çağırış qəlbin dərinliklərindən gəlir.

Batuxan Baymen — müasir Qazaxıstanın aparıcı qrafika rəssamlarından biridir. O, linorəsm texnikasında yenilikçi yanaşması və milli təsviri sənətin inkişafına verdiyi əhəmiyyətli töhfə ilə tanınır. Rəssam Qazaxıstan Rəssamlar İttifaqının üzvü, Fransanın Mondial Art Academia təşkilatının üzvü, “Mədəniyyət xadimi” döş nişanının sahibi və “Təsviri sənətə verdiyi töhfəyə görə” medalı ilə təltif olunub.

Ustadla görüşümüz Azərbaycan Rəssamlar İttifaqında — onun şəxsi sərgisində baş tutdu. Hər bir əsərdə zamanın səsi duyulurdu: narahatlıq, ağrı və ümidin titrək notları… Məhz bu düşüncə və sənət məkanında səmimi və dərin söhbətimiz baş verdi.

— Sizin sərginiz sadəcə sənət əsərlərinin toplusu deyil — bu, güclü və təsirli bir fikrin ifadəsidir. Əsərləriniz çox ifadəlidir, obrazlarla, mənalarla zəngindir. Deyin, yaradıcılığınız vasitəsilə insanlara hansı psixoloji mesajı vermək istəyirsiniz? Tamaşaçıya nə demək istəyirsiniz?

— Bilirsiniz, əgər çox qısa cavab versəm — xəbərdarlıq edirəm. Hara getdiyimizi göstərməyə çalışıram. Müasir insan get-gedə öz tarixini, köklərini unudur. Kütlə istehlak, selfi və zahiri göstərişlərin kultu ilə yaşayır — amma dərin mənalar gözdən itir.

Mənim əsərlərim sadəcə rəsmlər deyil — bunlar zorakılıq, qəddarlıq və artıq adi hala çevrilmiş şiddət üzərində düşüncələrimdir. Bu, məni narahat edir. Bu, ağrılıdır. Mən sadəcə demək istəyirəm: belə olmaz.

Rəssam zamanla ayaqlaşmamalıdır. O, zamanın qabağında getməlidir. Yol göstərməlidir.

— Siz demişdiniz ki, əsərlərinizdə çoxlu tarixi və ədəbiyyatla bağlı motivlər var. Məsələn, mən “İskəndərin Divarı”na və Nəvainin poemalarına işarələri gördüm. Siz klassikanı müasirliklə birləşdirirsiniz?

—Bəli, tarix təkrarlanır. Biz qədim dərsləri unuduruq və bu bizi fəlakətə aparır. Mən göstərmək istəyirəm ki, müasirlik əbədi süjetlərdə necə əks olunur. Bu da mənim mesajımdır.

— Əsərlərinizdəki insanların üzlərinə baxanda, onların gözlərində ağrı hiss olunur. Əllərində telefon olsa belə — bu sevinc deyil, bu qorxudur.

— Çünki bu, bəzi müasir insanların daxilindəki vəziyyətdir. Və — mənim də. İnsan obrazları, heyvanlar, məkanlar vasitəsilə mən öz daxili vəziyyətimi ötürürəm. Bu, mənim ağrımdır. Bu əsərlər — aynasız çəkilmiş avtoportretlərimdir. Mənim özüməm, bu dünyanın içindəki halımla.

—Bəs, nədir bu ağrı?

—Bu suala dərhal cavab vermək çətindir. Ağrı — itki deməkdir. Bu dünyada özünü itirmək. Əgər özünü itirirsənsə, deməli, xalqını da itirirsən. Millətini də. Mən öz işlərimdə bu itkinin, buraxılmış fürsətlərin, keçmişdə buraxdığımız səhvlərin ağrısını yaşayıram. Bütün bunlar — mənim daxili dünyamdır.

“Son köçəri” adlı əsərimə baxın. Orada bir qanadlı at yerə yıxılır. Qanadları yoxdur artıq. Hamı onu ötüb keçir. Unudurlar. O — mənəm. Budur mənim ağrım.

—Yaradıcılıq böhranı və ya yorğunluq hiss etdiyiniz vaxtlarda özünüzü necə toparlayırsınız?

—Yorulanda — bu, yaxşıdır. Bu, o deməkdir ki, yenilənmə gələcək. Bəzən skizləri bilərəkdən həftələrlə bir kənara qoyuram. Onlara baxmıram. Sonra qayıdıram — və tamam başqa cür görürəm. Elə olur ki, işi tam dəyişirəm, ya da ondan imtina edirəm.

Həyat yoldaşım bəzən deyir: “Bütün bunlara niyə vaxt sərf edirsən?” Bu qədər zəhmət, bu qədər saat… Amma mən belə yaşaya bilmirəm. Bu, mənim yolumdur.

