Milli Məclisin deputatı Azər Allahverənov: «Çətinliklərdən qorxmamaq vacibdir.»
Hər bir insanın həyat yolunda sınaqlar, imtahanlar və çətinliklər olur. Amma elə insanlar var ki, bu çətinliklər onları daha da möhkəmləndirir. Onlar iradə və əzmkarlıqla həm öz inkişaflarını davam etdirir, həm də cəmiyyətə fayda gətirməyi bacarırlar.
Belə şəxsiyyətlərdən biri – Milli Məclisin deputatı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov “Fortuna” jurnalın qonağı oldu.
Azər müəllimlə müsahibəmiz zamanı onun uşaqlıq illərinə aid xatirələrdən, tələbəlikdə üzləşdiyi çətinliklərdən, gənclər hərəkatındakı fəallığından və beynəlxalq təşkilatlarda qazandığı təcrübədən danışdıq. Azər müəllim həmçinin deputatlıq fəaliyyəti ilə QHT sektorundakı iş prinsipləri arasında paralellər apararaq, uğura aparan əsas amilləri – inam, əzmkarlıq və cəmiyyətə faydalı olmağı vurğuladı.
Bu müsahibə oxuculara yalnız bir siyasətçinin fəaliyyət yolunu deyil, həm də insanın daxili gücü, cəsarəti və məqsədyönlülüyü sayəsində hər bir çətinliyi aşmağın mümkün olduğunu göstərən ilhamverici bir hekayə təqdim edir.

— Xoş gəlmisiniz, Azər müəllim! Zəhmət olmasa, bir az özünüz haqqında danışın.
— Düşünürəm ki, söhbətə uşaqlıq illərimdən başlamaq daha doğru olar. Mən Bakıda doğulmuşam və necə deyərlər, “şəhər uşağı” olmuşam – yəni şəhərin mərkəzində böyümüş bir oğlan. Vaxtilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında yerləşən Nəsimi rayon 152 nömrəli tam orta ümumtəhsil məktəbində oxumuşam. Bu gün də elə orada – həmin ünvana yaxın yerləşən birmərtəbəli ümumi həyət evlərində yaşayıram. Məktəbimiz əslində beynəlxalq bir mühitə malik idi: müəllimlərimizin və sinif yoldaşlarımızın əksəriyyəti digər millətlərin nümayəndələri idi. Biz heç vaxt bir-birimizi “özgə” və ya “yad”lara bölmürdük, prinsipial olaraq bu anlayışları belə qəbul etmirdik. Bu prinsipdən irəli gələrək, münasibətlərimizdə fərq qoymurduq və bir-birimizlə ünsiyyətimizdə millətlərarası müxtəliflikdən irəli gələn hər hansı problem yaşamırdıq.
Məktəbdə yaxşı oxuyurdum, əlaçı idim, 6-cı sinifdən məktəbi bitirənədək şəkilim Şərəf lövhəsində asılmışdı. Müxtəlif fənn olimpiadalarında fəal iştirak edirdim, yüksək yerlər qazanırdım. Bununla yanaşı, beş il musiqi məktəbində oxumuşam və eyni zamanda boksla məşğul olurdum. Biz çox maraqlı bir dövrdə böyüdük: məktəb illərimiz dərnəklərlə, düşərgələrlə, idman və intellektual oyunlarla zəngin idi. Mən də bu gənclik hərəkatının fəal bir üzvü idim, hər zaman ictimai işlərdə iştirak edirdim. Bütün bunlar bizi formalaşdırıb, zəhmətə alışdırıb, hər zaman inkişaf etməyə və dünyaya açıq qalmağa öyrədib.
— Azər müəllim, bəs həyat yolunuzu necə seçdiniz?
