Qala: Tarix və Mədəniyyət İncisi
Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malikdir. Bu zənginlik yaşadıqları coğrafiyada mövcud olan mədəni irsdə öz əksini tapıb. Qala Abşeron yarımadasının şimal-şərqində, Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnmiş ərazidə yerləşir. Yayda havası isti və quru olur, torpağı gilli-qara-sərtdir, bitki örtüyü zəifdir.
Qala kəndinin adı «qala» ilə bağlıdır. Yerli sakinlərin bir qismi bunu «mühafizə olunan yer», digərləri isə birbaşa «qala» mənasında izah edir. Tarixi faktlar, xüsusilə XIV və XVII əsrlərə aid qala istehkam və müşahidə tikililəri ikinci izahı təsdiqləyir. Qala kəndinin ən hündür yerində inşa edilmiş bu qala Mərdəkan, Şağan, Ramana və digər dördkünc qalalar tipinə uyğundur. Qalanın dibində təhlükə zamanı 1000-1500 nəfərin mühafizə oluna biləcəyi zirzəmiyə bənzər yer olmuşdur. XVII əsrdə dağılmış qaladan qalan daşlardan bir məscid tikilmişdir.
Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu 81,5 hektar ərazidə yerləşir, 227 abidəni – memarlıq və arxeoloji nümunələri, 5 məscid, 3 hamam, 4 ovdan, yeraltı kəhrizlər, yaşayış və təsərrüfat binalarını qoruyur. Buradakı abidələr Qala kəndinin tarixi, mədəniyyəti və həyat tərzi haqqında zəngin məlumat verir.
2008-ci ildən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksdə arxeoloji və memarlıq abidələr bərpa olunub, dulusçuluq, xalçaçılıq və digər sənət sahələri nümayiş etdirilir. Muzeydə qədim yaşayış məskənləri, dəyirman daşları, qavaldaş, kurqanlar, qəbir daşları və qayaüstü təsvirlər mövcuddur.
Qala kəndində qədim sənət və təsərrüfat sahələri inkişaf etmişdir: dulusçuluq, dülgərlik, qoyunçuluq, dəvəçilik və xalçaçılıq. Qala qoyunları məhsuldarlığı ilə məşhurdur, duz gölü isə keyfiyyətli duzu ilə tanınır.
Arxeoloji qazıntılar Qalanın e.ə. III minillikdən XX əsrə qədər geniş tarixi olduğunu göstərir. Maddi-mədəniyyət nümunələri kəndin tunc dövründə də yaşayış məskəni olduğunu sübut edir. XIII-XIV əsrə aid qab qalıqları Qalanın o dövrdə mədəni-iqtisadi çiçəklənmə mərkəzi olduğunu göstərir və tarixi ticarət mərkəzi statusunu təsdiqləyir.
Müəlliflər:
Vəfa Quliyeva, tarix elmləri doktoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Qənirə Pirquliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Hökümə Ağayeva, elmi işçi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Fortunamag.az
