Quba xalçaçılıq məktəbinin keçmişi və gələcək perspektivləri
Bəşər tarixində hər bir xalqın mədəni irsi özündə maddi və mənəvi dəyərləri əks etdirir. Doğma yurdumuz Azərbaycanın tükənməz mənbəyi bizim qədim və zəngin mədəni irsimizdir. Əsrlərin ibrətamiz dərslərini, zamanın fırtınalarına tab gətirmiş mədəniyyət abidələrini istər eyni və ya qohum etnosların, istərsə də, əsrlər boyu eyni ərazidə sülh və əmin-amanlıq şəraitində yaşamış müxtəlif xalqlara mənsub əhalinin ümumi yaddaşına çevirən mədəni irs zaman keçdikcə bir-birini əvəz edən nəsillərə soykökünü tanıdır. Mədəni irsə malik olmaq xalqımızın toxunulmaz hüququ olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər hər azərbaycanlı vətəndaşının borcudur.
Xalqların mədəni müxtəlifliyi tarix boyu prioritet məsələ kimi üstünlük təşkil etmişdir. Xalqları mədəni irs qədər, milli-mənəvi ənənələr dəyərlər qədər birləşdirən başqa bir təsirli vasitə olmadığından, bu vasitələrin köməyindən həmişə istifadə edilməlidir.
Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.
Mədəni irs ən qüdrətli milli özünüdərk məktəbidir. Lakin sovet hakimiyyəti illərində məqsədyönlü, məkrli niyyətlərlə Azərbaycan tarixi ideoloq-alimlər tərəfindən saxtalaşdırılmışdır.
Azərbaycanın mədəni irsinin, milli mənsubiyyətinin qorunub saxlanmasında hələ sovet dönəmində – 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev əvəzsiz rol oynamışdır. SSRİ-də yaşayan millətlər arasında fərqləri ləğv etməyə çalışan kommunist ideologiyasından fərqli olaraq Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin maraqlarının qoruyucusu kimi sistemli şəkildə mühüm tədbirlər həyata keçirməklə mədəni irsi xalqın mənəvi sərvətinə çevirmişdir.
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.
Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir.
Azərbaycan milli mədəniyyət tarixində özünəməxsus yer tutan Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməzliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Bu sənətin əsas bölgələrindən olan Quba xalçaçılıq məktəbi 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində yaşayan müxtəlif tayfalar-azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qrız və s. dillərdə danışan xalqların yaşam tərzinin təsiri, coğrafi və bitki motivləri xalça ornamentlərinin naxış müxtəlifliklərində öz əksini tapmışdır. Lakin diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər.
Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Quba xalçaçılıq məktəbinə (Quba, Şabran, Qonaqkənd məntəqələri) “Quba”, “Köhnə Quba”, “Pirəbədil”, “Xırdagülçiçi”, “Sırtçiçi”, “Alşagülçiçi”, “Qımıl”, “Hacıqayıb”, “Qrız”, “Mollakamallı”, “Şahnəzərli”, “Zeyvə”, “Qonaqkənd”, “Afurca”, “Yerfi”, “Cimi”, “Xan” və başqa xalça kompozisiyaları daxildir. Azərbaycan xalçaçılıq sənətində görkəmli yer tutan bu məktəbin zəngin və mürəkkəb naxışlı xalçaları çox məşhurdur. Quba xalçaçılığın qədimdən bu ərazidə yüksək inkişafı ona görə mümkündür ki, Böyük Qafqazın yamaclarında yaşayan əsas məşğuliyyəti maldarlıq olan əhali qoyunların yununu əl əməyi ilə emal edərək geyim üçün, toxuculuq məmulatları hazırlamaq üçün istifadə etmişlər .
Quba qədim xalçaçılıq məskənidir və Quba xalçaları dünya miqyasında yüksək qiymətləndirilir. Bu xalçaların kompozisiyası digər xalçaların kompozisiyasından daha mürəkkəbdir. ABŞ-ın “Metropoliten”(Nyu-York), Böyük Britaniyanın “Viktoriya və Albert” (London), Avstriyanın XV əsrə aid “İncəsənət və sənaye”( Vyana) muzeyində, İsveçrədə, Macarıstanın paytaxtı Budapeştdə, İranda Quba xalçaları ən qiymətli eksponatları sırasında nümayiş olunur. Niderland rəssamı Hans Memlinq 1472-ci ildə çəkdiyi “Məryəm ana uşağı ilə birlikdə” tablosunda Məryəmin ayaqları altında Quba-Şirvan tipli Azərbaycan xalçasını təsvir etmişdir.
“Quba xalçalarnın yüksək satışı, əsasən XVIIIəsrin sonlarından başlamışdır.Quba xalçaları qonşu şəhər və əyalətlərdən başqa, Avropaya və bir sıra Şərq ölkələrinə də aparılırdı.Yerli xalçaçılar sifarişlə də xalça toxuyurdular,Fransadan Qubaya gətirilən şəkillər əsasında toxunan Quba xalçaları(qobelen) də məlumdur.Rus məmurları da tez-tez öz sifarişləri ilə xalça toxutdururdular. Qafqaz canişini general Yermolov da, A.Bestujev-Marlinskinin yazdığına görə,yerli xalça ustalarına “yaraşıqlı Avropa şəkilləri verib”, özünə xalça toxutdururdu.
