Musiqi Dünyasında Parlayan Ulduz: Bəstəkar Sevinc Tofiqqızı

Budəfəki qonağımız — Azərbaycan musiqisinin yenilikçi nəfəsi, dərin peşəkarlığı və yaratdığı bəstələrlə dinləyicinin qəlbinə yol tapan bəstəkar Sevinc Tofiqqızıdır. O, yalnız güclü və təsirli musiqi duyumu ilə deyil, həm də melodik düşüncə tərzi, orijinal bəstə yanaşması və sənətə qarşı həssas münasibəti ilə seçilən sənətçidir.Bu eksklüziv və səmimi müsahibədə Sevinc Tofiqqızı ilə yaradıcılıq prosesindən tutmuş, musiqidə ilham mənbələrinə, müasir sənətə təsirinə və gənc musiqiçilərə verdiyi dəyərli tövsiyələrə qədər çoxşaxəli mövzularda söhbət etdik. Onun hər bir notu ilə yaratdığı harmoniya yalnız musiqi deyil — duyğu, düşüncə ,gözəl ürək,xeyirxahlıq və peşəkarlığın vəhdətidirSevinc Tofiqqızının sənətə olan bağlılığı və yaradıcılıq enerjisi, şübhəsiz ki, həm sənətkarlar, həm də musiqisevərlər üçün tükənməz bir ilham mənbəyidir. Biz isə “Fortuna” jurnalı olaraq, belə dəyərli sənət insanlarını sizə təqdim etməkdən böyük qürur duyuruq.
—Sevinc xanım, mənim əzizim, xoş gəlmisiniz. Sevinc xanım, mən istəyərdim, siz bir az, özünüzdən danışasınız. Sizin musiqi karyeranız necə başladı?
—Səidə xanım, mən sizi gördüm. Çox sevindim. Gözəl xanım, səmimi xanım və məni bu müsahibəyə dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Məni bu müsahibəyə dəvət etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Əlbəttə, bütün suallarınıza böyük məmnuniyyətlə cavab verəcəyəm. Mən bəstəkar Sevinc Tofiqqızıyam.
Musiqiyə sevgim çox erkən yaşlarda – iki-üç yaşımda başlayıb. Anam danışırdı ki, o vaxt evimizdə pianino yox idi, amma mən artıq musiqiyə qarşı xüsusi maraq göstərirdim. Anamın evdə klassik musiqi yazarlarına aid kitabları, notları vardı — Mozart, Bethoven və digərləri. O, klassik musiqini çox sevirdi və tez-tez onların əsərlərini dinləyirdi. Mən də həmin kitablardan birini götürür, “trümo”nun qabağına qoyur, barmaqlarımla guya pianino ifa edirmişəm kimi hərəkətlər edirdim. Notları belə çevirməyə çalışırdım. Anam deyirdi ki, onda hiss etmişdi — məndə musiqiyə, incəsənətə qarşı doğma bir maraq, həvəs var idi.
Altı yaşımda məktəbə gedəndə anam məni səkkiz nömrəli musiqi məktəbinə yazdırdı. Həmin il ad günümdə atam və anam mənə pianino hədiyyə etdilər. Bu, mənim üçün sözlə ifadə olunmaz bir sevinc idi. On dörd yaşımda artıq ilk bəstələdiyim kiçik kompozisiyanı pianoda ifa edib müəlliməmə təqdim etdim. O da çox təəccübləndi və istedadımı dərhal gördü. Növbəti dərsə valideynlərimi dəvət etdi. Mən əvvəl qorxdum, düşündüm ki, bəlkə nəsə səhv etmişəm. Amma müəlliməm atamla anama dedi: “Bu qızın gələcəyi parlaqdır, o, mütləq bəstəkar olmalıdır.” Bu sözlər ailəmin sevincini ikiqat artırdı.
Halbuki, anam istəyirdi ki, həkim olum. Onun arzusunu ürəyində qoymadım — tibbi sənəd əldə etdim, hərçənd peşəkar şəkildə bu sahədə çalışmadım. Əsas yolum musiqi oldu. Üç diplomum var: biri musiqi kolleci, ikisi isə Moskvada — biri Moskva Dövlət İncəsənət Universitetinin musiqişünaslıq fakültəsindən, digəri isə Moskva Xalq İncəsənət Universitetinin musiqi filologiyası fakültəsindən. Bir ali təhsilimi qırmızı diplomla başa vurmuşam.
Uzun illər orta məktəbdə nəğmə müəllimi kimi çalışmışam. Uşaqlar məni çox sevirdilər. Hər dərsimdə musiqi sevgisini onlara aşılayırdım, mahnılar öyrədirdim, vətənpərvərlik ruhunda kompozisiyalar ifa etdirirdim. Musiqi həyatımda dönüş nöqtəsi isə “Həsrətindəyəm” kompozisiyası ilə baş verdi. Bu əsəri Moskvada vətən həsrəti içində bəstələdim. Azərbaycana hər dönüşüm göz yaşları ilə müşayiət olunurdu — bu torpağın, bu havanın, bu doğmalığın dəyərini dərin-dərin hiss edirdim.
“Həsrətindəyəm” kompozisiyası ilk dəfə olaraq Azərbaycanın bütün FM radiolarında səsləndi və çox sevildi. Ardınca klipi çəkildi və YouTube kanalımda yayımlandı. Bu kompozisiya mənim bəstəkar fəaliyyətimin ilk addımı oldu.