— Məktəbi bitirdikdən sonra qərara gəldim ki, sənədlərimi Kazan Dövlət Universitetinə təqdim edim. Üç imtahan nəticəsində yüksək bal toplamağıma baxmayaraq, ilk cəhddə qəbul ola bilmədim. O dövrdə imtahan komissiyası üstünlüyü Tatarıstan və yaxın regionlardan olan abituriyentlərə verirdi. Amma mən inadkarlıq göstərdim, geri çəkilmədim. Növbəti il – 1990-cı ildə yenidən sənəd verdim və bu dəfə artıq tarix fakültəsinin tələbəsi oldum.
Kazan həyatı mənim üçün maraqlı, vacib, amma eyni zamanda çətin bir mərhələ idi. Bu, 90-cı illərin əvvəlləri, Azərbaycan üçün ağır bir dövr idi: 1991-ci ildə Birinci Qarabağ müharibəsi başladı. Biz doğma Vətəndən uzaqda olmağımıza baxmayaraq, milli münasibətlərdəki gərginliyi orada da hiss edirdik. Kazanda mən bir qrup azərbaycanlının təmsil olunduğu diaspor fəaliyyətinə aktiv şəkildə qoşuldum, “Oğuz” mədəniyyət cəmiyyətinin rəhbərliyində yer aldım. Biz, tələbələr, Azərbaycan xalqına qarşı törədilən hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdıq, imkanımız daxilində humanitar dəstək göstərirdik, görüşlər təşkil edirdik, Vətənə faydalı ola bilmək üçün kənar imkanlar axtarırdıq. Resurslarımız məhdud olmasına, universitetin və yerli qurumların təzyiqlərinə, hətta haqsız ittihamlara baxmayaraq, inanırdıq ki, gördüyümüz işlər olduqca əhəmiyyətlidir. Bəzi hallarda belə hətta mümkünsüz görünən bir işi mümkün edirdik ki, nəticə etibarilə bundan əlində silahla səngərdə vuruşan əsgər belə bu dəstəyi hiss edirdi. Xüsusilə Xocalı faciəsi zamanı bunu daha dərindən anladım. Həmin dəhşətli hadisəni əks etdirən səkkiz ədəd montaj olunmamış video kaset Moskva şəhərinə göndərildi. O kadrlar arasında Xankəndində dislokasiya olunmuş 366-cı rus motoatıcı alayının texnikasının Xocalıda iştirakına dair açıq sübutlar da var idi. Bu kasetləri əldə etmək üçün cəmiyyətimiz məni və digər bir fəalımızı Moskvaya yola saldı və biz də ora çatdıqdan sonra qabaqcadan bizə deyilmiş ünvana getdik. Müəyyən təhlükəsizlik tədbirlərini də əldən vermədik. Çünki çox təhlükəli bir səfər idi – əgər belə materiallar üzərimizdə aşkarlansaydı, ciddi problemlərlə üzləşə bilərdik.
Kazana qayıtdıqdan sonra kasetlərin surətlərini çıxarıb gənclər arasında yaydıq, onlar isə öz kanalları vasitəsilə bütün Tatarıstana çatdırdılar. Daha da önəmlisi, mənim fəal iştirakımla 1992-ci ilin aprel ayının əvvəlində Kazanda, Aktyorlar Evində keçirilən Tatar İctimai Mərkəzinin Plenumu çərçivəsində mətbuat konfransı təşkil etdik. Mən orada Xocalı faciəsi ilə bağlı məruzə etdim və həmin kasetlərin bəzi fraqmentlərini nümayiş etdirdik. O dövrdə nə Tatarıstanda, nə də ümumən Rusiyada bu faciə haqqında demək olar ki, heç kim məlumatlı deyildi. Biz Kazanda bu həqiqəti ilk dəfə açıqlayanlardan olduq. Sözün əsl mənasında Azərbaycanın həmin vaxtlar üzləşdiyi informasiya blokadasını yarmağa müvəffəq olduq ki, bu da bizim kimi gənclərin informasiya müharibəsinin ön cəbhəsində olmasından xəbər verirdi.
