Beynəlxalq münasibətlər üzrə ekspert Murad Muradov İrəvanda NATO-nun seminarında iştirakından danışıb
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov bu ilin yayında Ermənistana səfər edərək İrəvanda keçirilmiş NATO Parlament Assambleyasının 108-ci “Rose-Roth” seminarında iştirak edib. Bu, müasir Cənubi Qafqaz tarixində mühüm və simvolik hadisələrdən biri hesab olunur. “Fortuna” jurnalına verdiyi geniş müsahibəsində Murad bəy səfərin hazırlıq prosesindən, yaşanan çətinliklərdən, dialoqun ilkin mərhələlərindən və bölgədə sülhün, sabitliyin bərqərar olması üçün mədəni və siyasi təmasların əhəmiyyətindən danışdı.

– Salam, Murad bəy! “Fortuna” jurnalına xoş gəlmisiniz. Zəhmət olmasa, iştirak etdiyiniz tədbir barədə danışardınız.
– Salam! Dəvətiniz üçün təşəkkür edirəm. İştirak etdiyim tədbir, həqiqətən, beynəlxalq əhəmiyyət daşıyırdı. Bu, ikitərəfli formatdan çox, daha geniş bir təşəbbüs – Avropa İttifaqı və NATO-nun birgə keçirdiyi, 1990-cı illərdən bəri davam edən “Rose-Roth” seminarlar seriyasının bir hissəsi idi.
Bu dəfə seminarın 108-ci toplantısı İrəvanda baş tutdu. İyul ayında NATO Parlament Assambleyası ilə əməkdaşlıq edən xarici tərəfdaşlarımızdan rəsmi dəvət aldım. Məni tədbirdə çıxış etməyə dəvət etdilər və əsas mövzu Cənubi Qafqazda sülhün qurulması və münasibətlərin normallaşdırılması idi.
Düzünü desəm, bu dəvət mənim üçün gözlənilməz oldu. Cəmi bir il əvvəl belə bir ssenari çox az ehtimal edilirdi. Çünki ölkələr arasında münasibətlər gərgin idi və yeni toqquşmaların mümkünlüyü ciddi şəkildə müzakirə olunurdu. Bu baxımdan, 2025-ci ildə bir azərbaycanlı ekspertin Ermənistana dəvət olunması artıq özü-özlüyündə önəmli bir simvolizm daşıyır.
Mən də bunu böyük məsuliyyət kimi qəbul etdim. Çünki belə səfərlər sonuncu dəfə 2019-cu ildə – müharibədən əvvəl baş tutmuşdu. Ola bilər ki, idman və ya humanitar səviyyədə müəyyən əlaqələr qurulmuşdu, amma siyasi-ekspert müstəvisində bu, ilk idi.
Bu səbəbdən səfərə ciddi şəkildə hazırlaşdım: çıxışımı dəqiqliklə planlaşdırdım, hər cümlə üzərində düşündüm. Mənim iştirak etdiyim panel müzakirəsi Cənubi Qafqazda sülh danışıqları və post-münaqişə dövrü ilə bağlı idi. Paneldə mənimlə yanaşı, Ermənistan və Türkiyədən də nümayəndələr iştirak edirdi, moderator isə Hollandiyanın Haaqa şəhərində yerləşən bir təşkilatı təmsil edirdi. O, belə bir tərkibdə paneli ilk dəfə idarə etdiyini və bunun tarixi bir məqam olduğunu xüsusi vurğuladı.

– Sizin İrəvan səfəriniz, şübhəsiz ki, tarixə düşəcək. Səfərə yollanarkən nə kimi düşüncələr içində idiniz?
– Mən hər zaman belə düşünmüşəm: əgər az da olsa, müsbət bir töhfə vermək imkanı varsa, bundan qaçmaq olmaz. Risklər olsa belə, məsuliyyətdən yayınmaq düzgün deyil.
Xüsusilə də indiki dönəmdə, hökumətlər səviyyəsində qarşılıqlı əlaqələrin qurulmasına və diplomatik münasibətlərin bərpasına yönəlmiş müəyyən siqnallar hiss olunarkən, bu təşəbbüsə qatılmaq mənim üçün bir borc idi.
Mən Ermənistanın daxilində – neytral deyil, birbaşa orada – çıxış edərək Azərbaycanın mövqeyini ifadə etməyi özümə vacib saydım. Üstəlik, tədbir təkcə erməni nümayəndələrinin iştirakı ilə məhdudlaşmırdı. Avropanın bir çox ölkələrinin, o cümlədən Fransanın parlament nümayəndə heyətləri də iştirak edirdi. Bu baxımdan, İrəvanda keçirilən belə bir tədbirdə azərbaycanlı ekspertin çıxışı – Avropa iştirakçıları üçün də mühüm bir dəyişiklik əlaməti idi.