Sonra mərhum Ruhəngiz Qasımovanın yanına getdim. Allah ona rəhmət eləsin. Ona bəstələdiyim bir neçə instrumental kompozisiyanı təqdim etdim. Dedi ki, “Təkcə instrumental əsərlərlə kifayətlənmə, mahnılar da bəstələ. Sənin daxili dünyan, musiqiyə yanaşman çox zəngindir.” Mənə şairlərlə əməkdaşlıq etməyi, onların sözlərini musiqiyə çevirməyi tövsiyə etdi.
Dediyi bir fikir yaddaşıma həkk olundu: “Bəstəkar olmaq hər insana nəsib olmur. Bu, Allah vergisidir. Şair fikrini sözlə, rəssam fırçayla çatdırır, sən isə musiqi ilə danışırsan.” O həm də deyirdi ki, “Sənin musiqin Avropa üslubuna yaxındır, amma eyni zamanda milli köklərdən də güc alır. Bu xətti davam etdir.”
O mənə həm mənəvi dəstək verdi, həm də ilham verdi. Elə ondan sonra da yolumu daha inamla davam etdirməyə başladım.

—Deməli, ilk qol-qanad verən dəstəkçiniz ana-atanız, sonra bəstəkar müəlliminiz və sonda da Ruhəngiz xanım Qasımovanın dəstəyi olub.
—Bəli, mənim peşəkar fəaliyyətim isə məhz buradan – “Həsrətindəyəm” kompozisiyasından başladı. Əlbəttə, bu yol asan olmadı, çox əziyyətlə, zəhmətlə irəlilədim. 2010-cu ildə həmin kompozisiya ilk dəfə bütün Azərbaycan radiolarında səsləndi və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Daha sonra mən sözləri Xanım İsmayılovaya aid olan “Çağır məni” adlı mahnını bəstələdim. Bu mahnını mərhum sənətkarımız Aslan Hüseynov ifa etdi. Halbuki o, əvvəllər əsasən şən və oynaq mahnılar ifa edərdi. Amma bu mahnıya qulaq asan kimi göz yaşlarını saxlaya bilmədi və dedi: “Bu mənim mahnımdır!” Hətta özü bu əsərin aranjimanını etdirdi və Özbəkistandan qayıtdıqdan sonra Azərbaycanda studiyada səsləndirdi.
Həmin studiya sessiyasında Flora Kərimova da bizimlə birlikdə idi. Mən ona iki mahnı təqdim etdim: biri solo ifa üçün nəzərdə tutulmuş “Çağır məni”, digəri isə “Biz ikimiz” adlı duet idi. Bu dueti Flora xanım məhz Aslan Hüseynovla birlikdə ifa etdi. Hər iki mahnı geniş kütlə tərəfindən sevildi və böyük uğur qazandı.
“Çağır məni” mahnısı 2010-cu ildə “İlin ən gözəl mahnısı” nominasiyasına layiq görüldü. Aslan Hüseynov isə bu ifaya görə laureata layiq görüldü. Bu mahnının sözləri və musiqisi bir-birini tamamlayırdı, ona görə də dinləyicinin qəlbinə yol tapa bildi. Flora xanım da bu mahnını ifa edərkən göz yaşlarını saxlaya bilmədi. Çünki bu mahnı sadəcə melodiya deyildi, ruhun ifadəsi idi.Mənim mahnılarımı Azərbaycanın Xalq Artistləri Flora Kərimova, Gülyanaq Məmmədova, Səməd Səmədov, Azərbaycan Respublikasının Əməkdar Artisti Manana Caparidze, Azərbaycanın opera müğənnisi Fidan Qasımova , Niyam Səlami və bir çox müğənnilər ifa edirlər.
Əslində, məncə, bir mahnını bəstələmək — onun ritmini tapmaq deyil, sözün musiqisini tapmaqdır. Bu, çox önəmlidir. Bəzən görürsən ki, bir şeirə sadəcə musiqi “yapışdırılır”, amma bu, səmimi alınmır. Söz və musiqi bir-birini tapmalıdır. Mahnı ritmik də ola bilər, lirika da, şən də — amma onun əsas sirri odur ki, sözün “ürəyi” musiqidə yaşasın.
Əgər şeirin musiqisi düzgün tapılıbsa, o mahnı illərlə yaşayacaq. Bir də uğurlu mahnının formulu dörd əsas elementi özündə birləşdirir: güclü şeir, uyğun musiqi, peşəkar aranjiman və ürəklə ifa. Bu dördü bir araya gələndə mahnı yaddaşlarda qalır. Elə buna görə də xalq mahnılarımız bu günə qədər sevilir, yaşayır. İndiki dövrdə də həmin mahnılara yeni nəfəs verilir, müasir aranjimanla yenidən təqdim olunur və yenə də dinlənilir.
Təəssüf ki, bu gün bəzi bayağı, keyfiyyətsiz mahnılar da yaranır. Onlar bir anlıq səslənir, sonra yoxa çıxır, ulduz kimi parlayıb sönür. Mən bu cür mahnılara həmişə tənqidi yanaşmışam. Çünki bizim zəngin musiqi mədəniyyətimiz var və bu mədəniyyət qorunmalıdır. Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümü bildirmək istəyirəm. O, muğam sənətimizi dünyaya tanıtdı və onu yaşatdı.
Bu gün Avropada səslənən bəzi musiqilərdə də siz bizim milli alətlərimizin — tarın, kamançanın səslərini eşidə bilərsiniz. Çünki bizim musiqimizin kökləri çox dərin və zəngindir. Mən öz bəstələrimin çoxunda Bayatı-Şiraz muğamından istifadə etmişəm. Bu muğamın ecazkar ahəngi mənim ruhuma yaxındır. Demək olar ki, əksər kompozisiyalarım Bayatı-Şirazın ovqatı ilə yoğrulub.