Əlbəttə, ciddi maneələrlə, təzyiqlərlə də üzləşirdik. Amma inadla davam edirdik. Bu sınaqlar bizi möhkəmləndirdi, çətinliklərə sinə gəlməyi, mövqeyimizi müdafiə etməyi öyrətdi. Azərbaycana qayıtdıqdan sonra isə artıq bu təcrübə ilə ictimai-siyasi fəaliyyətimi davam etdirdim.

— Milli Məclisə gedən yolunuzun “pillələri” hansılar olub? Bu mərhələyə qədər hansı fəaliyyətlərlə məşğul olmusunuz?
— Gənclər hərəkatında fəaliyyət göstərdiyim dövrdə müxtəlif strukturlarda çalışmışam, o cümlədən Gənclər və İdman Nazirliyində. Təxminən 20 ilə yaxın müddətdə Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Əmək Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların proqramlarında iştirak etmişəm. Müxtəlif dövrlərdə bu layihələrdə ekspert, analitik, rəhbər kimi çalışmışam. Hər zaman buna maksimum məsuliyyətlə yanaşmağa çalışmışam ki, fəaliyyətim cəmiyyət üçün faydalı olsun.
Deyə bilərəm ki, 17 yaşından bəri vətəndaş cəmiyyəti sahəsində çalışıram – artıq 36 ildir ki, bu fəaliyyətim davam edir. Milli Məclisə də məhz QHT sektorundan gəlmişəm. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüyəm. Daha əvvəl isə müxtəlif illərdə bir sıra QHT-lərə rəhbərlik etmişəm. Hazırda isə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinə rəhbərlik edirəm.
QHT-lər əslində bir tribuna rolunu oynayır. Hər bir QHT-nin işi insanlarla birbaşa ünsiyyət üzərində qurulur. Onlar xalqın içində, cəmiyyətin mərkəzində fəaliyyət göstərirlər. Yerli problemlərə yaxın olur, dəstək verir, müxtəlif məsələlərin həllinə çalışırlar. Bu, cəmiyyətin nəbzini tutmaq üçün çox vacib vasitədir. Biz bunu uğurla həyata keçirdikdə, əldə etdiyimiz bilik və bacarıqlar sonrakı mərhələlərdə gündəlik fəaliyyətimizdə də özünü göstərir.
Milli Məclisə gəldikdə isə etiraf edim ki, cəmi il-yarım əvvəl onun binasının yanından keçərkən bu nəhəng mexanizmin mahiyyətini tam təsəvvür edə bilmirdim. İndi isə prosesin bir hissəsi olaraq görürəm ki, bu möhtəşəm binanın mərmər divarları arxasında necə işgüzar bir mühit hökm sürür və anlayıram ki, komitələr, işçi qrupları, komissiyalar, bölmələrarası əlaqələr – hamısı vahid və daim fəaliyyət göstərən bir nəhəng sistemin ayrı-ayrı hissələridir ki, bu prosesin uğurlu şəkildə idarə olunmasında Milli Məclisin sədri Sahibə xanım Qafarovanın xidmətləri əvəzedilməzdir.
— Deputat olduqdan sonra Sizin həyatınız dəyişdimi?
— Həyatımda müəyyən dəyişikliklər olub, amma dəyişməyən cəhətlər də var. Məsələn, hələ də uşaqlığımın keçdiyi həmin ümumi həyət evində, ölkəmizin müxtəlif bölgələrindən olan qonşularımla birlikdə yaşayıram. Məni uzun müddət ərzində tanıyan məhəllə sakinləri küçədə görəndə mənə əvvəlki kimi səslənir. Yeganə fərq ondadır ki, indi hal-əhval tutarkən Milli Məclisdə plenar iclasın olub-olmaması, hansı qanun layihəsinin müzakirəyə çıxarılacağı, sosial təminat və digər bu qəbildən məsələlərlə maraqlanırlar.
