Multanı karvansarası haqqında tarixi arayış — Vəfa Quliyeva və Hökümə Ağayeva
Şərqi Qərblə birləşdirən qədim beynəlxalq ticarət yolları Abşeron yarımadasından da keçirdi. Çindən və Hindistandan gələn karvan yolları Orta Asiyadan Xəzər dənizinə uzanır, Bakı və Dərbənd limanlarına çıxır, buradan isə şimal istiqamətində Xəzər sahillərinə yayılırdı. Mallar Kür və Rioni çayları vasitəsilə Qara dənizə, ordan isə Bizansa daşınırdı. Bakı və Abşeron əsas ticarət yolları ilə yerli karvan yolları vasitəsilə Kürün aşağı axarına, Qobustan–Şamaxı xəttinə və Dərbəndə gedən magistrala birləşirdi. Bu qədim yollar orta əsrlərdə də fəaliyyət göstərmişdir.
X əsrin sonlarında Bakı artıq Xəzər dənizində mühüm liman kimi tanınır, həm dəniz, həm də quru yolları vasitəsilə beynəlxalq tranzit ticarətə qoşulurdu. Xəzər ölkəsi, Rusiya, İran, Pakistan, Orta Asiya, Hindistan və Suriya tacirləri Bakıya gələrək neft, duz, balıq, zəfəran, xalça və ipək məmulatları aparırdılar. XIII–XIV əsrlərdə Xəzər hövzəsində beynəlxalq ticarətin genişlənməsi ilə Bakının əhəmiyyəti daha da artdı. Bu, 1375-ci ildə tərtib olunmuş məşhur Katalon atlasında da qeyd olunmuşdur. Bakıdan və Dərbənddən daşınan mallar Həştərxan, Qızıl Orda, Rusiya və Avropaya — xüsusilə İtaliya və Fransaya ixrac olunurdu.
Şirvanşahlar ticarətin inkişafına xüsusi diqqət göstərir, xarici tacirlərin təhlükəsizliyi və rahatlığı üçün karvansaralar inşa etdirirdilər. Karvansaralar qala tipli, pəncərəsiz, bir girişli, möhkəm hasarlarla əhatə olunmuş tikililər idi. Onların bəziləri şəhər daxilində, digərləri isə əsas karvan yolları üzərində yerləşirdi.

İçərişəhərdə yerləşən Multanı karvansarası XIV əsrdə Hindistanın Multan şəhərindən (indiki Pakistan) gələn atəşpərəst tacirlər üçün tikilmişdir. Karvansara memarlıq baxımından perimetr boyunca həyəti əhatə edən eyvanlardan və onların arxasında yerləşən yaşayış otaqlarından ibarətdir. Giriş hissəsi çatma tağla tamamlanmış baştağ şəklindədir. İçəridə səkkizbucaqlı həyət formalaşdırılmış, otaqlar isə eyvanlarla həyətə açılmışdır.
Binanın ümumi ölçüsü 35×35 metrdir. Cənub-qərb tərəfindəki altı otaq ilkin forması ilə dövrümüzə qədər gəlib çatmışdır. Şimal-qərb hissəsi isə zamanla dağıdılmış və yerində bağ salınmışdır. Karvansaranın zirzəmisi ən maraqlı hissələrindən biridir. Burada tacirlərin mallarını və heyvanlarını saxlamaq üçün üç böyük zal mövcud olmuşdur. Onlardan biri dəniz tərəfə açılan qapı ilə fərqlənirdi ki, bu da İçərişəhərin relyef xüsusiyyətləri ilə bağlı idi.
Tikilinin əsas inşaat materialı Abşeron memarlıq məktəbinə xas olan əhəng daşından ibarətdir. Alt mərtəbədə tağtavanlı otaqlar, üst hissədə isə səyyahların qalması üçün yaşayış otaqları inşa olunmuşdu.
Tarixi mənbələr göstərir ki, Multanı karvansarası XVII əsrdə — Səfəvilər hakimiyyəti dövründə bərpa olunmuş və bir müddət zorxana kimi istifadə edilmişdir. XX əsrin əvvəllərində onun şərq tərəfi yaxınlıqda tikilən üçmərtəbəli yaşayış evi ilə əlaqədar dağıdılmışdır. Abidə 1973–74 və 1976-cı illərdə əsaslı şəkildə restavrasiya olunmuşdur.
Multanı karvansarası bir çox səyyahların, alimlərin və rəssamların diqqətini cəlb etmişdir. Burada Evliya Çələbi, E. Kempfer, Mendeleyev, V. Vereşşagin, Aleksandr Düma və başqaları olmuşdur. 2004-cü ildə Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycana səfəri zamanı karvansaranı ziyarət etmiş və ölkəsinin diplomatik heyəti ilə birlikdə müxtəlif hədiyyələr təqdim etmişdir.
1970-ci illərdən etibarən Multanı və Buxara karvansaraları birlikdə “Restoran-karvansara kompleksi” kimi fəaliyyət göstərir. Hazırda Multanı karvansarası dövlət tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Vəfa Quliyeva, tarix elmləri doktoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Hökümə Ağayeva, elmi işçi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Fortunamag.az
