• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Fortunanın qonağı

“Mənim musiqimdə Azərbaycan yaşayır!” — Səadət Fərzəliyeva

28.08.2025
Fortunanın qonağı, Xəbərlər
“Mənim musiqimdə Azərbaycan yaşayır!” —  Səadət Fərzəliyeva
Share on FacebookShare on Twitter

Səadət Fərzəliyeva — musiqi təhsili və pedaqoji sahədə olan təcrübəsi ilə nümunəvi , ailə dəyərlərinə və sənətə sadiq bir müəllimədir. Uşaqlıqdan musiqiyə olan istəyi onu həm müəllimə, həm də bəstəkar kimi yetişdirmişdir.Azərbaycan Dövlət Konservatoriyasında təhsil alaraq fortepiano və musiqi nəzəriyyəsi üzrə təhsili peşəkar səviyyəyə yüksəlmiş, elmi tədqiqatlar aparmışdır. O, Londonda fəaliyyət göstərən ilk Azərbaycan Musiqi Məktəbinin təsisçisilərindən və müəllimlərindən biridir. Ailə üzvləri ilə birlikdə idarə etdiyi “Music & Art School” məktəbi onun vətənə,sənətə və təhsilə olan sonsuz sevgisinin təzahürüdür. Səadət Fərzəliyeva musiqini sadəcə peşə deyil, həyat fəlsəfəsi kimi yaşayan nadir sənətkarlardandır.

—Bizə biraz özünüz haqqında danışın… Musiqi təhsiliniz və müəllimlik fəaliyyətiniz necə başladı və hansı mərhələlərdən keçdiniz?

—  Musiqiyə olan marağım uşaqlıqdan gəlir; anam mənim istedadımı erkən yaşda görərək mənə pianino hədiyyə etmişdi və dörd yaşından musiqi ifasına başlamışdım. Bəzən dərsləri əzbərləmək çətin gəlirdi. Amma şeirləri musiqi ilə birləşdirəndə yadda saxlamaq daha asan olurdu. Kitablardan şeirləri oxuyur, onları melodiyaya çevirir, içimdən gəldiyi kimi musiqi bəstələyirdim.Elə müəllimlik  fəaliyyəti göstərdiyim zamanlarda da uşaqlara şeirləri musiqi ilə birləşdirərək öyrətmək metodunu tətbiq edirdim ki, bu da tədris prosesində çox effektiv olurdu.

Musiqi məktəbini bitirdikdən sonra Səltənət Səfərova adına Musiqi Kollecinə qəbul oldum və təhsilimi uğurla tamamladım. Eyni zamanda həm musiqi məktəbində, həm də kollecdə müəllim kimi çalışırdım. Sonra Azərbaycan Dövlət Konservatoriyasına (indiki Musiqi Akademiyası) daxil oldum və təhsilimi həm bakalavr, həm də magistr pillələrində davam etdirdim. Təhsil aldığım illərdə fortepiano şöbəsinin müdiri kimi fəaliyyət göstərdim.

Karyeramda yeni mərhələ isə uşaqlarla işləməyə başlamağımla bağlıdır. Evimə yaxın 40 saylı Səngəçal bağçasında musiqi rəhbəri kimi fəaliyyət göstərdim və burada məqsədim uşaqların emosional və nitq inkişafına musiqi vasitəsilə dəstək vermək idi. Azərbaycan dilində səlis danışıq nümunələrinin formalaşması üçün konsert və tədbirlər təşkil etdim, bəstələdiyim mahnılar uşaqlar arasında geniş yayıldı və artıq öz repertuarım yarandı. Elə bu vaxt bəstələrimi tanınmış professor Arif Məmmədova təqdim etdiyim zaman o, mənə: “Sən bəstəkarsan. Bunu qəbul et və bu istiqamətdə inkişaf et,” — dedi. Bu sözlər və onun dəstəyi həyatımda əsl dönüş nöqtəsinə çevrildi. Onun sinfində təhsil almaq və elmi araşdırmalara başlamaq mənə musiqiyə və özümə olan inamı daha da möhkəmləndirdi. Professor Arif Məmmədovun rəhbərliyi altında milli musiqi irsimizə əsaslanan əsərlər yazdım və aspiranturada “Xalq nəğmələrinin incəsənətdə əksi” mövzusunda tədqiqat apardım. Musiqiyə olan sevgim və uşaqlarla çalışmaq mənim üçün peşə deyil, həyat fəlsəfəsidir.

