Qəmər Almaszadə – Azərbaycanın balet sənətinin ilk parlaq ulduzu
Aktrisa, müğənni, balerina… Bu gün bu peşələr cəmiyyətin ən tanınmış və sevilən sahələrindən sayılır. Amma zamanında səhnə, xüsusilə bizim bölgələrdə, yalnız kişilərin ixtiyarında idi. O dövrdə qadınlar hətta tamaşaçı qismində teatra gedərkən belə, üzlərini örtməyə məcbur qalırdılar.
Qadınların səhnəyə çıxması uzun və çətin bir prosesin nəticəsi oldu. Bu, böyük cəsarət tələb edən bir yol idi – yalnız əsl qəhrəmanların göstərə biləcəyi bir iradə. Xüsusilə də, özünü xoreoqrafiya sənətinə həsr etməyə qərar verən bir qızın addımı, əsrlərdir qadının hüquqsuzluğunun simvoluna çevrilmiş çadranı üzərindən atan ilk qadının cəsarəti ilə müqayisə oluna bilərdi.
XX əsrin ikinci onilliyinin əvvəllərində, orta gəlirli bir tacir olan, yaraşıqlı gənc Hacıağa Almaszadə Vidadi küçəsi 112 nömrəli ünvanda yaşayan ailəsinə gənc həyat yoldaşı Məryəm xanımı gətirdi. Dörd övlad anası olan Məryəm xanım, sonralar tibb bacısı kimi işləsə də, övladlarının təhsilli, zəhmətsevər və mədəni böyüməsi üçün əlindən gələni etdi. O, böyük qızı Qəmərin gözlərində işıq görürdü – bu, onun içindəki sənət eşqinin parıltısı idi. Qəmər qonşuları, balerina olmağı arzulayan Şura Stepanovanın hərəkətlərinə heyranlıqla baxır, aynanın qarşısında onu təqlid edərək “dərslərini” sanki özü də təkrar edirdi.
Bir gün anası ona sual verdi:
– Rəqs etməyi öyrənmək istəyirsənmi?
– Çox! Amma atam buna heç vaxt icazə verməz…
Anası ilə birlikdə bir hiylə düşündülər – ataya dedilər ki, Qəmərin idmanla məşğul olması yaxşı olardı. O zaman bir çox qızlar müxtəlif idman seksiyalarına yazılırdı. Ata bu fikirə razı oldu, hətta beş manat da verdi – “idman üçün”, deyə düşünərək. Həmin məbləğlə keçmiş Gürcü Teatrının binasında zal kirayələyən Bakının ilk özəl xoreoqrafiya studiyasının rəhbəri Qəmərin istedadını dərhal gördü. O, tələb olunan altı manat əvəzinə beş manat gətirən bu qızı xüsusi bir həvəslə qəbul etdi – çünki Qəmər, klassik balet öyrənmək istəyən ilk azərbaycanlı qız idi və təbii istedadı danılmaz idi.
Qəmərin incə ayaqları, düz duruşu, ifadəli pozaları vardı. Yaşına uyğun olmayan dərəcədə artistik idi. Amma bu, onu klassik baletin ciddi təlimlərindən azad etmirdi. O, texniki çətinlikləri inadla dəf edir, həm sevinc, həm də məyusluqla məşğələlərə davam edirdi.

İllər keçsə də, Qəmər xanım təhsil illərini nostalji ilə xatırlayırdı. O günlər onun üçün bir nağıl idi – Opera və Balet Teatrının səhnəsində məşqlər, səhnəyə çıxmaq imkanı və peşəkar artistlərlə birlikdə çıxışlar… Bu, təkcə təcrübə yox, ruh üçün bir bayram idi. Baletin romantik musiqisi, məsum obrazları, xəyalların gerçəyə çevrildiyi səhnələr onun ruhunu təmizləyir, xəyallarını böyüdürdü. Baletdə mükəmməlliyin sərhədi yoxdur – bu, ömürlük bir yoldur.
