Quba Soyqırımı Memorial Kompleksi: Tarixə qazılmış yaddaş, millətə ünvanlanmış çağırış
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı torpaq altında gizlədilmiş acı bir həqiqət üzə çıxdı. Təsadüfi qazıntılar nəticəsində aşkarlanan kütləvi məzarlıq XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən birinin – 1918-ci ilin mayında erməni-bolşevik silahlı dəstələrinin Qubada həyata keçirdiyi soyqırımın danılmaz sübutu oldu. Həmin günlərdə yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar və gənclər dininə, yaşına və cinsinə baxılmadan amansızcasına qətlə yetirilmişdi.
Bu dəhşətli faktın üzə çıxması yalnız arxeoloji tapıntı deyildi – bu, Azərbaycanın tarixi yaddaşının işıqlanan bir səhifəsi, uzun illər gizlədilməyə çalışılan bir həqiqətin yenidən üzə çıxması idi. Qurbanların xatirəsini yaşatmaq, faciənin miqyasını gələcək nəsillərə çatdırmaq və dünyaya bu həqiqəti tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar verdi.
Kompleks 2012–2013-cü illərdə, Qudyalçayın sol sahilində – keçmiş stadion ərazisində inşa edildi və 18 sentyabr 2013-cü ildə rəsmi olaraq istifadəyə verildi. Ümumi sahəsi 3,5 hektar olan kompleks beş əsas hissədən ibarətdir:

I. Xatirə Abidəsi
Bura aşkarlanmış kütləvi məzarlıqdan çıxarılan insan sümüklərinin dəfn edildiyi yerdir. Bu torpaq indi şəhadət məkanına çevrilib – hər qarışı tarix danışır, susqunluğu ilə fəryad edir.
Kütləvi məzarlıq 2007-ci ilin aprel ayının 1-də ərazidə torpaq işləri görülərkən açılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlığın 1918-ci ildə erməni quldur dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir. 2007-ci ilin iyul ayından etibarən Qəhrəman Ağayevin başçılığı altında Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır.

II. Simvolik Məzarlıq
Kompleksin bu hissəsi Qubanın qədim rəmzi olan alma ağaclarının əkildiyi sahəni əhatə edir. Burada müxtəlif yaş qruplarını – uşaqları, qadınları, yaşlıları təmsil edən 3 ölçüdə 40 mərmər daş yerləşdirilib. Hər daş bir həyatın simvolu, hər alma ağacı bir ümidin, bir xatirənin rəmzidir.

III. Soyqırımı Muzeyi
Üç hissədən ibarət muzeyin quruluşu simvolik məna daşıyır:
- Sivriuclu bıçaqların yerə saplanması (giriş) – zorakılığın başlanğıcını, faciənin öncəsini ifadə edir.
- Xatirə daşı (əsas zal) – qəhrəmanlıq və iztirabla dolu keçmişi özündə cəmləyən mərkəz.
- Sivriuclu bıçaqların üzə çıxması (çıxış) – gizlədilən həqiqətlərin gün üzünə çıxması, tarixin inkaredilməz sədası.
Muzeyin memarı Vahid Kasımoğlu dekorasiya və bəzəkdən uzaq duraraq, burada matəm və kədərin özünü danışmağa imkan yaradıb. Yer altından çıxan strukturlar faciənin uzun müddət gizlədildiyini, lakin həqiqətin gec-tez üzə çıxdığını simvolizə edir. Sivriuclu bıçaqlar isə baş verən vəhşiliyin, insanlıqdan uzaq qəddarlığın vizual ifadəsidir.

Muzeyin girişində “Dinc Quba” adlı ekspozisiya təqdim olunur. XX əsrin əvvəllərində Quba qəzasında yaşayan insanlar – dövlət qulluqçuları, din xadimləri, müəllimlər, qadınlar, uşaqlar və digər sakinlər ailə, iş və istirahət həyatında əks olunub. Bu hissə Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyini və müxtəlif dini-etnik qruplarla birlikdə yaşama ənənəsini göstərir. Giriş “Azərbaycan” qəzetinin 8 dekabr 1918-ci il tarixli epiqrafı ilə tamamlanır.

Muzeyin əsas zalında isə xüsusi bir simvol yerləşdirilib – kütləvi şəkildə yandırılmış, dənizə və quyulara atılmış, dəfn edilməmiş şəhidlərin xatirəsinə ucaldılmış qara mərmər daş. Bu daş, sanki, sükutla danışır – hər kəsə, hər zaman deyir: unutma!
IV. İnformasiya Mərkəzi
Burada tədqiqatçılar, turistlər və ziyarətçilər üçün materiallar təqdim olunur. Geniş informasiya bazası soyqırımı ilə bağlı sənədləri, arxiv materiallarını və digər dəlilləri əhatə edir. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə 16 adda buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.
V..Bayraq Meydanı
Milli ruhun, müstəqilliyin və suverenliyin simvolu olan üçrəngli bayrağımız bu meydanda ucalır. Qurbanların ruhuna bir salam, gələcək nəsillərə bir mesajdır – Azadlıq qanla, iztirabla qazanılıb.