—Ailəniz  və onların dəstəyi haqqında nə deyə bilərsiniz?

—Mənim üç övladım var: bir oğlum və iki qızım.Hər üç övladım savadlı, məsuliyyətli və dəyərli insanlar kimi formalaşıb. Ana kimi onların hər birinə görə qürur duyuram.

Hazırda “Music & Art School”  məktəbimiz fəaliyyət göstərirlər. Burada mən fortepiano və musiqi nəzəriyyəsi dərsləri aparıram, qızım isə azyaşlı uşaqlarla musiqi dərsi tədrisi ilə məşğuldur. Məktəbdə eyni zamanda riyaziyyat, təsviri incəsənət və dillər (rus və ispan) üzrə dərslər təşkil olunur. Məktəbin ümumi idarəçiliyini oğlum həyata keçirir. Bu məktəb bizim ailə dəyərlərimizi, sənətə olan sevgimizi və öyrətmək missiyamızı birləşdirən bir məkandır.

Həyat yoldaşım isə  iş həyatimda və yaradıcılığımda mənə böyük dəstək olub. Bu yolda onun rolu danılmazdır. Hər qadın üçün ailədə dəstək vacibdir. Əgər kişi həyat yoldaşını dəstəkləyirsə, o qadın yüksəlir. O, bir gün mənim sənətə olan bağlılığımı anlayaraq soruşdu: “Sənə necə kömək edə bilərəm?” Mən isə dedim: “Cavabını tapmalı olduğum tək sual budur – bu, mənim həqiqi yolumdur, yoxsa uzun illər içimdə toplanan enerjinin təbii ifadəsidir?”

Tədqiqatımın uğurla nəticələnməsi və dissertasiyanın müdafiəsi ailəmin, xüsusilə həyat yoldaşımın mənə göstərdiyi dəstəklə mümkün oldu. Onun bu yolda mənə olan inamı, səbrlə müşayiət etməsi və yol yoldaşlığı olmasaydı, bu qədərini bacarmaq mənim üçün mümkün olmazdı.

—Sizcə ailədə uşaqlara əmək sevgisi necə aşılanır və onların həyatında bu yanaşmanın rolu nədir?

—Bizim ailədə uşaqlara kiçik yaşlarından əmək sevgisi aşılanırdı. Düşünürəm ki, uşaqlar əmək anlayışını bilməlidirlər. Əmək verməyən və zəhmətin dəyərini dərk etməyən insan qazandığı heçnəyi  qiymətləndirə bilməz, həyata da məsuliyyətlə yanaşa bilməz. Həyat yoldaşım həmişə inanırdı ki, insanın hər şeyə sahib olması, onun əziyyətsiz yaşamaq haqqı olduğu mənasına gəlmir – əksinə, hər bir insan zəhmət çəkib uğur qazanmalıdır. Əks halda, sərvət insana məsuliyyətsizlik və laqeydlik aşılayır.

Mənim qızım türk və ingilis dillərini mükəmməl bildiyi üçün kollecdə təhsil almaqla yanaşı, işləməyə başladı.Bu onun üçün böyük bir nailiyyət idi. Oğlum da eyni yolu keçdi və əmək vasitəsilə qazandığı təcrübə onun da məsuliyyətli bir fərd kimi formalaşmasına kömək etdi. Bu gün övladlarım qazandıqları hər uğurun arxasında zəhmətin dayandığını bilirlər.

—Londonda fəaliyyət göstərən musiqi məktəbinizin yaranma ideyası necə formalaşdı və bu təşəbbüs kimə məxsusdur?