Qəmər başa düşürdü ki, bu yolda irəliləmək üçün Moskvada və ya Sankt-Peterburqda ali balet məktəblərində oxumaq lazımdır. Amma onu bu qədər uzağa buraxacaqlarmı? Nəhayət, valideynləri razılaşdılar.
Qəmər nazlı və gözəl idi, oğlanların diqqətini çəkirdi. Amma ailəsinin sərt tərbiyəsi səbəbilə heç kim onunla asanlıqla ünsiyyət qura bilməzdi. Bir dəfə onu evə qədər ötürmək istəyən gənc bəstəkar Əfrasiyab Bədəlbəyliyə belə demişdi:
– Ananız bizim evə gəlməsə, bir də məni müşayiət etməyin.
Və Rəhimə xanım – nəcabətli, zərif və mehriban ana – Almaszadə ailəsinə gəlib qızlarına elçi düşdü. Beləcə, Qəmərin böyük arzusu – paytaxtda təhsil almaq – gerçəkləşdi. O, məşhur pedaqoq Mariya Romanovanın – əfsanəvi balerina Qalina Ulanovanın anasının sinifinə qəbul edildi. Əfrasiyab isə konservatoriyada məşhur bəstəkarların yanında təhsil aldı.
Qəmər Almaszadə həyat yoldaşını ruhlandıraraq Azərbaycan musiqi və balet tarixində ilk olan “Qız Qalası” baletinin yaranmasına səbəb oldu. Bu əsər 18 aprel 1940-cı ildə Opera və Balet Teatrında nümayiş etdirildi. Xalq musiqisinin gözəlliklərini zərifliklə birləşdirən bəstəkar qədim romantik əfsanəyə əsaslanan musiqili-xoreoqrafik bir əsər yaratdı. Baş rol – Gülyanəq – illərlə Qəmər xanımın ifasında səhnədə idi. Onun verdiyi dramatizm bu obrazı unudulmaz etdi və balet demək olar ki, 70 il səhnədən düşmədi.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı ifası Qəmərə böyük şöhrət gətirdi. Qəmər xanım həmçinin Azərbaycan Milli Rəqs Ansamblının yaradılmasında iştirak etdi, xalq rəqslərini topladı və öyrəndi. Amma onun qəlbinə ən yaxın olan sənət sahəsi klassik xoreoqrafiya idi.
Uzun illər səhnədə parlayan Qəmər Almaszadə eyni zamanda pedaqoji fəaliyyətə başladı. Bakıda Xoreoqrafiya Məktəbinin bədii rəhbəri kimi, yüksək səviyyəli balet sənətçilərinin yetişməsinə, bu sənətin cəmiyyətdə tanıdılmasına böyük töhfə verdi. Ən yaxşı məzunları teatra cəlb edərək, onun repertuarını klassik əsərlərlə zənginləşdirir, yerli bəstəkarları yeni balet musiqiləri yazmağa həvəsləndirirdi. Bu baletlər sonralar Azərbaycanı dünya səhnələrində də təmsil etdi.
Qəmər Almaszadənin zəngin yaradıcılığı Azərbaycanın balet tarixinin formalaşmasında mühüm rol oynayıb. Bu gün ölkəmizdə güclü balet məktəbi, peşəkar rəqqaslar yetişdirən xoreoqrafiya məktəbi varsa – bütün bunlar ilk azərbaycanlı balerina, SSRİ xalq artisti Qəmər xanım Almaszadənin əvəzsiz xidmətlərinin nəticəsidir.
O, zamanında yalnız özünə yox, gələcək nəsillərə də səhnədə yer qazanmaq üçün mübarizə apardı. Onun fədakarlığı, sənətə olan sevgisi və məsuliyyəti milli incəsənətimizi zənginləşdirdi və yaşatdı.
Müəllif: Qalina Mikeladze
