Qala evi
Təkrarolunmaz özünəməxsusluğu ilə Abşeron evləri, o cümlədən Qala kəndinin yaşayış evləri, mövcud olan mühitin bütün xüsusiyyətlərini özündə əks etdirmişdir. Təbii iqlim şəraiti və təsərrüfatın qapalı xarakteri Abşeron evinin formalaşmasında böyük rol oynamış və onun konstruktiv həllini müəyyənləşdirmişdir. Yayın isti gilavarı və qışın soyuq xəzrisi, tikinti materialı kimi təbii əhəng daşının bolluğu Abşeron xalq evinin inkişafını təmin etmişdir. Bütün bunlar evtikmə üsulları ilə yanaşı eyni zamanda evin və otaqların plan-ölçüsünə, yay və köməkçi otaqların təşkilinə təsir edirdi. Küləklərdən gorunmaq üçün əhali hündür hasarlar çəkmək məcburiyyətində idi. İsti yay axşamlarını insanlar həyətdə keçirir və gecələyirdilər. Beləliklə, həyət də əlavə yaşayış yerinə çevrilirdi. Bu şəraitdə həyətin bağlı məkana çevrilməsi təbii ehtiyacdan irəli gəlirdi. Abşeron, o cümlədən, Qala yaşayış evlərinin üzü şərgə istiqamətləndirilmişdir. Yaşayış tikililəri insanın memarlıq-tikinti yaradıcılığının qədim sahələrindən olmaqla, ilk növbədə onu ətraf mühitin xoşagəlməz atmosfer-iqlim təsirlərindən qorumaq üçün qurulmuşdur. Yaşayış binaları xalq memarlığının əsas obyektlərindən olmaqla, özündə xalqın zövq və təlabatını cəmləşdirmiş, şəhər və kəndlərin kütləvi tikintisinə çevrilmişdir. Yaşayış məskəninin panoramında xüsusi yer tutmuş bu memarlıq ünsürləri, ictimai binaların fonuna çevrilməklə onların miqyasının nəzərə çarpdırılmasında başlıca faktor olmuşdur. Onlar insan həyatının zəruri elementləri kimi hər hansı bir xalqın yaşayış tərzini, adət-ənənələrini, dini mənşəyini özündə əks etdirir. Bütün bunlara rəğmən nəsildən nəsilə ötürülmüş sosial-fəlsəfi fikrin tam sistemindən bəhs etmək olar. Maddi, mənəvi və estetik mühitin vəhdətinin yaratdığı xalq yaşayış binaları, canlı və dəyişilən orqanizm kimi daima ailənin yaşayış həyatından asılı olaraq yeni yerləşkələrin tikintisi ilə genişləndirilmiş, köhnələr sökülərək dövrün inkişaf tempi ilə uyğunlaşdırılmasına cəhd göstərilmişdir. Əsrlərlə xalq tikintisində toplanmış təcrübə xarici iqlim təsirindən qorunmaqla rahat məişət tikililərinin yaranmasına səbəb olmuşdur. Abşeron yarımadasında bu kimi problemlər, əsasən yerli tikinti materiallarından – ağac materiallarının çatışmaması, bol əhəng daşının mövcudluğu, qışda soyuq şimal, yayda isti gilavar küləklərinin təsiri, su mənbələrinin azlığı, islam dinin qapalı həyat mühitinin təsiri amilləri nəzərə alınmaqla həllini tapmış və yaşayış binalarının memarlıq-plan, konstruksiya həlli tamamilə müstəsna səciyyəyə malik olan təbii iqlim şəraitinə uyğun formalaşmışdır. Abşeron iqlim xüsusiyyətlərinin və islam dininin qapalı həyat tərzini nəzərə almaqla Qala kəndində də orta əsrlərdən yaşayış evlərinin hündür daş hasarlarla əhatələnməsi rolunu dərk etmək mümkündür. İki və daha artıq otaqlı mənzillər ailənin say və sosial durumundan asılı olaraq tikilirdi. İsti yay günlərində küçəyə pəncərə açımları olmayan qapalı evlərdə küləklənmənin olmaması, əhalini həyətyani sahələrdə dincəlməyə məcbur edirdi. Bu da, memarlıq tikililərinə yay yerləşgələrinin əlavə olunmasına şərait yaradırdı. Qala kəndində