Muğam, mahnı, poeziya və milli ruh — mənim musiqi dünyamın təməlini bunlar təşkil edir.

—Sevinс xanım, dediniz ki, Siz təhsilinizi Moskvada bitirmisiniz. Necə oldu ki,taleh Sizi Moskvaya gətirdi və Siz orada təhsil almağa qərar verdiniz?
—Mən Azərbaycanda imtahandan keçə bilmədim. O vaxtlar ali məktəblərə qəbulda ciddi yarış, konkurs məsələsi var idi. Düşünürdüm ki, bu qədər böyük sənətə necə daxil ola bilərəm? Ballarım kifayət etmədi. Amma ruhdan düşmədim. Özümə söz verdim: əgər burada alınmadısa, başqa ölkədə təhsil alacağam. Lakin harada olsam da, yenə də Azərbaycanı təmsil edəcəyəm. Bu mənim həyat prinsiplərimdən biri olub – əgər qarşıma məqsəd qoymuşamsa, onu mütləq həyata keçirirəm.
Beləcə, Moskvaya getdim və təhsilimi uğurla başa vurdum. Orada da müxtəlif təkliflər aldım. Moskvadakı müəllimlərim mənimlə əməkdaşlıq etmək istəyirdilər, kontraktlar təklif olunurdu. Amma mən dedim: “Xeyr, əvvəlcə öz vətənimdə tanınacağam, sonra başqa ölkədə.” Bu, mənim prinsipial mövqeyim idi və bu mövqedən dönmədim. Həqiqətən də bu yol çətin oldu. Artıq on beş ildir ki, bu sənətdə çarpışıram və çəkdiyim əziyyətləri yalnız Allah bilir.
Sənət aləmində tanınmaq asan deyil. Bəzən bir mahnı ilə gündəmə gələnlər olur və dərhal onları “super bəstəkar” adlandırırlar. Amma bu, belə deyil. Bəstəkar ardıcıl şəkildə yaradıcılıqla məşğul olmalı, iz qoyan əsərlər ortaya qoymalıdır.
Azərbaycanda pantomima filmi yoxdur, elə deyilmi?! Məhz Azərbaycanda ilk dəfə çəkilən pantomima filminin bəstəkarı mən oldum. Filmin adı “Sülhün yaranması” idi. Təxminən on dəqiqəlik qısametrajlı filmdir. Bu film üçün bəstələdiyim musiqidə sözlər yox idi, amma hər hiss, hər fikir o musiqidə danışırdı. Sözsüz “danışan” bir musiqi idi. Orada şər və xeyir, mübarizə və sülh mövzuları musiqi vasitəsilə çatdırılırdı. Bu film böyük maraq doğurdu və beynəlxalq festivalda yüksək qiymət aldı.Mahnılarım da müxtəlif layihələr üçün sifariş edilib. Bir neçə film üçün musiqilər bəstələmişəm. Həmçinin bəzi ekran işlərində özüm də çəkilmişəm. Hal-hazırda da yeni dəvətlər alıram. Xüsusilə Türkiyədən maraqlı layihələr var. Bir neçə serial üçün bəstələr üzərində işləyirəm – amma indi adlarını açıqlamıram, sürpriz olsun.Eyni zamanda, mən vətənpərvər ruhlu əsərlərə xüsusi önəm verirəm. Məncə, istər bəstəkar, istər müğənni, istər şair, rəssam, həkim, mühəndis, müəllim – hansı peşənin sahibi olursa olsun – hər birimiz öz sənətimizlə vətən üçün iz qoymalıyıq. Elə bir miras qoymalıyıq ki, gələcək nəsillər bizimlə fəxr etsinlər.
Çünki biz bu torpağın övladlarıyıq. Harada yaşasaq da, harada çalışsaq da, doğma vətənimizi unutmamalıyıq. Mən indi Türkiyədə yaşasam da, hər zaman Azərbaycanı təmsil edirəm. Mən azərbaycanlı bəstəkaram. Mənim əsərlərim harada səslənsə də, o əsərlərdə Azərbaycan bayrağı dalğalanır. Hər yerdə özümü azərbaycanlı kimi təqdim edirəm. Bu, mənim üçün böyük qürur və məsuliyyətdir.

—Siz qeyd etdiniz ki, çox prinsipialsınız və qarşınıza məqsəd qoyursunuz ki, “Yox mən bunu edəcəyəm” və edirsiniz. Bu məqsədə çatmaq üçün Sizin işinizdə, Sizin xarakteriniz də hansı xüsusiyyətlər Sizə kömək eləyir?
—Əgər qadın üçün bir sənət aləmində yol getmək çətindirsə, bu təkcə bu sahəyə aid deyil. Bəstəkarlıq, şairlik, rəssamlıq – bütün yaradıcı sahələrdə qadınlara qarşı qısqanclıq və maneələr olur. Amma gerçək istedad Allahdan gələn bir nurdur və o, daimidir.
Mənim üçün bu yol asan olmayıb. Bir anda parlamamışam. Sənətimlə, əməklə, xalqın sevgisi ilə irəliləmişəm. Ən böyük mükafat – xalqın sevgisidir. Əgər xalq səni sevirsə, sənin sənətinə dəyər verirsə, bundan böyük xoşbəxtlik yoxdur. Mən bir əsər bəstələyəndə onun altında sadəcə öz adımı yox, Azərbaycan xalqının adını görürəm. Çünki bu sənət, bu istedad mənimlə birgə xalqımındır. Eqoist deyiləm, mən istəyirəm ki, xalqım sevinsin, fəxr etsin.