XIX əsrin ikinci yarısından etibarən Quba xalçaçılığı bütün Bakı quberniyasında aparıcı rol oynamağa başlamışdı və əgər əsrin 30-cı illərində Qubada ildə 850 xalça toxunurdusa, bu rəqəm 1869-cu ildə 1500 (15 min rubl məbləğində), 1900-cü ildə isə 26 000(400 min rublluq) ədədə çatmışdı.”
XIX əsrin əvvəllərindən 1920-ci ilə qədər Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birincilərdən olmuşdur. Xalqımızın ulu sənəti keçmişimizi, mədəniyyətimizi, zəkamızın yüksəkliyini dünyaya çatdırmışdır. Zəngin təxəyyülü ,zəkanın yüksəkliyi ilə möcüzə yaradan nənələrimizin yaratdıqları xalça nümunələri bu gün də alimləri düşündürməkdədir.” XIX əsrin sonu XX əsrin əvvəllərində Qubanın Çiçi kəndindən olan xalça ustası Əfəndiyeva Güllərin toxuduğu xalçalar sənət əsərinə çevrilmiş, “Herat-Pirəbədil” xalçası Fransada keçirilən tətbiqi sənət sərgisində qızıl medala layiq görülmüşdür.”
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalçaçılığın inkişafı digər sahələrdə olduğu kimi dövlətin diqqət mərkəzinə keçmiş, bunun nəticəsi olaraq respublikada “Azərxalça birliyi” yaradılmışdı. 1930-cu illərdə 85 min xalçaçıya rəhbərlik edən xalçaçı- rəssam Lətif Kərimov ixtisaslı kadrlara ehtiyacı ödəmək məqsədilə 1934-cü ildə Qubada Xalçaçılıq texnikumunun açılmasına təşəbbüs göstərmişdir. Texnikumda qubalı tələbələrlə yanaşı, respublikanın bir çox rayonlarından olan tələbələr də burada təhsil almağa gəlmişlər. Xalçaçılığın inkişafına Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə də xüsusi qayğı göstərilmişdir. Belə ki, 1983 və 1988-ci illərdə Azərbaycan xalça sənətinə dair beynəlxalq simpoziumlar keçirilmiş, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi fəaliyyətini genişləndirmişdir. Bu dövrdə muzeyin filiallarından biri də Qubada açılmışdır.
Müstəqillik əldə etdiyi sonrakı dövrdə -1996-cı ildə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir.
Onu ərsəyə gətirən insanların dünyagörüşünü özündə əks etdirən xalçalar həm xalqımızın məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətimizin bir nümunəsidir. Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri sayılan xalçaçılığa maraq daha da artmaqdadır. Bu mənada xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyub desək yanılmarıq.
Ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi layihələrin həyata keçirilməsi Mehriban xanım Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri təyin olunmasından sonra daha geniş miqyas aldı.
Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Azərbaycan xalçasının 16 noyabr 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır.
Azərbaycan mədəniyyətinin qədim sahələrindən biri olan xalçaçılıq sənətinin təbliği üçün həmin tarixlərdə Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgi keçirilmişdir. Dünya mədəniyyətinin şah əsərləri sırasında yer alan Azərbaycan xalçalarından ibarət Londonda keçirilən sərgidə rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur.
Bu marağın artması ölkə başçısının, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan qayğının nəticəsidir. Hal hazırda ölkəmizin müxtəlif bölgələrində müasir xalça fabriklərinin inşası geniş vüsət alıb. Belə ki, qədim xalçaçılıq mərkəzi olan Qubada “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarından biri fəaliyyət göstərir və xalça fabriklərində toxunan məhsullar artıq dünyaya ixrac olunmaqdadır. Bununla dövlətimiz bu işdə maddi gəlir əldə etməsi ilə yanaşı mənəvi qazancı daha çoxdur. Belə ki, xalçalarımızın hər birində bizim mədəniyyətimiz, dünyaya baxışımız, keçmişimiz, bugünümüz ilmələrin dili ilə bəşəriyyətə çatdırılır. Xalçaçılıq sənətini yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını da dünyaya bir daha nümayiş etdirilir.
Amma şübhəsiz ən çox maraq kəsb edən el arasında deyildiyi kimi “əl ilə toxunan” xalçalarıdır. Qubanın yerli sahibkarlarının fikrincə, Quba xalçaçılıq məktəbi özünəməxsus ilmələri, üslubu və naxışlarına görə fərqlənir.Qubanı turistlər üçün cazibədar edən əsas cəhətlərdən biri də qədim tarixə malik xalça sənətkarlığıdır. Buraya gələn yerli və xarici turistlər adı dillər əzbəri olan, naxışlarının zənginliyi, ilmələrinin sıxlığı (hər 5-10 santimetrində məsafəyə 35-dən 60-a qədər ilmə düşür), həmçinin rəng çalarlarının ilə fərqlənən Quba xalçalarını böyük həvəslə alırlar.
Qubaya gələn çoxsaylı qonaqlar sahibkarlar tərəfindən fəaliyyət göstərən “Qədim Quba”, “Aygün” xalçaçılıq müəssisələrində həm istehsal prosesi ilə tanış olmaq, həm də müəssisələrin nəzdində yerləşən mağazalardan müxtəlif çeşnili xalçalar almaq imkanı əldə edirlər. Bu müəssisələrin mövcudluğu həm də unudulmaqda olan ənənələrin yenidən bərpa edilməsində, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində mühüm rol oynayır.
Müəllif:
Mehriban Əliyeva Arif qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, direktor müavini