də, belə yerləşgələri, yaşayış binasının həyət fasadındakı səkilər əvəz edirdi. Qalada yaşayış evləri adətən iki və ya üç otaqdan ibarət idi. Bunlardan biri mətbəx, digərləri qonaq və yataq otaqlarıdır. Mətbəxdə adətən təndir, ocaq və suaxan yerləşir. A.Mehdiyevin tədqiqatına görə yalnız Abşeron yarımadasına xas olan yaşayış binalarıdır. Qala qoruq ərazisində mövcud tarixi yaşayış binalarının əksəriyyətini də məhz dublalı evlər təşkil edir. Qeyd olunduğu kimi, iqlim şəraiti və tikinti materialları dublalı evlərin yaranmasında başlıca amil olmuşdur. Bu tip konstruksiyalı tikililər yalnız yaşayış binalarına məxsusdur. Qala kəndində aparılan tədqiqatlar göstərir ki, digər yaşayış binaları kimi, dublalı evlərin də istiqamətlənməsi şimal-cənub səmtlərinə köklənmişdir. Dublalı evlər birmərtəbəli olmaqla, yastı dam örtüyü üzərində dublaların – təndir və ocaq gümbəzlərinin evin siluetində yaratdığı canlanma ilə seçilir. Binanın fasadına dekorativ zənginlik gətirən daş navalçalar, maili dam örtüyündə yağıntı sularının yığımını tənzimləyir. Plan quruluşuna görə dublalı evlər iki və daha artıq otaqların yaratdığı kompozisiya xüsüsiyyətlərinə malikdir. Tədqiqatlar binaların əksəriyyətinin 2 otaqlı-sadə və az qisminin çox otaqlı – mürəkkəb plan quruluşlu olduğunu göstərir. Dublalı evlər həndəsi struktur baxımından: 1) düzxətli 2) düzbucaq şəkilli plan formalarına malikdir. Düzxətli struktura malik evlər 2 otaqlı və ya lentvari plan quruluşlu çox otaqlı mənzillərə bölünürlər. Düzbucaq şəkilli plan strukturuna, «L» hərfi formasında və şahmat quruluşunda rast gəlinir. Qala kəndində yaşayış evlərinin spesifik xüsusiyyətlərindən biri də onlarda mətbəx yerləşkəsinin qurulmasından ibarətdir. Tarixi yaşayış binalarının 90% – ində bu cür yerləşkələrə rast gəlinir. Mətbəxdə çörək bişirilməsi üçün təndirin, xörək və su qızdırılması üçün ocağın qurulması cüt bacaların- dublalanın fasadın görünüşündə, konusvari gümbəz tikililəri ilə binanın siluetinin zənginləşməsinə səbəb olmuşlar. Mətbəxin hər-hansı bir küncündə suaxanın tikilməsi, demək olar ki Azərbaycan ərazisində təkcə Abşeron tikililərinə xas olan əsas səciyyəvi cəhətdir. Suaxan döşəmənin səviyyəsində qurulmuş dərin oyuq olmaqla, mətbəxdən heç bir arakəsmə vasitəsilə ayrılmır. Suyun axıb çölə çıxa bilməsi üçün meydança həyətə doğru maili vəziyyətdə qurulur və oyuğun xarici divarında, meydançanın səthi üzərində bir dəlik açılırdı. XIX-XX əsrə qədərki evlərdə meydançanın döşəməsi tava daşdan, sonralar isə sementdən istifadə olunmaqla hamarlanırdı. Suaxanlar paltar yumaq, islam aləmində namazdan əvvəl qüsul etmək üçün də istifadə olunmuşdur. Qala kəndinin dublalı evlərinin maraqlı kompozisiya xüsusiyyətlərindən biri də bütün otaqların «anfilada» üsullu qapılarla əlaqələnməsinə baxmayaraq, hər bir otağın həyətə qapı açılmanın olmasındadır. Qala kəndinin dublalı evlərinin inşasında təşkil olunan konstruksiyalar, yerli şərait və mövcud materiallar nəzərə alınmaqla, irəli sürülən tələblərin tam uyğunluğu və vəhdəti ilə diqqəti cəlb edir, örtük konstruksiyaları müxtəlif variantlarda:
1) tağ-tavan,
2) yastı dam,
3) qarışıq şəkildə həllini tapmışdır.