Müharibə dönəmində də bu hisslə yaşamışam. Düşünmüşəm ki, əgər lazım olsa, mən də gedərəm, döyüşərəm. Onsuz da hər bir insan bu dünyadan köçəcək. Amma vətən uğrunda can vermək, şəhid olmaq – bu bir şərəfdir. Hər kəsə nəsib olmur o zirvəyə ucalmaq. Mən isə istəyirdim ki, bu torpaq üçün şəhid olum, çünki bu torpağı çox sevirəm. Amma yaşamaq varsa, o zaman insan kimi yaşamaq, yaddaşlarda qalmaq lazımdır.
Həyatda hər şey pulla ölçülmür. Birinin əlindən tutub ona kömək etmək də bir yaxşılıqdır. Mənim üçün əsas budur – insan olmaq. Rəhmət sözünü qazanmaq. Mən də çətinliklər yaşadım, amma içimdəki xarakter, qətiyyət məni saxladı. Bayaq da dedim – mən bir işə başlayıramsa, onun sonuna qədər gedəcəyəm.Ya qalib gələcəyəm, ya da yolun ortasında can verəcəyəm, amma yarımçıq qalmayacaq.
Mənə bu yolda ən böyük dəstək ailəmdən gəldi. Atam, anam, övladlarım – heç biri mənə “dayan” demədi. Əksinə, atam həmişə deyirdi: “Get, qızım. Sən bacarırsan.” Hər dəfə efirdə çıxış edəndə, onlar qürurla izləyirdilər, sevinirdilər. Onların dəstəyi mənim üçün milyardlarla dəyərində idi. İnsan qol-qanad verildikcə uçur. Mənə də o qanadları verən ailəm oldu, Allahım oldu.
İllərdir bu sahədəyəm. Bəli, çətinliklər çox oldu. Qısqanclıqla, maneələrlə qarşılaşdım. Amma məqsədimə sadiq qaldım. Mən bu sənətdə tanınmaq üçün heç kimin qarşısında əyilmədim. Mahnılarım sevilir, xalq məni tanıyır, dəyər verir – bu mənim üçün zirvədir.
Mən qadınlara da demək istəyirəm: əgər sizdə məqsəd, qətiyyət və qürur varsa – siz istədiyiniz hər yerə çata bilərsiniz. Heç bir şey sizi dayandıra bilməz. Sadəcə, geriyə baxmayın. Çətinlik olsa da, mübarizəni buraxmayın.

—Sizin övladlarınız da musiqi ilə məşğuldurlarmı?
—Bəli, hər iki övladım musiqi təhsili alıb, hər ikisi də piano üzrə ixtisaslaşıb. Xüsusilə kiçik qızım – hazırda Türkiyədə yaşayan övladım – musiqi bəstələməklə məşğul olub, müəyyən dərəcədə bu sahədə irəliləyib, lakin sonradan davam etdirmədi. Onların hər biri ali təhsillidir. Biri Gömrük Akademiyasını bitirib, digəri isə Moskva İqtisad Universitetinin məzunudur. Hazırda hər biri öz ailəsi, övladları ilə məşğuldur.Nəvələrim də sənətə, idmana maraqlıdır. Nəvəm Məryəm pianino çalır, musiqiyə böyük həvəsi var. Artıq o da bu sahədən uzaqlaşmayacaq kimi görünür. Digər nəvəm – Səid – futbol oynayır və olduqca istedadlı futbolçudur. Türkiyədə onunla ciddi maraqlanırlar, deyirlər ki, bu uşaqda böyük potensial var. Məryəmdə isə bir növ aktyorluq qabiliyyəti var. Onu artıq reklamlara və seriallara dəvət etməyə başlayıblar. Ajanslara qeydiyyatdan keçib, müxtəlif layihələr üçün müraciətlər olunur.Açığını deyim, bizim ailədə bu yaradıcı potensial, sənətə meyl bir növ genetikdir. Düşünürəm ki, bu istedadlar bizdə doğrudan da var və bu mənim üçün böyük qürur mənbəyidir
—Sizin həyatınızda dönüş nöqtəsi nə zaman oldu? Və o dönüş nöqtəsindən bir az danışa bilərsiniz?
—Mənim mahnılarım mənim üçün övladlarım kimidir. Necə ki, ana övladını sevər, mən də mahnılarımı eyni sevgiylə bağrıma basıram. Onlar mənim daxilimdən gəlir, hisslərimdən doğur. Elə bir mahnım var ki, onu ifa edəndə ağlayıram, yaşayıram. Elə bilirəm ki, göyün yeddinci qatına qalxıram. Hər dəfə mahnılarım ifa olunanda, seviləndə, insanların qəlbinə toxunanda elə bilirəm ki, mənim bir evladım xoşbəxt olub. Bu, mənim üçün böyük bir uğurdur.
Mənim bəstələrim arasında xüsusi yer tutan bir kompozisiya var – “Uğura aparan yol”. Bu həm də mənim layihəmin adıdır. Mən o musiqiyə sanki həyatımın fəlsəfəsini, devizini yerləşdirmişəm. Kompozisiyada pozitivlik, inam və qələbəyə doğru irəliləyiş var.