—Musiqi məktəbimizin yaranması ailəvi  təşəbbüsümüzdür. Bu layihənin əsas ideya müəllifi isə qızımızdır. O, London Universitetində Biznes təhsili alıb, musiqi ilə peşəkar səviyyədə məşğul olmasa da, ailənin təsiri və mühitin yaratdığı düşüncə tərzi nəticəsində bu sahəyə maraq göstərməyə başladı və məktəbin təşkilati bazasının qurulması bilavasitə onun təşəbbüsü ilə reallaşdı. Doğrusu, ilk mərhələdə bu sahədə ilk azərbaycanlı olduğumuzu bilmirdik; düşünürdük ki, digər xalqlar kimi, azərbaycanlıların da Londonda artıq fəaliyyət göstərən musiqi məktəbi var. Lakin məlum oldu ki, bu istiqamətdə ilk təşəbbüs bizə məxsusdur. Bu fakt bir tərəfdən sevindiricidir, amma digər tərəfdən isə böyük məsuliyyət yaradır. Məktəbimiz hazırda yaşadığımız evin binasında fəaliyyət göstərir: ikinci mərtəbədə mən fortepiano üzrə dərslər aparıram, birinci mərtəbədə isə həyat yoldaşım skripka üzrə tədrislə məşğuldur. Londonda fəaliyyət göstərən musiqi məktəbimiz sadəcə bir təhsil müəssisəsi deyil, həm də milli mədəniyyətimizin və musiqi irsimizin xaricdə tanıdılması baxımından mühüm bir platformadır.

—Məktəbin fəaliyyət istiqamətləri və məqsədləri nələrdir?

—Məktəbin yaradılmasında əsas məqsəd yalnız musiqi tədrisi ilə kifayətlənmək deyil, eyni zamanda milli kimliyimizin, zəngin mədəni irsimizin qorunması və təbliğidir. Hazırda məktəbimizdə fərdi və qrup dərsləri keçirilir. Qrup tədrisi modeli Azərbaycanda tam tətbiq olunmasa da, bu sahədə bizə ölkəmizdən də sorğular daxil olur. Bu, onu göstərir ki, diaspor mühiti daxilində formalaşan təcrübələr ölkə daxilindəki təhsil sisteminə də töhfə verə bilər. Məktəbin dərs proqramları təkcə texniki bacarıqların aşılanmasına deyil, həm də estetik zövqün formalaşmasına yönəlib.Onu da qeyd etmək istərdim ki, məktəbimizin açılış mərasimi Azərbaycanın Böyük Britaniyadakı səfirinin, Enfild rayonunun merinin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutdu. Bu, layihəmizə verilən ictimai dəstəyin və diqqətin bariz nümunəsidir. Biz bu məktəbi milli-mədəni missiya daşıyan önəmli bir layihə kimi qiymətləndiririk. Bu dəstək və ruhlandırıcı münasibət bizi daha genişmiqyaslı layihələrə başlamağa sövq edir.

—Azərbaycan musiqisinin təbliği və musiqi dərnəyinin yaradılması ideyası necə formalaşdı və bu sahədə hansı addımlar atıldı?

—Bir gün “Znaniye” məktəbində uşaqlarla birlikdə Müslüm Maqomayevin musiqisini ifa etdiyimiz zaman tamaşaçılardan biri yaxınlaşaraq təəccüblə soruşdu: “Siz bu mahnını haradan bilirsiniz? Bu axı Müslüm Maqomayevin əsəridir!” Bu sözlər mənim üçün böyük qürur mənbəyi idi. Əvvəllər də “Rossotrudniçestvo”nun tədbirində eyni reaksiya ilə qarşılaşmışdım. Məhz həmin tədbirdə iştirak edənlərdən biri “Niyə sizin öz musiqi kollektiviniz yoxdur?” deyə sual verdi və bu fikir mənim çoxdankı arzumun alovlanmasına səbəb oldu.

Bundan sonra təşəbbüsümü dəyərli diaspor fəalı, yardımsevər insan və ziyalı Fəridə Qanaxova xanıma çatdırdım. Ona həm Azərbaycan musiqisi üzrə ixtisaslaşdığımı, həm də öz bəstələrimin olduğunu bildirdim. O isə bu ideyanı böyük anlayışla qarşıladı və diaspora rəhbərliyi ilə müzakirə edəcəyini söylədi. Bu təşəbbüs 2-ci Qarabağ müharibəsindən öncə, Bakıya səfərimiz zamanı daha geniş müstəvidə təqdim olundu, diaspora nümayəndələri ilə görüşdə dilimizin və mədəniyyətimizin xaricdə təbliğinin zəruriliyini vurğuladım. Hətta həmin müsahibəmiz “YouTube”da da yayımlandı.

