MEDİA rəhbəri: Media süni intellektdən təkcə formanı təkmilləşdirmək üçün istifadə etməməlidir
Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov süni intellektin (Sİ) mediaya inteqrasiyası mövzusunda çıxış edib.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, rəqəmsal transformasiya və müasir mediatrendlərə həsr olunmuş tədbirdə Ə.İsmayılov süni intellekt texnologiyalarının yalnız vizual təqdimat və forma baxımından yox, eyni zamanda məzmunun keyfiyyətcə inkişaf etdirilməsi prosesində də mühüm rol oynadığını qeyd edib.
“Mediada analitik təhlillərin aparılması, faktların dəqiqləşdirilməsi, informasiyanın vizual şəkildə təqdim olunması və jurnalistika prinsiplərinə uyğun materialların hazırlanması artıq süni intellektin imkanlarından istifadə edilmədən mümkün deyil. Bu isə onu göstərir ki, jurnalistika yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyə MEDİA rəhbəri bildirib.
Əhməd İsmayılov, həmçinin vurğulayıb ki, yeni bilik və bacarıqların mənimsənilməsi, texnoloji imkanlardan düzgün faydalanmaqla informasiya mühitinin modernləşdirilməsi hər iki ölkənin media qurumları üçün prioritet məsələlərdən biri olmalıdır.
O əlavə edib ki, dünya ölkələrinin bir çoxunda media qurumları süni intellekt texnologiyalarından geniş şəkildə istifadə edir: “Biz bu istiqamətdə baş verən prosesləri diqqətlə izləyir, təhlil edir və Azərbaycanın media sahəsinin rəqəmsal dövrdə rəqabət qabiliyyətini artırmaq məqsədilə ardıcıl təşəbbüslərlə çıxış edirik”.
Fortunamag.az