l) Tağlar ya yükdaşıyıcı divarların döşəməsindən və ya interyerin bəzəyinə çevrilmiş ləmələrdən başlanır. Tağ-tavan örtüyündə tağbənd konstruksiyalar öz texnika və formalarını minillik ənənələrin xüsusiyyətlərini qoruyub saxlamaqla, daşların pazşəkilli yığımı ilə qurulmuşdur. Tağbənd, dayaqlara həm şaquli, həm də üfüqi istiqamətdə aşırma qüvvəsi ilə təsir edərək yükün ağırlığını dayaqlara ötürür. Tağ-tavan örtükləri mətbəxlərdə mütləq örtüklərə çevrilmişlər. Otaqların sahə tutumu kiçik olsa da, divarlar isti və soyuğun qarşısını almaq məqsədilə 70-90 sm qalınlıqda, gil məhlulu ilə hörülmüşdür. Döşəmələr daş və ya gil-samanla qurulmuşdur.
2) Yastı tir-dayaq sisteminə az təsadüf olunur. Belə dam örtüklərində ağac-tirlərdən istifadə olunmaqla, gil-saman örtüyü üstündən yağlı gil məhlulu ilə suvanmış halda qurulur.
3) Qarışıq, tağtavan və yastı tir-dayaq örtük sistemlərindən istifadə olunmaqla tikilən evlər müxtəlif örtük konstruksiyasına malik olsa da, binanın eksteryerində özünü biruzə vermir. Lakin bəzi hallarda bu müxtəlif konstruksiyalar otaqların müxtəlif hündürlükdə həlli ilə nəzərə çarpır. XIX-XX əsrin əvvəlləri inşa olunmuş yaşayış binaları Abşeronun kəndlərində yeni iqtisadi formasiyanın meydana gəlməsinin müsbət nəticəsi kimi qeyd oluna bilər. V.P.Kobiçev «Azərbaycanın XIX əsrdə kəndli yaşayış binaları» əsərində qeyd edirdi: «Təxminən XIX əsrin ikinci yarısından başlayaraq Zaqafqaziyanın və Rusiyanın rayonlarından meşə materiallarının gətirilməsi Abşeron evlərinin tikintisində taxta konstruksiyalardan geniş istifadə edilməsinə səbəb oldu». Bu da öz növbəsində Qala kəndinin yaşayış binalarında sadə konstruksiyalı tikililərlə yanaşı, yeni memarlıq kompozisiyasına, yeni simaya malik iri həcm-məkan tutumlu yaşayış binalarının meydana gəlməsinə səbəb oldu. Artıq kənddə bu dövrə qədər təsadüf olunmayan iki mərtəbəli binalar kəndin panoramında mühüm rol oynamaqla təmtəraqlı həyat təsəvvürləri yaratdı. İkimərtəbəli yaşayış binaları sayca az olsa da, onlar kəndin memarlığına rəngarənglik və zənginlik gətirdi. Bu tip yaşayış binaları, ailənin iqtisadi durumunu özündə əks etdirirdi. XIX əsrin sonu- XX əsrin əvvəllərində tikilmiş xalq yaşayış binaları memarlıq-plan həllinə görə 3 quruluşda inşa olunmuşdur:
1) Köhnə otaqlara bitişik tikilmiş çoxotaqlı mənzillər.
2) Sərbəst şəkildə qurulmuş ikimərtəbəli evlər.