Hətta bu musiqiyə xüsusi klip də çəkdirdim – ağ atın belində, dənizdən çıxaraq irəliləyirəm. At – mənim üçün uğur və muraddır, dəniz isə aydınlıq və təmizlikdir. Mən orada məqsədimə çatmağı, ümidlərimi və zəhmətimin nəticəsini əks etdirdim.
Uşaqlıqdan atlara bağlıyam. Atam Qərbi Azərbaycandandır, babam isə Mehri rayonunun Nüvədi kəndindən. Mən uşaqlıq illərimi orada keçirmişəm. Babam məktəb direktoru və riyaziyyat müəllimi olub, onun qırmızı yəhərli atı var idi. Məni kəndə o atla gəzdirərdi. Həmin anlar mənim yaddaşımda dərin iz buraxıb və at sevgisi məhz oradan gəlir.
Atam da çox istedadlı rəssam idi, lakin babam onun bu sahəyə yönəlməsinə icazə verməyib. Politexnik İnstitutu bitirib inşaatçı oldu, amma onun yağlı boya ilə divarlara çəkdiyi rəsmlər hələ də yaddaşımdadır – troykalar, atlar, nənəmin portreti… Bu əsərlər danışırdı, sanki canlanırdı. Ümid edirəm ki, Zəngəzur dəhlizi açıldıqdan sonra babamın evinə gedib o divar rəsmlərini çəkə bilərəm.
Anam da rəssamlıq qabiliyyətinə malik idi, amma həyat imkan vermədi bu sahəni davam etdirsin. Əvəzində həkim oldu. Onun musiqiyə sevgisi, klassik əsərlərə marağı məndə musiqiyə yönəlik dərin hisslər oyatdı. Anamın mənə toxuculuq, əl işləri, dekorativ sənətlər öyrətməsi də bu yaradıcılıq dünyama töhfə verdi.
Ailəmizdə sənətə bağlılıq güclü olub. Nəsildə çox sayda şairlər, rəssamlar, iş adamları olsa da, bəstəkar yalnız mən oldum. Və bu yolda atdığım hər bir addımı, qazandığım uğuru Vətənimə borcluyam. Otuz il həsrətində olduğumuz torpaqlarımızı geri aldıq və bu qələbədə canından keçən şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm. Onların ruhu bizim üçün müqəddəsdir.
Mənim bəstələrim artıq təkcə Azərbaycanda deyil, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Kərkük, Aşqabad kimi müxtəlif türk dövlətlərində də sevilərək səslənir. Məsələn, Özbəkistanın Əməkdar Artisti Mohichehra Shamurotova və tanınmış müğənni Nodir Ibrohimov, Türkmənistanın tanınmış müğənniləri Sərdar, o cümlədən gənc və istedadlı Aymahrem Akmyradova mənim mahnılarımı ifa ediblər. Artıq sosial şəbəkələrdə də mahnılarım yayılmağa başlayıb.
Türkiyədə də bir sıra layihələrim olub. “Çanaqqala”, “15 Temmuz”, “23 Nisan Çocuk Bayramı”,”Həyat gözəldir” ,” Erdoğanlı Türkiyə”,“Mənim Atatürküm“ adlı kompozisiya –-bütün bu bəstələdiyim əsərlər böyük rəğbətlə qarşılanıb. Bundan əlavə bir neçə filmlərə də musiqilər bəstələmişəm və o filmlər festivallarda 1-ci və 2-ci yerlərə layiq görülüb. Yəni artıq görürəm ki, tanınıram və əsərlərim öz yolunu tapır.
Və bir söz verim: bu gün “Fortuna” jurnalı üçün verdiyim müsahibə mənim üçün önəmlidir. Elə bir kompozisiya bəstələyəcəyəm və ona da “Fortuna” adını verəcəyəm. Jurnalın təqdimat mərasimində o kompozisiyanı səsləndirəcəyik. O bizim devizimiz olacaq – uğura aparan yolun musiqisi.

—Sevinc xanım, indi cavanlar çoxdur hansı ki , istedadı var, amma gücü yoxdur, içində inamı yoxdur. Siz onlara nə məsləhət verirərsiz?
—Mən onlara baxanda tez-tez düşünürəm: elə uşaqlar tanıyıram ki, çox istedadlıdırlar. Amma kasıbçılıq ucbatından irəli gedə bilmirlər. Səsi gözəldir, amma imkanları yoxdur. Bu yaxınlarda belə uşaqlardan biri olan görmə məhdudiyyətli bir qız – Cəmilə üçün Leyla xanım Əliyevanın sözlərinə yazılmış bir mahnını bəstələdim.
Cəmilə gözləri ilə görmür, amma qəlbi ilə görür, ruhu ilə duyur. Bilirsinizmi, bu şeir – Leyla xanım Əliyevanın yazdığı həmin o duyğulu misralar – məhz kor bir qıza ithaf olunmuşdu. Mən də həmin şeiri Cəmilənin səsinə uyğunlaşdıraraq ifa etdirdim. O qədər ürəkdən oxudu ki, mahnı dinləyicilər tərəfindən çox sevildi. Bu yaxınlarda həmin ifa təqdim olunacaq. Hətta Leyla xanım Əliyevanın ikinci bir mahnısını da Cəmiləyə hədiyyə edib.
Cəmilə həm rusca, həm də azərbaycanca oxuyur. Bir neçə televiziya kanalında çıxış edib, o cümlədən Flora xanımın evində müsahibə zamanı canlı ifa etmişdi. Səsi çox bəyənildi.
Mən inanıram ki, bu qızın gələcəyi var və biz onu dəstəkləməliyik. Ümumiyyətlə, təkcə Cəmiləyə yox, bir çox uşağa dəstək olmuşam. Hər bir istedadlı uşağın yanında olmaq lazımdır.
Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki,dəstəyim nəticəsində Özbəkistandan olan Mehdi Mayısoğlu adlı bir uşaq mənim mahnılarımı beynəlxalq səviyyədə təmsil edir.İlk dəfə ona hədiyyə etdiyim ,mənim Milli Qəhraman Mübariz İbrahimova həsr olunmuş mahnımı səhnədə ifa etdib.Hazırda Özbəkistanda keçirilən festivalda “Özbək balası” adlı mahnımı təmsil etdi və böyük maraqla qarşılandı.Bilirsiniz, insan tək olmur. Elə sizin kimi — çox övladınız olmasa belə, əslində, yolunuza inanan hər bir uşaq sizin övladınızdır. Mən qadınlara, xüsusən də gənc xanımlara bir şey demək istəyirəm: hər qadın “xanım” ola bilmir, hər ana doğmaqla ana olmur. Əsl xanımlıq ürək, zəhmət və ləyaqət tələb edir.
Bizim Azərbaycan qadınları güclüdür. Mən bunu qürurla deyirəm. Onlar içlərində Həcər obrazını daşıyırlar. Yəni çətinliklərə baxmayaraq, irəli gedə bilirlər. Mən özüm bu həyatda dəfələrlə yıxılıb-qalxmışam. O qədər zərbələr almışam ki, sanki bu zərbələr məni polad kimi bərkidib. Artıq həyatın yeni sınaqları da gəlsə, dözə bilirəm. Çünki içimdə bir iradə var. Hər insana da bunu arzu edirəm: iradəli olmaq, sınmamaq və daim özünə inanmaq!
—Başlamaqa üçün gücü olmayan qadınlara, cavanlara nə məsləhət görərdiniz?
—Hər kəs öz istedadını üzə çıxarmalıdır. İstər rəssamlıq olsun, istər musiqi, istər yazı — fərq etməz. Əgər içində bir bacarıq varsa, onu gizlətməsin. Əziyyət olsa da, yol çətin də olsa, getməlidir o istədiyi istiqamətdə. Əgər bir insan nəyisə bacarırsa, onu göstərməkdən çəkinməməlidir. Biri başa düşməsə də, o öz işini görməlidir. Çünki hər hansısa bir sənətdə əziyyət olmadan nəticə olmur. Allah da deyib: “Səndən hərəkət, məndən bərəkət.”
Siz də — Səidə xanım — bu günə birdən-birə gəlməmisiniz. “Fortuna” adlı jurnalın yaranması bir anda baş verməyib. Siz, nə qədər maneələri aşmısınız. Elə olur ki, qadınlar maneələrlə üzləşdikdə,çətin anlarında gizlində ağlayırlar. Övladları görməsin deyə gecələr içinlərinə qapanırlar. Səhər isə göz yaşlarını silib, makiyajlarını çəkib qapıdan elə bir gülümsəmə ilə çıxırlar ki, sanki dünyada onlardan xoşbəxti yoxdur.
Bax bu gücdür. Bu güc hər kəsdə olmur. Güclü olan insan layiq görünür. Amma zəif iradəylə, “Mən neyləyim, kimə deyim?” düşüncəsiylə heç nəyə çatmaq olmur. Asan yolla parlayanlar sonra tez də sönür. Məqsəd qoymaq lazımdır. Prinsip sahibi olmaq lazımdır. Bir şeyi tutanda, ona yapışmalısan. Qopanadək, yıxılanadək tutmalısan. Geri yol olmamalıdır. Bax onda insan məqsədinə çatır.
Bu sənətdə mənəvi dəstəyin də böyük rolu olub. Xalq artisti Flora xanım mənim üçün böyük dayaq olub. Həmişə zəng edib: “Qızım, necəsən?” – deyirdi. Onun səsində elə bir enerji, elə bir sevgi vardı ki, mənə qanad verirdi. Mənim işlərim yoluna düşürdü. Deyirdi: “Sən özünü görmürsən, amma mən görürəm sən nə qədər böyük işlər görürsən. Səndə bir kişinin gücü var!”
Flora xanım deyirdi ki, “Sən qazilərə, vətənpərvərlik mövzusuna, uşaqlara, cəmiyyətin müxtəlif təbəqələrinə toxunursan. Özünü kiçik, zəif bir qız kimi görsən də, sən əslində bir əjdaha gücüsən.” Onun bu sözləri mənə böyük ruh verirdi. Deyirdi: “Sən belə davam etsən, onsuz da hər şeyə nail olacaqsan. Çünki sənə halal olsun, sən layiqsən.”
Bu güc sözü deyəndə mənim gözümün qabağına anam və atam gəlir. Hər ikisi güclü insanlar olublar. Mənim atam da, anam da bir-birinə dayaq olublar. Elə deyirlər ki, güclü qadının arxasında güclü kişi olar. Mənim anam həkim idi. Gecənin bir aləmində kimsə zəng etsə, uşağın başına iş gəlsə, ana paltosunu geyinib qaçardı ki, uşağı xilas eləsin. Atam da iş adamı olsa da, kasıblara yardım edən bir insan idi.
Biz heç vaxt villalar, lüks həyat arzusunda olmamışıq. Ailəmiz ziyalı ailəsi idi. Atam əlinə pul düşəndə ehtiyacı olanlara verərdi. Amma bunu heç zaman dilinə gətirməzdi. Mən bu yaşa çatandan sonra eşidirəm ki, atam insanlara dəstək olub.