– Həyatınızda “uğurlu təsadüf” hesab etdiyiniz nə olub?
– Ola bilsin, ən böyük şansım elə bu sahəyə gəlmək qərarım oldu. Topçubaşov Mərkəzi 2018-ci ildə rəsmi şəkildə fəaliyyətə başlasa da, ideya 2015-ci ildə yaranmışdı. O zaman universiteti yeni bitirmişdim, siyasi analiz və beynəlxalq münasibətlər sahəsində çalışmaq istəyirdim. Amma bu sahədə sabit iş tapmaq çətin idi. Başqa sahədə çalışmağa məcbur qaldım, amma sevdiyim işi tamamilə buraxmaq istəmirdim.
Mən və dostum Rusif Hüseynov bu sahədə yazılar yazmağa başladıq, əsas diqqəti isə ingilisdilli analitik kontentə yönəltdik. Əvvəlcə tamamilə könüllü şəkildə başladıq, özümüz üçün yazırdıq, amma zamanla tanındıq, əlaqələr qurduq.
Nəhayət, təşkilatı rəsmi şəkildə qeydiyyatdan keçirdik və mən bu işi tam zamanlı fəaliyyətimə çevirdim. İndi isə baxıb deyə bilərəm: bu addım mənim həyatımın ən uğurlu qərarlarından biri olub. Çünki bu sayədə mən bu gün beynəlxalq platformalarda çıxış edə, ölkəmi təmsil edə bilirəm.

– Bu cür missiyalar yalnız peşəkarlıq deyil, güclü psixoloji hazırlıq da tələb edir. Hiss etdiyiniz çətinliklər nələr idi?
– Tamamilə doğrudur. Psixoloji cəhətdən bu, çox mürəkkəb bir proses idi. Adətən, mən çıxışlarımı improvizasiya şəklində edirəm. Hazır mətn oxumağı sevmirəm, çünki bu, auditoriya ilə təbii ünsiyyəti azaldır.
Amma bu səfərdə məsuliyyət çox böyük idi – təkcə düzgün danışmaq yox, həm də vacib mövzuların heç birini kənarda qoymamaq lazım idi. Bu səbəbdən çıxışımı əvvəlcədən yazıb, hər detalı dəqiqləşdirib çap etdim və panel zamanı mətnlə çıxış etdim. Bu, doğru qərar oldu.
Səfərdən əvvəl təbii ki, müəyyən narahatlıqlar vardı. Orada yönəldiləcək sualların dostcasına olmayacağını bilirdim. Akademik dairələrdə, adətən, bir-birinə qarşı etika qorunur. Amma bu tədbirdə suallar daha sərt ola bilərdi.
Hətta gündəlik məsələlər – hotel personalı ilə ünsiyyət, davranış forması – bütün bunları da ciddi düşünürdüm. Çünki sən orada artıq bir fərd yox, bir ölkənin təmsilçisisən və bu cür xırda detallardan belə ümumi təəssürat formalaşır.
– Bəs bu daxili psixoloji baryeri necə aşdınız?
– Düşünürəm ki, bu baryeri aşmağıma cəmiyyətə fayda vermək hissi kömək etdi. Bilirəm ki, çox insan belə bir səfərdə iştirak etmək istərdi, amma onları qorxu, tərəddüd, ya da “nə deyərlər?” düşüncəsi saxlayır.
Şükürlər olsun ki, gözlədiyim qədər mənfi reaksiya olmadı. Ermənistanda bəzi müxalif dairələr səfəri təhrif etməyə çalışdılar – guya mən Konstitusiyada dəyişikliklər tələb etmişəm və sair. Halbuki mən heç bir dövlət vəzifəlisi deyiləm. Bu cür iddialar, təbii ki, əsassız idi.
Azərbaycan tərəfdən çox isti münasibət və mənəvi dəstək aldım. Bu, mənim üçün xüsusilə önəmli idi. Belə çətin və məsuliyyətli bir missiyada arxanda həmkarlarının, ictimaiyyətin dəstəyini hiss etmək insana güc verir.

– Bəs bu gün, geriyə baxanda nə hiss edirsiniz? Sizcə, bu səfərin gələcək üçün hansı əhəmiyyəti ola bilər?
– Bu gün aydın şəkildə görürəm ki, bu səfər yeni bir səhifənin açılması ilə nəticələndi. Artıq Bakıda və İrəvanda yeni təmasların qurulması müzakirə olunur. Düşünürəm ki, qarşıdakı aylarda bu proses davam edəcək – ekspertlərin, jurnalistlərin, bəlkə də deputatların qarşılıqlı səfərləri baş tutacaq. Məqsəd – dialoqun yenidən bərpası və davamlı hala gətirilməsidir.
Məsələn, gələn il İrəvanda Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Məncə, həmin sammitə qədər müxtəlif səviyyələrdə – ekspert missiyalarından tutmuş hökumət nümayəndə heyətlərinə qədər – bir neçə görüş baş verəcək.
Çünki bu proses tədricən aparılmalıdır: addım-addım, ehtiyatla, zəmin hazırlayaraq. Hər bir yeni təmas – yeni bir körpüdür. Və nə qədər çox körpü qurulsa, destruktiv qüvvələrin köhnə stereotipləri və ittihamları cəmiyyətə sırımaq imkanları da bir o qədər azalacaq.
Ümid edirəm ki, bu dəfə sülh prosesi dayanmadan davam edəcək.
Müsahibəni apardı Cəmalə Naxçıvani, “Fortuna” jurnalının baş redaktor müavini