3) Birmərtəbəli, çoxotaqlı dublalı evlər.
I-ci tipə aid olunan evlərə Qala ərazisində az təsadüf olunur. Bu halda ailənin say və maddi imkan nöqteyi- nəzərdən artımı sayəsində yaşayış ərazisinin genişləndirilməsinin nəticəsi sayıla bilər. Qəbristanlıq yaxınlığında, sahibsiz qalmış 208 inventar saylı yaşayış binası belə tikililərə nümunə ola bilər. Həyətin sol hissəsindəki kiçik, köhnə tikili öz tağbənd konstruksiyasını saxlamaqla, sağ tərəfdəki ikimərtəbəli bina ilə əlaqələndirilmişdir.
II mərtəbəyə açıq pilləkən marşı qalxır. Yaşayış binasının köhnə tikilisi və I mərtəbə ailənin gündəlik yaşayış həyatına xidmət göstərmiş. II mərtəbə isə qonaq və yataq otaqları kimi fəaliyyət göstərmişdir. II quruluşa daxil olan sərbəst şəkildə qurulmuş yaşayış binaları, köhnə tikililərlə əlaqəsi olmayan, yeni memarlıq kompozisiyasına əsaslanmaqla tikintisi həyata keçirilmişdir. Belə tikililər eyvanlar, lodjiyalar, çoxmarşlı pilləkənlər, iri açımlı qapı və pəncərələrlə zəngin olan milli memarlıq elementlərini – tağlar, tağçalar, ləmələri özündə əks etdirən yeni şimalı binalar idi. Dövrün yeni tipli tikintilərinə, hal-hazırda «Qala», «Sülh», «Qədirli» küçələrində sahibsiz və yararsız halda rast gəlmək olur.
XIX-XX əsrlərin əvvəllərində, III tip quruluşa malik olan, Qala kəndi üçün ənənəvi tikililərə çevrilmiş dublalı evlərin tikintisi davam etdirilirdi. Lakin bu evlər fərqli örtük konstruksiyasına və memarlıq həllinə görə köhnə dublalı evlərdən fərqlənirdi. Artıq yeni elementlər, çox otaqlı mənzillər özünü biruzə verirdi. Bəzi mənzillərdə, mətbəxin otaqdan ayrılması üçün tağın həllində sütunlardan istifadə olunmasına, otaqların örtük sistemində dörd və səkkizguşəli gümbəzə rast gəlinir. Artıq mətbəxin otaqlara nəzərən yerləşdirilməsində açıq dəyişikliklər hiss olunur. Mətbəx tikililəri bəzən otaqlara perpendikulyar, bəzən isə onların tininə bitşik, ayrıca yerləşkə kimi inşa edilərək, açıq eyvanla əlaqələndirilirdi. Abşeron, o cümlədən, Qala yaşayış evlərinin tədqiqi həm memarlıq, həm də etnoqrafik baxımından böyük maraq kəsb edir. Xalq yaradıcılığı uzun inkişaf yolu keçərək təbii şəraiti nəzərə almaqla ən mükəmməl xalq evi nümunəsi yaratmışdır. Bu abidələrin tədqiqi xalq yaradıcılığının bu istiqamətdə inkişaf prosesini izləməyə imkan verir. Bu ev tiplərinin yeni yaşayış nümunələrinin yaranmasında olan rolunu müəyyənləşdirməyə, bir neçə nəsil ustaların yaratdığı bədii və inşa ənənələrinin öyrənilməsində kömək edir. Ənənəvi yaşayış binalarının etnoqrafik cəhətdən öyrənilməsi bir tərəfdən tarixi etnoqrafiyanı, ev tiplərini, ev tiplərində izlənən oxşar və fərqli cəhətləri, digər tərəfdən isə xalqın həyat tərzinin öyrənilməsində çox əhəmiyyətlidir.
Müəlliflər:
Vəfa Quliyeva, tarix elmləri doktoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Qənirə Pirquliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Hökümə Ağayeva, elmi işçi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Fortunamag.az