Kəskin şəkildə dəyişən əsas məqam isə iş qrafikidir. İndi, yay aylarında da biz deputatlar iş başındayıq: vətəndaşların qəbulu davam edir, seçicilərlə daim əlaqədəyik. Efirlərdə çıxış edirik, informasiya mübarizəsində iştirak edirik. Yayda əksər insanlar məzuniyyətə gedir, amma deputatların istirahət imkanı olduqca məhduddur. Yaxınlarda, səhv etmirəmsə, bir xəbər saytında “Deputatlar harada dincəlir?” mövzusunda sorğu keçirilmişdi, mən də orada iştirak etmişdim. Nəticədə məlum oldu ki, sorğuda iştirak edən həmkarlarım da mənim kimi yay aylarında da işləyirlər. Doğrudan da, demək olar, dincəlməyə vaxtımız yoxdur. Ola bilsin, yay sonuna doğru bir həftəlik fasilə götürə bilim, amma uzağa getməyəcəyəm, çox güman ki, elə Bakıda qalacağam, sadəcə müvəqqəti olaraq iş proseslərindən bir qədər uzaqlaşacağam.
Deputat olandan sonra həyatımda bəzi məqamlar daha kəskin hiss olunmağa başladı. Fiziki, mənəvi və intellektual yüklənmə artdı. Məsələn, deputatlar ciddi geyim qaydalarına riayət etməlidirlər – kostyum və qalstukla işləmək məcburidir. İsti havada belə biz iş başında yalnız rəsmi geyimdə olmağa çalışırıq ki, bu da bir etiket qaydalarıdır.
Bu, yalnız görünüşlə bağlı deyil. Artıq məsuliyyət bütün sahələrdə daha yüksəkdir. Məsələn, televiziya çıxışlarında – hamıya məlumdur ki, bu çıxışlar böyük rezonans doğura bilər. Mən hər dəfə efirə çıxışa ciddi hazırlaşıram, çünki müsahibələrimin 99%-i canlı yayımda olur və orada gözlənilməz suallar, fövqəladə vəziyyətlər yarana və ya suallar verilə bilər. Onlara da hazır olmalıyıq.
Amma çıxışı düzgün qurduqda həm daxili, həm də xarici auditoriyaya öz fikirlərini, baxışlarını çatdıra, faydalı məlumatı lazımi şəkildə ötürə bilirsən. Əgər bu məlumatı eşidən yüz nəfərdən heç olmasa bir neçəsi onu qavrayırsa, bu artıq uğurdur, cəmiyyət üçün böyük bir faydadır.

— Sizin fikrinizcə, QHT-lərdə işləməklə deputatlıq arasında oxşar cəhətlər varmı?
— Əlbəttə var. Həm QHT fəaliyyəti, həm də deputatlıq xalqa xidmət deməkdir. Bu, pafoslu sözlər deyil, gündəlik əməyin özüdür. Məncə, bu əməyə meyl hələ uşaqlıqdan formalaşır. Xatırlayıram, 14 yaşım olanda qonşu həyətlərdən dostlarla bir komanda yaratmışdım – məşhur “Timur və onun komandası” filmində olduğu kimi. Qonşu məhəllələrdə də buna bənzər komandalar var idi. Bizim komandada “Timur” mən idim. Həyətləri gəzib köməyə ehtiyacı olanlara dəstək göstərirdik. Yaşlı insanlara alış-verişdə kömək edirdik, evdə kiminsə təmiri varsa, onu edirdik. Bunu öz vəzifəmiz hesab edirdik. Kimsə təşəkkür etsin deyə gözləmirdik, əksinə, yaxşılıq etməyə tələsirdik. Beləcə davranış tərzimiz formalaşırdı.
