Səttar Bəhlulzadə: Rəsm mənim var-dövlətim deyil, nəfəsimdir
Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində doğulub. Uşaqlıqdan təbiətin sakit gözəlliyi ilə əhatələnən Səttarın qəlbi rənglərin, işığın və füsunkar mənzərələrin sehrində formalaşıb.
Fortunamag.az bildirir ki, orta təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinin qapılarını açan gənc istedad, yaradıcılığa artıq tanınmış rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə başlayır. O dövrün qəzet səhifələrində çap olunan ilk karikaturaları onun cəsarətli təxəyyülünü və müşahidə qabiliyyətini ortaya qoyur.
Ustadının tövsiyəsi ilə Səttar Moskvaya yollanır, V.A. Favorski və Q.M. Şaqalın rəhbərliyi altında rəssamlıq incəliklərini öyrənir. Burada yalnız texnika yox, həm də rəngin və işığın melodiyası, boyaların içində gizlənmiş poetik harmoniyalar onun ruhunu zənginləşdirir.
Vətənə dönən kimi o, dünyanın qarışdığı qaranlıq illərdə xalqı ruhlandıran əsərlər yaratmaq missiyasını üzərinə götürür. Tarixi qəhrəmanlıq mövzuları, vətən uğrunda canını fəda edən şəxsiyyətlərin təsviri onun boyasında həyat tapır.
O, Bakının küçələrində adi insanlar kimi gəzər, taksiyə minməkdən uzaq durar, çox vaxt isə ayaqyalın dolaşarmış. Heç vaxt evinə böyük güzgü qoymazmış. “İnsan özünü çox görəndə, təbiəti az görür”,- deyərmiş.
Rəsmləri isə evində yığılıb qalarmış, çünki onları satmaq heç vaxt fikrində olmayıb: “Rəsm mənim var-dövlətim deyil, nəfəsimdir. Rəsm satmaq mənə elə gəlir ki, nəfəsini satmaq kimidir”. Hətta bəzi tablolar evində döşəmənin altında, toz içində qalmış. O isə həmişə deyirmiş: “Rəsmlərim mənimlədir, öz evimdədilər.”
Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada dünyasını dəyişir və doğma Əmircanda torpağa tapşırılır. Onun sənəti və xatirəsi Azərbaycanın bədii təxəyyülündə əbədi yaşayır.
Fortunamag.az
