Şahdağ dil qrupuna aid xalqlar : Buduqlar
Buduqlar, Şahdağ etnik qrupuna daxil olan xalqlardan biridir və əsas yaşayış məskəni Quba rayonunun Buduq kəndidir. Bu kənd Böyük Qafqazın yüksək dağ yamacında, Qaraçayın sol sahilində yerləşir. Tarixi mənbələrə görə, XVIII əsrdə eyni adlı mahalın mərkəzi olmuş Buduq kəndi Əlik, Yergüc, Buduqqazma və Dağüstü kəndləri ilə həmsərhəddir. Təbiət gözəllikləri, xüsusən Buduq dərəsi və Axçid şəlaləsi bölgənin ən mənzərəli yerlərindən sayılır. Buduqlular Azərbaycan etnik tarixində özünəməxsus iz buraxıblar.
Digər Şahdağ etnosları kimi, buduqlular da erkən orta əsrlərdə Sasani basqınlarından qorunmaq məqsədilə Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşıblar. Bu, həm etnoqrafik materiallarla, həm də qədim toponimik məlumatlarla təsdiqlənir. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Tarixən nəsillərə və ailə birliklərinə bölünən buduqlular indi də həmin nəsillərin adları ilə tanınırlar.
Buduqlular oturaq həyat tərzi sürür, yalnız Buduq kəndində deyil, həm də Pirüstü və Qab Qazma kəndlərində yaşayırlar. Onlar özlərini “budad”, dillərini isə “budad-mez” adlandırırlar. Qrızlarla oxşar olaraq, buduqlar da Quba və Xaçmaz rayonlarının düzənlik ərazilərinə köçərək yeni yaşayış məskənləri salıblar. Köç zamanı əhali öz ata-baba yurdlarının adını yeni məskənlərinə daşıyıb, beləliklə nəsillərinin izi yaşadılıb.
Buduqların memarlıq və qəbir abidələrində Alban mədəniyyətinə xas astral inamlar, təbiət qüvvələrinə aid motivlər qorunub saxlanılıb. Eyni zamanda, islamın yayılmasından sonra qəbir daşlarında həm islam, həm də Alban incəsənəti elementləri birlikdə mövcud olub.
1833-cü ildə Buduq mahalına 19 kənd birləşdirilmiş və mahal mərkəzi həm inzibati, həm də mədəni mərkəz kimi inkişaf etmişdir. XX əsrin 60-cı illərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan Buduq və digər kəndlərdə həyat canlı idi; əkinçilik, maldarlıq və qoyunçuluq geniş vüsət almışdı. Lakin daha sonralar Qonaqkənd rayonunun ləğv edilməsi nəticəsində əkin sahələri sıradan çıxdı, kəndlər boşaldı və buduqluların aran torpaqlara köçü başladı.
Hazırda buduqlular Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayonlarında yaşayırlar. Həmçinin, onların Dağıstanda və Rusiyanın müxtəlif yerlərində də məskunlaşdıqları məlumdur. Quba rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli, Vladimirovka, Vəlvələ, Qəcərzeyid, Amsar, Qışlaq və digər kəndlərdə, Xaçmaz rayonunda isə Arzu, Hacıəlibəy, Ağyazı, Barisbol, Yergüc, Suxtakələ kəndlərində kompakt yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran və Siyəzən şəhər və kəndlərində də buduqlu ailələr mövcuddur.
Bundan əlavə, buduqluların Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Qaxın Qum kəndində, Göyçayda, İsmayıllıda, Qəbələdə və Şəkidə yaşadıqları barədə məlumatlar vardır.
Beləliklə, buduqlular həm tarixi, həm mədəni, həm də etnoqrafik baxımdan Azərbaycanın etnik mozaikası üçün əhəmiyyətli və özünəməxsus bir qrup təşkil edir. Onların qədim dağlıq yaşayış yerləri, Alban mədəniyyətindən qalan izlər və geniş coğrafiyada yayılmış məskənləri buduqluların tarix boyunca həm qoruyucu, həm də davamlı bir etnik qrup kimi mövcudluğunu göstərir.
Müəllif :
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri
Lətafət Beybutova Ələsgər qızı