Bu yaxşılıq, bu mərhəmət elə mənə də onlardan keçib. Mən də eyni yolu gedirəm. İmkan daxilində, əlim çatan qədər kömək edirəm. Və bu kömək mənəvi bir borcdur — həm ailəmə, həm də cəmiyyətə qarşı.
—Sizin fikrinizcə, uşağı böyüdərkən ən çox nəyə diqqət yetirmək lazımdır? Valideynlər hansı əsas məqamlara önəm verməlidirlər?
—Uşağı böyüdərkən, onun cinsindən asılı olmayaraq, hər bir həyat şəraitinə hazırlamaq vacibdir. Xüsusilə qız uşaqları güclü və müstəqil böyüməlidir. Onlara ailə dəyərlərini, təhsilin əhəmiyyətini, eyni zamanda, çətinliklər qarşısında dayanmağı öyrətmək lazımdır. Mən qızlarımı elə böyütmüşəm ki, həyatın hər üzünü görsünlər. Təhsil alıblar, diplomları var, amma bu gün onların əsas uğuru ailələrindədir. Çünki mən onlara öyrətmişəm: problemləri əvvəl ailə daxilində, öz aralarında həll etsinlər. Amma eyni zamanda deyirdim: “Təhsiliniz həyat sığortanızdır. Həyat gözlənilməzdir.”
Oğlan uşaqları isə zəhmətin qədrini bilməlidir. Atanın pulu olsa belə, uşaq işləməli, çətinliyi görməlidir. Çünki asanlıqla əldə edilən şeyin dəyəri bilinmir. Həyat boyu valideynin imkanına güvənmək olmaz.
Valideynlər övladlarına dost yox, dayaq və rəhbər olmalıdır. Qızın ən yaxın sirdaşı anası, oğlanın isə atası olmalıdır. Valideyn uşağın çevrəsini tanımalı, onu izləməli, hansı insanlarla münasibətdə olduğunu bilməlidir. Bu gün hər mühitdə müxtəlif tiplər ola bilər. Ona görə də uşağa güclü iradə və doğru dəyərlər aşılanmalıdır ki məlnfi təsirlər altına düşməsin.
Uşağı hər istəyinə “bəli” deməklə böyütmək olmaz. Əgər hər şeyə asanlıqla sahib olarsa, gələcəkdə həyatın reallığı ilə qarşılaşanda çətinlik çəkəcək. Bu, həm ailə münasibətlərini, həm də psixoloji dayanıqlığı poza bilər.
Unutmayaq ki, tərbiyənin əsası ailədə qoyulur. Ailə nə qədər sağlam və möhkəm olsa, uşağın gələcəyi də bir o qədər güvənli və uğurlu olar. Eyni zamanda, tək valideynli və ya çətin şəraitdə böyüyən uşaq da düzgün istiqamətləndirilsə, cəmiyyətə faydalı və uğurlu bir fərd kimi yetişə bilər. Bu, həm tərbiyədən, həm də insanın içindəki gücdən qaynaqlanır.
—Sevinc xanım, heç olubmu ki, oturub arxaya baxasınız və özünüzə deyəsiniz: “Kaş ki, bunu etməyəydim…”
— Bəli, olub. Həm də çox. Bu sənətə gələndə çox çətinliklər yaşadım. Bilirdim ki, bu yol asan olmayacaq. Anam istəyirdi ki, mən həkim olum. Və bu gün düşünəndə deyirəm, bəlkə də o yolla getsəydim, pis olmazdı. Çünki məndə o aura var idi. Elə insanlar olub ki, mən onlarla söhbət etdikdən sonra ruhdan düşmüş, psixoloji baxımdan çökən insan düzəlib, özünə gəlib. Mən xəstə ilə söhbət edərək onun içindəki ümidi oyada bilirəm. Hərdən düşünürəm, bəlkə də həkim olsaydım, daha çox faydam dəyərdi. Hətta mənə elə gəlir ki, yanıma gələn xəstələr sağalıb gedərdi. Bax, bir az da bu məsələyə görə peşmanlığım var.
Amma nə olursa olsun, indi də həyatımı sənətə həsr etmişəm və bununla da xoşbəxtəm. Əgər yenidən seçim şansım olsaydı, bəlkə həkimliyi də sınayardım, amma sənətdən də keçməzdim.
—Sizin həyatda etmək istədiyiniz, amma, gerçəkləşməyəcəyini düşündüyünüz arzunuz var mı?
—Yox, məndə əksinədir – hər şey alınır. Bəli, əziyyətlə də olsa, amma məqsəd qoyduğum hər bir şeyin öhdəsindən gəlirəm. Amma arzum nədir? İstərdim ki, bir gün böyük bir məktəb aça bilim. Çünki mən bunu bacarmaq gücündə olduğumu hiss edirəm. İstəyirəm ki, heç kim bu həyatda “məndə alınmaz”, “məndə yoxdur” deməsin. Mən özümü xoşbəxt sayıram.
Amma xoşbəxtlik elə bir şeydir ki, bəzən bədbəxt anlarla da sınağa çəkilir. Buna baxmayaraq, ən böyük arzum odur ki, bizim Azərbaycan xanımlarımız – təkcə Azərbaycanda deyil, bütöv Türk dünyasında yaşayan qadınlarımız, xüsusilə də cəmiyyətin unudulmuş və kölgədə qalmış qadınları – layiqli, dəyər verilən, hörmət edilən bir həyat yaşasınlar. Onların qəlbi incidilməsin. Qadın elə bir varlıqdır ki, bir gül kimidir – ona necə qulluq etsən, o da eləcə çiçəklənəcək. Əslində, çirkin qadın yoxdur. Qadını çirkin göstərən münasibətlər, laqeydlik və hörmətsizlikdir.
