• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Andrey Pançılov : Sörfinq və İdman Sağlamlıq Mühitində Yeni Dövrün Başlanğıcı

24.09.2025
Biznes, Fortunanın qonağı, Xəbərlər
Andrey Pançılov : Sörfinq və İdman Sağlamlıq Mühitində Yeni Dövrün Başlanğıcı
Share on FacebookShare on Twitter

Bu gün “Fortuna” jurnalının qonağı, idman və sağlamlıq sahəsindəki böyük yeniliklərin müəllifi, “Sea Breeze”-də Sörfinq və idman sağlamllq kompleksın yaradıcılarından biri Andrey Pançılovdur. Onun rəhbərlik etdiyi layihə, Azərbaycanda idman və istirahət dünyasına yeni bir nəfəs gətirərək, həm yerli, həm də beynəlxalq səviyyədə idmançıların təlimi və inkişafı üçün mükəmməl şərait yaradır. Bu kompleksdə süni dalğalar, sörfinq və skeytbord kimi idman növləri ilə yanaşı, bərpa mərkəzləri, müasir məşqçilər və innovativ texnologiyalar bir araya gəlir. Andrey Pançılov bizə “Sea Breeze” ərazisində keçiriləcək bu layihənin məqsədini, özəl xüsusiyyətlərini və gələcək planlarını ətraflı şəkildə açıqlayacaq. Gəlin, onunla bu maraqlı və vizyoner layihənin arxasında duran ideyalara nəzər salaq.

– “Fortuna” jurnalına xoş gəlmisiniz! Andrey Pançılov zəhmət olmasa özünüz və “Sea Breeze”ərazisində keçiriləcək bu layihəniz haqqında danışın.

– Çox təşəkkür edirəm! Mənim adım Andrey, soyadım Pançılovdur. Biz Azərbaycana çoxfunksiyalı idman–sağlamlıq kompleksini yaratmaq üçün gəlmişik. Kompleksi kurort şəhəri olan “Sea Breeze”-də inşa edirik. Bu işdə bizə Emin Ağalarov da dəstək göstərir – həm torpaq sahəsinin ayrılması, həm də bütün kommunikasiya məsələlərinin həll olunması baxımından. Özümüzlə gətirdiyimiz texnologiyaları burada tətbiq edəcəyik. Burada süni dalğalar sistemi olacaq. Bununla yanaşı, biz gənclərə sörfinq öyrədəcəyik.

Sörfinq 2020-ci ildə Olimpiya proqramına daxil edilib və o vaxtdan sürətlə populyarlıq qazanıb. Prinsipcə, hər bir ölkənin öz nümayəndəsi ola bilər. Xüsusilə də dənizi olan ölkələr üçün bu artıq bir üstünlükdən çox, demək olar ki, öhdəlikdir. Sizdə də gözəl dəniz var. Baxmayaraq ki, sörfinq üçün şərait həmişə uyğun olmur, amma müəyyən yerlərdə, müəyyən vaxtlarda burda da dalğaya rast gəlmək mümkündür. Mən artıq burada sınaqdan keçirmişəm. Bu sahədə hazırlıq üçün isə süni dalğalar böyük imkan yaradır.

Bizim inşa etdiyimiz süni dalğa 120 metr uzunluqda, 53 metr enində və 1,5 metr hündürlükdə olacaq. Tamamilə təhlükəsizdir – həm yeni başlayanlar, həm də peşəkarlar üçün. Burada sörfinqin bütün texniki elementlərini məşq etmək mümkündür və bu da beynəlxalq yarışlarda iştirak üçün yaxşı hazırlıq bazası olacaq.

Bununla yanaşı, biz kompleksin daxilində skeytbord meydançaları tikirik – həm “park”, həm də “street” intizamı üzrə. Skeytbord da Olimpiya idman növüdür və 2024 Olimpiadasında izlənmə baxımından dünyada üçüncü yeri tutub.

Kompleks yalnız idman üçün deyil, həm də istirahət üçün nəzərdə tutulub. İnsanlar ailələri ilə gələ biləcək, uşaqlar məşq edərkən valideynlər hovuzun kənarında, bar və milli mətbəxin yeməkləri olan zonada dincələ biləcəklər. İdarəetmə binasında sağlam qidalanmaq üçün kafe, multibrend mağaza – idman geyimləri, gündəlik geyimlər və müxtəlif idman atributları (toplar, raketkalar və s.) satılacaq.

Kompleksdə bir neçə tennis kortu, voleybol meydançaları, çimərlik voleybolu və çimərlik tennis meydançası, həmçinin 3×3 basketbol meydançası olacaq. Bundan əlavə, biz idmançıların bərpa mərkəzi – “Reset-athlete Center” qururuq. Orada komandalara qalmaq, məşq etmək, qidalanmaq və öz bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılacaq. Yəni, bu əslində kiçik bir “İdman şəhərciyi”dir – həm öyrənmək, həm istirahət, həm də sağlamlıq üçün. Burada masaj, fizioterapiya, reabilitasiya xidmətləri də olacaq. İnsanlar həkimlərin nəzarəti altında analiz ediləcək, onların sağlamlıq göstəriciləri izlənəcək. Bu da aparılan müalicənin orqanizm üçün düzgün olması və zərərli olmaması, hər şeyin həkimlərin müşahidəsi altında aparılması üçün vacibdir.