QHT-lərdə də mən daim bu prinsipi əsas götürmüşəm. İndi isə Milli Məclisin deputatı kimi daha da fəal çalışıram ki, hər kəsin müraciətinə cavab verim, heç bir vətəndaş nəticəsiz qayıtmasın. Bəzən mənə müraciət edənlər mənim öz seçicim olmur, amma mən onlara da kömək etməyə çalışıram. Həmişə əlaqədəyəm, telefon zəngləri çox olur. Əgər “SOS” siqnalı eşidirəmsə, kiminsə təcili yardıma ehtiyacı varsa – kömək edirik. Gecəyarısı da zənglər gəlir: məsələn, hansısa qəsəbədə işıq kəsilib. Mən dərhal, gecə olsa da, aidiyyəti rəhbərlə əlaqə saxlayıram, problemi aradan qaldırırıq və həyat normal axarına qayıdır. Bu rejimdə yaşamaq asan deyil, bəzən mənəvi yorğunluq yaradır, amma anlayırsan ki, başqa cür hərəkət edə bilməzsən.
Deputatlıq fəaliyyətində də QHT təcrübəsinin davamını görürəm. Yəni, təcrübə toplandıqca keyfiyyət artır. Mən cəmi bir il əvvəl seçilmişəm, bəlkə də bəzi strukturları hələ yaxşı tanımıram. Amma onlarla ünsiyyət qurduqca, fikirlərimizi bölüşdükcə, görürəm ki, məsələ daha həssas qarşılanır. Vətəndaşlar da bunun şahidi olurlar, onların müraciətlərinə diqqətlə yanaşıldığını görürlər. Mən hesab edirəm ki, biz, deputatlar, çox şərəfli bir missiya yerinə yetiririk. Çünki dövlətlə cəmiyyət arasında münasibətlərin inkişafı üçün görülən hər bir işin böyük əhəmiyyəti var.
— İnsanlara yardım kimi çətin bir yolda uğursuzluqlar da olur. Siz belə situasiyalara necə yanaşırsınız? Sizcə, onlar nədən yaranır?
— Səbəblər çoxdur və onların bəziləri ümumiyyətlə həyata aiddir, yalnız işə yox. Onlardan biri – insanda özünəinamın olmamasıdır. Qərar qəbul edərkən insan öz seçiminə əmin olmalı və geri çəkilməməlidir. Özündə inam və güc olduqda daha cəsarətli qərarlar qəbul edirsən. Bəs bu inam haradan qaynaqlanmalıdır? Şəxsiyyətin daxili dünyasından. İnsan özünə «I can do it», yəni «Mən bunu edə bilərəm» dedikdə, o, bunu sadəcə bəyan etmir – hərəkət edir, öz daxili potensialını işə salır.
Başqa bir səbəb – insanın öz gücünü və imkanlarını düzgün qiymətləndirməməsidir. Hər hansı bir yükü üzərinə götürməzdən əvvəl özünə səmimi və qərəzsiz sual verməlisən: mən bunu daşıya biləcəyəm yoxsa yox? Əks halda uğursuzluq qaçılmazdır, çünki güc çatmaya bilər. O zaman israrlı şəkildə dediyin heç bir «I can do it», qaldı ki, «I must do it» («Mən bunu etməliyəm») işləməyəcək. İnsan özünə verilən imkanları düzgün dəyərləndirməli, onları öz gücü ilə müqayisə etməlidir. Yalnız bundan sonra uğura doğru addımlamaq olar.
Halbuki bir çox gənclərin gözləntiləri çox yüksək olur, maksimalist arzuları isə reallıqla heç bir əlaqəsi olmur. Çətinliklərdən qorxmamaq da çox önəmlidir. Həmçinin, müxtəlif çətin situasiyalardan çıxış yolları tapmağa kömək edən bilik və məlumat toplamaq lazımdır – o cümlədən sizdən əvvəl heç kimin çıxış yolu tapa bilmədiyi qeyri-standart hallarda. Bu isə öz növbəsində səbir, iradə gücü, inadkarlıq tələb edir.