İstərdim ki, qadınlar elə sevilsinlər, elə dəyərləndirilsinlər ki, içlərindəki gözəllik daha da artsın. Bəzən bir baxış, bir münasibət qadını elə dəyişir ki, o, sanki bütün aləmi işıqlandırır. Arzum budur ki, bütün Azərbaycan xanımları xoşbəxt olsunlar. Heç birinin göz yaşları axmasın. Onlar ər çörəyi yesinlər, ailə içində sevgi və hörmətlə yaşasınlar. Yoldaşları evə gələndə onları sevgi ilə qarşılasınlar. Evdəki o mühit o qədər gözəl olsun ki, kişi üçün də, qadın üçün də o ev cənnətə çevrilsin. Axı ailədə hər şey sevgi və anlayışdan başlayır. Uşaqlar da elə o mühitdən tərbiyə götürürlər.
Qadınlarımız çiçək kimi açsın, həyatın gözəlliyini hiss etsin, heç vaxt qırılmasınlar. Mənim ən böyük arzum budur.
—Özünüzə nə arzuluyursunuz?
—Bu yaxınlarda generalımız Polad Həşimovun əziz xatirəsinə mahnılar bəstələmişəm. “Çağır məni” adlı mahnım Xocalı soyqırımı mövzusundadır. Həmin mahnıya klip çəkilib və vətənpərvərlik ruhunda film də ərsəyə gəlib. Həmin filmdə şəhid anası rolunda özüm də iştirak etmişəm. Bu, mənim üçün böyük bir məsuliyyət və fəxrdir.
Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan-Ukrayna Alyansının rəhbəri Elmar Məmmədovun təşəbbüsü ilə mən Polad Həşimovun Qızıl medalına layiq görüldüm. Bu mükafatı şəxsən generalımızın anası Səmayə xanım mənə təqdim etdi. Bu, mənim üçün çox dəyərli və mənalı bir hadisə idi. Azərbaycanda bu medala layiq görülən ilk şəxs olmaq böyük şərəfdir. Bundan əvvəl general Həzi Aslanov və Cəmşid Naxçıvanski medallarına da layiq görülmüşəm. Həmçinin Türkiyədə dəfələrlə müxtəlif mükafatlar və fəxri adlar almışam. Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu və qızıl medalı ilə təltif olunmuşam.
İllərdir ki, həm Azərbaycanda, həm də ölkə xaricində – xüsusilə Türkiyədə – müxtəlif mahnılarıma kliplər çəkdirir, filmlər ərsəyə gətirir, vətənpərvər mövzularda təqdimatlar təşkil edirəm. Bu işləri yalnız musiqiçi kimi yox, həm də bir vətəndaş olaraq öz borcum bilirəm. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini hər zaman yad etmişəm və onları təkcə səhnədə yox, beynəlxalq səviyyədə də tanıtmaq üçün çalışmışam.
Bu yaxınlarda Türkiyənin tanınmış sənətçisi və iş adamı Əli Səngər tərəfindən mənə çox dəyərli bir təklif gəldi – general Polad Həşimovun həyatına həsr olunacaq bədii filmin musiqilərini bəstələməyim istəndi. Filmin çəkilişləri Türkiyədə aparılacaq və orada tanınmış türk aktyorları iştirak edəcək. Bu təklif mənim üçün çox böyük qürur mənbəyidir və Əli Səngərə bu filmin bəstəkarı olmaq22 təklifi üçün xüsusi təşəkkür edirəm. Hər zaman söyləmişəm: harada olmağımdan asılı olmayaraq – istər Avropada, istərsə də türk dünyasında – vətənpərvər ruhda yazdığım əsərləri təqdim edəcək, xalqımı və şəhidlərimizi tanıdacağam.
Bununla yanaşı, mən Hörmətli Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ona ithaf olunmuş “İki qəlbin dastanı” adlı mahnını bəstələmişəm. Mahnını “Azəri inciləri” vokal qrupu ifa etdi və ona klip də çəkildi. Mahnının böyük təqdimatını xanımın doğum günündə keçirdik. Daha sonra Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş “İlhamlı Azərbaycan” kompozisiyasını ərsəyə gətirdim. Bundan əvvəl isə Cənab Prezidentin anası, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın əziz xatirəsinə “Gözlərə nur verən” adlı kompozisiya yazmış, klip çəkdirmiş və onun da təqdimatını təşkil etmişdim.
Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə isə “Xatirələr, Ulu Xatirələr, Ulu Öndərim” adlı kompozisiyanı bəstələmiş, ona da xüsusi bir təqdimat hazırlamışam. Bu əsərlər mənim üçün təkcə yaradıcılıq nümunəsi deyil, həm də xalqımıza, tariximizə, şəxsiyyətlərimizə ehtiramımın ifadəsidir.
—Və sonda Sevinc xanım ,bizə nə arzulayırsınız?
—Sizə də arzum budur ki, Səidə xanım sizi o qədər çox sevdim ki, o qədər gözəl xanımsınız ki, auranız da gözəldir. Hər zaman sizin yanınızdayam və söz verirəm ki, Sizin üçün ”Fortuna” jurnalına həsr olunmuş bir kompozisiya bəstələyəcəyəm. Əminəm ki, onu klip şəklində çəkib təqdim edə bilərik.
Müəllif: “Fortuna” jurnalının baş redaktoru Səidə Musayeva