Qəmər Salamzadə: Azərbaycanın ilk qadın kinorejissoru
Azərbaycan kino tarixinin səması bir vaxtlar qaranlıq buludlarla örtülü idi. Bu səmanın ilk parlaqlığını isə bir qadın gətirdi: Qəmər Əliqulu qızı Salamzadə…
Fortunamag.az xəbər verir ki, o, təkcə ilk qadın kinorejissorumuz deyildi. Cəsarətin, zəkanın, işığın və iradənin özüdür.
1908-ci ilin mayında Culfada dünyaya göz açan Qəmərin taleyi daha uşaq yaşlarından həm ağrıların, həm də aydınlığın içindən keçirdi. Maarifçi atası Əliqulu Qəmküsarın qələmin kəskinliyi, sözün gücü onu erkən yaşlarından formalaşdırdı. Amma elə həmin qələm sahibinin azad fikirli mövqeyi ailəyə ağır itki gətirdi – Əliqulu Qəmküsar Tiflisdə qətlə yetiriləndə Qəmər hələ uşaqlıq eşiyində idi. Tale ona bəd xəbər kimi gəldi, lakin onu əyib sındırmadı. Əmisinin himayəsində böyüyən bu zərif qız illər keçdikcə içindəki böyük qadına çevrildi.
Naxçıvan məktəbində Telli rolunu oynayan gənc Qəmər səhnənin sehrini ilk dəfə orada duydu. Kazım Ziyanın teatrında, Tiflis və Naxçıvanın ədəbi mühitində yetişən bu gənc ruh bir gün başqa bir yol seçdi – kino yolunu. O zamanlar Azərbaycan qadını üçün bu yol təkcə yeni deyildi, həm də qadağalarla, fanatizmlə, qaranlıq düşüncə ilə dolu idi. Lakin Qəmər Salamzadə özünün yazdığı taleyə inanırdı.
1929-cu ildə Moskvaya gedərək Dövlət Kinematoqrafiya Texnikumunda oxumağa başladı. O, kino sənətinin nəbzini hiss edən Kuleşovun, Eyzenşteynin, Dovjenkonun dərslərindən keçdi. Gözlərinin içindəki alov Moskvanın soyuq küçələrini belə isidirdi. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdanda artıq o, özünü tapan, məqsədini bilən bir sənətkar idi.
1930–40-cı illər onun zəhmət, iradə və səbir məktəbi oldu.
“Qızıl kol”, “Əlsiz adamlar”, “Rəqs edən bağalar”, “Dəcəl dəstə” – Qəmər Salamzadənin imzası tədricən kino lentlərinin arasından boylanırdı. Hər dəfə müstəqil quruluşçu rejissor kimi irəli addımlamaq istəyəndə qarşısına kimlərsə çıxırdı – gah bir rus, gah bir erməni, gah kiminsə qərəzi… Amma Qəmər geriyə çəkilən deyildi. O, həyatın bütün maneələrini səssiz ləyaqətlə aşırdı.
1944-cü ildə nəhayət, zaman Qəməri tanıdı. Mehdi Hüseynin rəhbərliyi altında o, “Şəfa nəğməsi” sənədli filmini müstəqil olaraq çəkdi. Bu film sadəcə bir ekran əsəri deyildi – qadın rejissorun sükutu yarıb gələn ilk işığı idi. Qəmər Salamzadə Azərbaycan kinosuna elə bu film ilə öz imzasını qızıl hərflərlə yazdı.
Onun həyatı təkcə sənətlə yox, həm də sevgi ilə bəzənmişdi. Xalq rəssamı Salam Salamzadə ilə xoşbəxt, mənalı bir ömür sürən Qəmər xanım sənətin hər iki sahəsinə eyni nəfəs, eyni duyğu bəxş edirdi. Onlarla sənədli və bədii filmin yaranmasında əməyi olan bu qadın Azərbaycan kino salnaməsinin qəhrəmanlarından birinə çevrildi.
O, nə şöhrət dalınca qaçdı, nə də özünə heykəl ucaltdı. Sadəcə çəkdi, yaratdı, göstərdi – və getdikcə böyüdü…
1994-cü ildə bu dünyadan ayrıldıqda arxasında böyük bir məktəb, qiymətsiz bir irs və qadın cəsarətinin əbədi örnəyini qoyub getdi.
Bu gün biz fəxrlə deyirik: müsəlman Şərqində ilk qadın kinorejissor adı Qəmər Salamzadəyə məxsusdur.
O, zülməti yaran bir işıq idi. Azərbaycan kinosunun ilk qadın nəfəsi, ilk qadın səsi, ilk qadın cəsarəti idi.
Hər dəfə lentin qaranlığından bir obraz canlananda sanki Qəmərin özü də yenidən doğulur:
Səssiz bir kadrda, kövrək bir melodiyada, qaranlıq ekranda birdən peyda olan o nur kimi…
Qəmər Salamzadə – sən bizim kino tariximizin sükutdan çıxan nəğməsisən.
Sən işıqsan.
Sən yol açansan.
Sən Azərbaycan qadınının ayaq izlərini kino salnaməsinə yazan ilk imzasan.
Material “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin “İnnovativ proqress və tarix” layihəsi çərçivəsində təqdim olunur.
Fortunamag.az