–Bu kompleksdə digər idman növlərinə də yer veriləcəkmi?

– Bəli, mütləq. Bizim yüksək səviyyəli məşqçilərimiz var. Məsələn, Pedro Barbudo. O, portuqaliyalı məşqçidir. O, on beş il Portuqaliya yığmasını sörfinq üzrə çalışdırıb. Bizim baş məşqçimizdir. O, həmçinin bizim kompleksdəki məşqçiləri də akkreditasiya edəcək, çünki o beynəlxalq akkreditasiya hüququna malikdir. Onun proqramından keçənlər də akkreditasiya olunmuş məşqçi statusu alacaqlar.

Həmçinin bizim tərəfdaşımız Nikita Avdeyev var. O, hazırda peşəkar idmançıdır, “WSL” və “ISA”da çıxış edir, dörd qat Rusiya çempionudur, Avropa və Asiya üzrə dəfələrlə mükafatçıdır. O, eyni zamanda məşqlər üçün yeni texnologiyaların tətbiqinə də kömək edir. Yəni, sörfinq üzrə bizdə tam peşəkar heyət toplanıb. Və, əlbəttə, bizdə MMA döyüş növləri üzrə zal da olacaq. Çünki burda bu idman növünə maraq böyükdür. Bura gələn insanlar istəsələr, həm sörfinqlə məşğul ola, həm də Braziliya jiu-jitsusu və ya MMA üzrə məşq edə bilər.

Bundan başqa, çimərlik voleybolu üzrə, həmçinin skeytbord üzrə məktəb də fəaliyyət göstərəcək. Biz həm də müxtəlif tədbirlər təşkil edəcəyik – həm şəbəkələşmə xarakterli, həm də məşhur sənətçilərin çıxışları ilə əyləncə xarakterli. Onlar səhnəmizdə konsertlər verəcək və gələnlər üçün gözəl ab-hava yaradacaqlar. Belə bir cəmiyyət quracağıq.

–Yaş məhdudiyyəti olacaq?

– Bəli. Beş yaşdan başlayaraq. 5-90 yaş aralığında . Əgər yüz yaşınızda da lövhənin üstündə dura bilirsinizsə – xoş gəlmisiniz. Belə insanlar da tanıyırıq.

– Bu idman kompleksinin üstünlükləri nələrdir?

– Bizdə qalmaq da olar, sadəcə məşqlərə gəlmək də olar. Əlbəttə, sörfinq elə də asan idman növü deyil və irəliləyiş yalnız müntəzəm məşq sayəsində olur. Okean sahilində yaşayanlar daha sürətlə inkişaf edir. Amma okeanda risklər çoxdur – riflər, ilanlar, akulalar. Burada isə bunlar yoxdur.

Burada təhlükə yoxdur – nə dərinlikdən, nə də riflərdən narahat olmağa dəyməz. Yəni, tam təhlükəsizdir. Süni dalğada öyrəndikdən sonra isə birgə düşərgələrə getmək və istirahət etmək də mümkün olacaq.

– Bir dərsin müddəti nə qədərdir?

–Təxminən iki saat çəkir: yarım saat nəzəriyyə, bir saat suda təcrübə, sonra isə yarım saat məşqçinin gördüyü səhvlərin təhlili.

– Bəs insanların bu layihəyə olan marağını nə dərəcədə hiss edirsiniz?

– Mənim müşahidələrimə görə, maraq böyükdür. Artıq 150-dən çox insan qeydiyyatdan keçib. Saytımızda qeydiyyat var.

– Sizin saytınızı var?

– Surfseabreeze.com. Ora daxil olub qeydiyyatdan keçə bilərsiniz. Açılışa dəvət ediləcəksiniz və master-klassları da görə biləcəksiniz.

– Əsas missiyanız nədir ?

– Bizim missiyamız insanlara fayda verməkdir. Əsas məqsədimiz insanların qarşısına böyük hədəflər qoymaqdır. Bunun üçün çalışırıq ki, elə bir mühit yaradaq ki, insanlar gündəlik məşq etsin, inkişaf etsin və həm özlərinə, həm də ölkələrinə fayda gətirsinlər.

– “Fortuna” jurnalımız üçün nə arzulayardınız?

– “Fortuna” – gözəl addır. Mən hər kəsə uğur, xoşbəxtlik, rifah arzulayıram. Ən əsası – sağlamlığa diqqət yetirməyi, onu qorumağı və idmanla məşğul olmağı.

 

Müsahibəni apardı: Səidə Musayeva, Fortuna jurnalının baş redaktoru.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.