Əgər söhbət konkret bizim işimizdəki çətinliklərdən gedirsə… Əlbəttə, onlar da var. Məsələn, elə müraciətlər olur ki, prinsipcə yerinə yetirmək mümkün deyil. Yəni elə bir xahiş ki, onu icra etməyə qanun icazə vermir. Amma biz çalışırıq vətəndaşa izah edək ki, qanun belədir, ola bilsin ki, vəziyyət imkan verərsə, bir az gözləmək, səbir göstərmək, yaxud da meyarları dəyişmək, məsələyə başqa cür yanaşmaq lazımdır.
Elə hallar da olur ki, sən özün insana kömək təklif edirsən, amma o imtina edir. Hamı yardımı qəbul etməyə hazır olmur – bu, artıq psixoloji hal, onun nüanslarıdır. Məsələn, mən yaxınlarda gördüm ki, qonşumun biri axsaya-axsaya ağır alış-veriş yükü ilə çətinliklə gedir. Mən kömək təklif etdim, amma o, kömək etməyimi istəmədi.
Bəzən bu cür işdə qarşıya çıxan digər problem isə resursların çatışmazlığıdır. Bizə bəzən ağır maddi vəziyyətdə olan ailələr müraciət edir. İmkanımız daxilində kömək edirik. Amma resurslarımız sonsuz deyil. Hər hansı bir vəziyyətdə onlar tükənə və nəticədə, biz həmin insanın bizə olan inamını bir qədər itirə bilərik. Onda biz onun müraciətini aidiyyəti üzrə çatdırmalıyıq. Bundan əsla qorxmaq lazım deyil. Bu, iş prosesinin bir hissəsidir.

— İş barədə danışdıq, indi isə hobbiyə toxunmaq istərdim. Məlumdur ki, siz şeirlər yazırsınız…
— Bəli, bir vaxtlar nisbətən qısa müddətdə çoxlu şeirlər yazmışam… Həm əruzda, həm sərbəst üslubda, həm də azərbaycanca, rusca. Hər şey qəfil baş verdi, özüm də bilmirəm niyə – birdən-birə ilhamlandım və yazmağa başladım. Şeirlərimin bəziləri dərc olunub. Ümumilikdə o qədər toplanıb ki, bir kitaba bəs edərdi. Amma onu tərtib edib nəşr etdirməyə tamamilə vaxtım yoxdur.
Bəzən düşünürəm: məndə şeir yazmaq meyli haradan yaranıb, özü də azərbaycanca? Axı mən həm bağçada, həm məktəbdə rus sektorunda oxumuşam, Kazan Dövlət Universitetində də rusca təhsil almışam, elmi işlərimi və publisistik məqalələrimi də bu dildə yazmışam. Çox vaxt insanlar təəccüblə deyirlər: «Gör necə yaxşı azərbaycanca danışırsan!» Mən isə özüm də bilmirəm, necə bu qədər dili inkişaf etdirmişəm. Dəqiq bilirəm ki, məktəbdəki azərbaycan dili dərsləri zamanında yox, baxmayaraq ki, o dərslərdə, demək olar, hamının əvəzinə cavab verməli olurdum. Azərbaycan dilini bilməyən sinif yoldaşlarım tez-tez xahiş edirdilər ki, xüsusilə qrammatika məsələsində, müəllim onları çağırmasın deyə, mən özüm könüllü olaraq cavab verim.
Doğrudur, məktəbdə azərbaycanca oxumamışdım, amma həmin dövrdə əsasən məhz azərbaycanca danışırdım. Fikirləşirəm, bəlkə məsələ genlərdədir? Atam da gənclikdə poeziya ilə həvəskar şəkildə maraqlanmışdı. Anam tərəfdən ulu babam Əbdülvahid Ağa isə Molla Vəli Vidadinin nəticəsi – onun nəvəsi Səadət xanımın oğlu idi. Ana tərəfdən Qazaxda tanınmış Qayıb-zadə, Əfəndi-zadə, Hacıqasımovlar, Dilbazi, Şıxlinskilər, Qiyasbəylilər kimi məşhur ailələrlə qohumluğum var.