—Bəs çətinliklərdə güc nədədir?

—Mən praktik insanam. Uşaqlıqdan çətinliklər içində böyümüşəm. Mən kənddənəm. Ailəmizdə on bir uşaq idik. Mən ən böyüyü idim. Uşaqlıqdan ev tikirdim, kömək edirdim, işləyirdim. Əgər həyatda çətinliklər olmasaydı — mən, bəlkə də, darıxardım. Mən çətinliyi sevirəm. Mən mübarizəni sevirəm. Mənim üçün çətinlik — əngəl deyil, məqsəddir.

—Siz yaxınlarda demişdiniz ki, keçid dövründəsiniz. Yeni düşüncə mərhələsinə keçmək istəyirsiniz. Nə mane olur?

—Mən hiss edirəm ki, artıq özümü əvvəlki kimi ifadə edə bilmirəm. Nəsə dəyişməlidir — həm texnika, həm də ideya. Dünyaya başqa cür baxmaq lazımdır. Amma bu yenilik içdən gəlməlidir. Onu süni şəkildə gətirmək mümkün deyil. O, yetişməlidir.

—Sizin əsərlərinizdəki insanlar hara gedirlər,  yoxsa hələ də çıxılmazdadırlar?

—Mən inanıram ki, onlar işığa doğru gedirlər. Çünki sənət yalnız güzgü deyil — o həm də yoldur. Rəssam, şair, aktyor — biz hamımız məsuliyyət daşıyırıq. Biz yol göstərməliyik, fikir verməliyik, tamaşaçını tərbiyə etməliyik. Yaxud heç olmasa xəbərdarlıq etməliyik.

—Bəs sizin uğur formulunuz nədir?

—İşləmək. Dayanmadan işləmək. Amma medallar və ordenlər üçün yox. Mən elə rəssamlar tanıyıram ki, mükafatlar alıblar — və sonra yoxa çıxıblar. Uğur — zahiri şey deyil. Uğur odur ki, səndən sonra bir fikir, bir iş, bir iz qalsın. Medallar insanı əbədiləşdirmir. Əsərlər əbədiləşdirir.

—Siz qeyd etdiniz ki, sizin ayrıca meneceriniz yoxdur, dəstəyiniz də. Hər şeyi özünüz edirsiniz?

—Bəli. Mən həm rəssamam, həm dülgərəm, həm çap ustasıyam, həm yükləyici, həm də menecer. Hər şey öz əlimdədir. Biz Avropa deyilik — burada sənin əvəzinə prosesləri təşkil edən bir sistem yoxdur. Dövlətin də bizə vaxtı yoxdur. Ona görə də gözləmək olmaz. Sadəcə işləmək lazımdır. Şikayət yox — əməl.

—Bəs xoşbəxtlik? Sizin üçün xoşbəxt an nədir?

 

—Mən xırda şeylərə sevinirəm. Yaxşı bir yuxu, gözəl bir gün. Əsər hazır olur və insanlar onun qarşısında dayanıb baxırsa — bu xoşbəxtlikdir. Bu, səhnəyə çıxıb alqış eşitmək kimidir. Biz də insanıq, bu bizə xoş gəlir.

—Bəs xoşbəxtlik? Sizin üçün xoşbəxt an nədir?

—Mən xırda şeylərə sevinirəm. Yaxşı bir yuxuya, gözəl bir günə… Rəsm tam hazır olanda və insanlar dayanıb ona baxanda — bu, xoşbəxtlikdir. Elə bil səhnəyə çıxırsan və alqış eşidirsən. Biz də insanıq, bizə də bu hisslər xoşdur.

—Bəs nədən arzular edirsiniz?

—Arzusuz yaşamaq olmaz. Arzu — insanın içindəki mühərrikdir. Hətta yuxularımda belə uçuram. Bu hiss məni yaradıcılıqda ilhamlandırır. Bəzən arzularım açıq şəkildə əsərlərimdə görünür, bəzən isə gizli qalır. Amma hər zaman mənimlədir.

—Oxucularımıza nə arzulayardınız?

—Sərgilərə gedin. Sənətlə ünsiyyətdə olun. Sənətsiz insan bir şeyini itirir — ruhunu. Sənət insanı tərbiyə edir, ümid verir, sağaldır. Gözəllik dünyanı yox — insanı xilas edir.

Diqqətinizə görə təşəkkür edirəm. Həm şəxsimə, həm  də əsərlərimə göstərilən diqqətə görə. Bu, mənim üçün çox dəyərlidir.

 

 

Müsahibəni apardı: Səidə Musayeva, “Fortuna” jurnalının baş redaktoru

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.