— Sizin fikrinizcə, uğura necə, hansı yolla nail olmaq olar?
— Bunun üçün, hər şeydən əvvəl, məncə, insan həyatının işinə məsuliyyətlə yanaşmalı və onu ləyaqətlə yerinə yetirməlidir. Məqsədə çatmaq üçün hansısa dolayı yollarla aldanmamalıdır. Daim öz üzərində işləməlidir. İdmançı bədəni inkişaf etdirən kimi, məqsədinə çatmaq istəyən insan da ruhunu və ağlını inkişaf etdirməlidir.
İnsanın həyatı onilliklərlə özü tərəfindən zərrə-zərrə yığılan bir pazlı xatırladır. Kimdəsə bu pazl düzülür, kimdəsə – yox. Amma hər bir halda insan vətəndaş olaraq qalmalıdır, öz torpağını, xalqını, dövlətini sevməlidir. Fəaliyyətləri ilə onlara fayda gətirməyə çalışmalıdır. Çoxsaylı insanlara faydalı olmağın insanın özünə dayaq olur və həyata məna qazandırır. Bu mənim üçün prinsipial mövqedir. Axı biz Robinzon Kruzo kimi heç kim yaşamayan adada yaşamırıq. Biz insanlar arasında yaşayırıq. Hər birimiz cəmiyyətin bir hissəsiyik və insanın eqosu cəmiyyətin maraqlarından üstün olmamalıdır. Əgər ətrafımda problemlər mövcuddursa, mən isə kənara çəkilib «bu məni maraqlandırmır» deyirəmsə, özümü necə xoşbəxt saya bilərəm?
Uğura nail olmaq üçün həm də başqasının fikrini qəbul etməyi və hörmətlə yanaşmağı bacarmaq lazımdır, amma eyni zamanda öz prinsiplərindən imtina etməməlisən. Eyni vəziyyətdə, eyni şəraitdə müxtəlif insanlar fərqli davranır. Bu, onların ailəsindən, ətraf mühitindən, yaşadığı regiondan asılıdır. Hər kəsin mövqeyini anlamağa çalışmaq lazımdır. Fikir müxtəlifliyini isə problem kimi deyil, həyatın çoxrəngliliyi kimi qəbul etmək lazımdır. Amma davranışda öz ürəyinin və ağlının dediyi ilə hərəkət etməlisən.
Məsələn, yaxınlarda bizdə çoxsaylı qonaqların iştirak etdiyi bir ailə tədbiri oldu. Mən hər birini qapıda qarşıladım və masadakı yerinə qədər ötürdüm. Mənə dedilər: «Bunu niyə özün edirsən? Ailə üzvlərinə və ya köməkçilərə tapşıra bilərdin». Mən isə belə cavab verdim: «Bu mənim qonaqlarımdır. Mən hər qonağımı şəxsən qarşılamalıyam, əks halda, o, mənim haqqımda bir qədər fərqli düşünə bilər». Mənim həmsöhbətim bu sözlərdən sonra fikrə getdi, baxmayaraq ki, mənimlə razılaşmadı. Amma bu normaldır. Ağ rəng spektrin bütün rənglərindən ibarət olduğu kimi, həyat və cəmiyyət üçün faydalar da fikir müxtəlifliyindədir. Bu, ən düzgün həlli tapmaq üçün vacibdir.

— Fortuna sizə tez-tez «gülübmü»?
— Fortunanın gülüşü adətən insanın qiymətləndirib öz xeyrinə istifadə edə biləcəyi «təsadüfi xoşbəxt imkan» adlanır. Mən öz həyatımda belə bir şey yaşamamışam. Həyatımda nəyə nail olmuşamsa, hamısını ağır zəhmətlə, addım-addım, uzun yolla əldə etmişəm. Əlbəttə ki, itkilərsiz də olmayıb. Amma başqa insanların həyatında sizin dediyiniz kimi situasiyaları müşahidə etmişəm.
Məsələn, mənim məşğul olduğum boks bölməsində ağır çəkidə çıxış edən bir oğlan vardı. Onun yarışların finalına gedən yolu digər iştirakçılardan qat-qat asan və qısa idi, çünki onun çəki və yaş kateqoriyasında cəmi iki-üç nəfər olurdu. Bizim çoxumuz finala çıxmaq üçün 7–8 döyüşdən keçməli olurduq, halbuki o, demək olar ki, avtomatik olaraq finala düşürdü – cəmi bir döyüşün nəticəsində. Və, yeri gəlmişkən, həmin çəkidə qalib də olurdu. Yəqin ki, bu, Fortunanın gülüşüdür. Hər kəsə qismət olmayan bir şans.
Bəli, istərdik ki, birdən-birə bəxtimiz gətirsin. Amma belə olmur. Əlçatmaz arzular qurmağın mənası yoxdur. «Kaş ki, belə olsaydı…» tipli düşüncələrin də mənası yoxdur. Mən təbiətən heç vaxt maksimalist, əlçatmaz ideyalar dalınca qaçan olmamışam. Sadəcə ideal kamilliyə doğru addımlamışam. Mən praqmatikəm və hesab edirəm ki, mövcud reallıqdan çıxış etmək, sahib olduqlarına görə Allaha şükür etmək və bunun əsasında plan qurmaq lazımdır, arzular və xəyallarla yaşamaq yox.
— Azər müəllim, özünüzə nə arzulayardınız?
— Mənim arzularımın bir qismi artıq həyata keçib. Suveren ölkənin vətəndaşı olmaq – bu böyük xoşbəxtlikdir. Mən bununla fəxr edirəm. Əgər 25–30 il əvvəl, bir vətəndaş kimi arzularım ölkəmin işğal altında olan ərazilərini işğaldan qurtarmaq idisə, bu gün həmin arzular həyata keçib, çünki Azərbaycanın konstitusion quruluşu, onun dövlət suverenliyi bütün ərazilərində tam bərpa olunub.
Mənim arzularım cəmiyyətimizə yönəlib. Arzulayıram ki, dövlətimiz və millətimiz daha da inkişaf etsin, xalqın rifahı daha da yaxşılaşsın, iqtisadiyyat sürətlə inkişaf etsin və ölkəmiz daha da qüdrətli olsun. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 gün sürən II Qarabağ müharibəsi ərzində Qarabağı işğaldan azad etdi. Artıq bugün biz işğaldan azad olunmuş ərazilərdə böyük bərpa quruculuq işlərinə şahidlik edirik. İnnən belə mənim əsas arzum xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb yaratmasını görməkdir.
Əlbəttə, istəyirəm ki, uşaqlarımız xoşbəxt olsunlar. Biz onlar üçün çalışırıq, onlar üçün yaşayırıq – çətinlikləri yaşamış insanlar bunu yaxşı anlayır. Amma uşaqlar öz həyat yollarını özləri seçməyi, işləməyi bacarmalıdırlar. Eyni zamanda valideynlərinin keçdiyi yolu da xatırlamalıdırlar. Mən demirəm ki, onlar eyni çətinliklərdən keçməlidirlər, amma cəmiyyətdə öz yerlərini necə tapmağı aydın şəkildə başa düşməlidirlər. Bunun üçün isə, mən artıq qeyd etdiyim kimi, inamlı, qətiyyətli və cəsarətli olmaq lazımdır.
Sonda şəxsən Sizə, hörmətli Saida xanım, və jurnalınızın kollektivinə arzulayıram ki, Fortuna həmişə üzünüzə gülsün və təbəssüm etsin!
Müsahibəni apardı: Səidə Musayeva, Fortuna jurnalının baş redaktoru.