Müharibədən sonra isə Azərbaycan dilində onlayn məktəbin yaradılması ilə bağlı rəsmi dəvət aldıq. Artıq dörd ildir ki, bu layihədə fəal şəkildə iştirak edirik. Bu təşəbbüs “Azərhouse” təşkilatının və Azərbaycan diasporasının dəstəyi ilə həyata keçirilir. “ Azərhouse ”un rəhbəri Arif bəyin təşəbbüsü ilə biz burada uşaqlar üçün dərslər, tədbirlər və hətta sərgilər təşkil etmişik. Bu fəaliyyət həm milli dəyərlərimizin qorunması, həm də yeni nəslin ana dili və musiqi vasitəsilə milli kimliyə bağlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Londonda “Music & Art School”  məktəbimiz uğurla fəaliyyət göstərir. Məktəbdə musiqi ilə yanaşı riyaziyyat, incəsənət və dillər (rus, ispan) tədris olunur. Ailə üzvlərimizin hər biri burada fəal iştirak edir. Ən böyük hədəfimiz — Azərbaycan mədəniyyətini sevdirərək yaşatmaqdır.

-—Azərbaycan sizin üçün nə ifadə edir və bu dəyərləri İngiltərədə necə yaşadırsınız?

–—Azərbaycan mənim üçün sadəcə bir coğrafi məkan deyil — bu, kimliyim, ruhum və nəfəsimdir. Mənim əsas dəyərlərim millətimə, dilimə və ailəmə olan sədaqət üzərində qurulub. Həyatımda təhsilə böyük önəm verir və biliklərin insanı inkişaf etdirdiyinə inanaraq daima öz üzərimdə çalışıram. Eyni zamanda, əməyi və zəhməti yüksək qiymətləndirir, hər uğurun ardında dayanan davamlı zəhmətin vacibliyini qəbul edirəm.Hər nə qədər İngiltərədə yaşasaq da, mən özümü vətəndən ayrı hesab etmirəm. Burada fəaliyyət göstərən musiqi məktəbimiz vasitəsilə Azərbaycan mədəniyyətini tanıtdırır, uşaq mahnılarımızı, xalq musiqimizi və klassik irsimizi təqdim edirik. “Music & Touch” və “Karabakh Academy” kimi layihələr çərçivəsində uşaqlara həm musiqi, həm də Azərbaycan dili və mədəniyyəti öyrədilir. Bu fəaliyyətlər Azərbaycan diasporasının və “Azərhouse” təşkilatının dəstəyi ilə həyata keçirilir. Məqsədimiz milli dəyərlərimizi gələcək nəsillərə sevdirərək çatdırmaqdır.

-—Sizin Uğur formulunuz nədir?

-Mənim uğur formulum hər şeyə şükür etmək ,təşəkkür etmək, minnətdarlıq duymaqdır . Mənim üçün uğur daxili rahatlıq və ailə harmoniyası ilə ölçülür. Ən böyük uğurum övladlarımın Azərbaycan dilində danışmağa başlaması, milli dəyərləri sevərək qəbul etməsidir. Uğur – zəhmətin, inamın və qarşılıqlı dəstəyin nəticəsidir.

-—Həyat yolunuzda uğura aparan dönüş nöqtəsi nə vaxt baş verdi?

— Oğlumun dünyaya gəlişi ilə yaradıcılığımda yeni bir mərhələ başlandı — musiqilər sanki içimdə öz-özünə yaranırdı, bu, həm analıq hisslərinin, həm də illərlə toplanmış duyğuların və təcrübənin təbii ifadəsi idi. Bu dövr mənə göstərdi ki, sənət artıq mənim üçün yalnız bir peşə deyil, ruhumun ifadəsidir. Elə bu vaxt bəstələrimi tanınmış professor Arif Məmmədova təqdim etmək ,onun sinfində təhsil almaq və elmi araşdırmalara başlamaq mənə musiqiyə və özümə olan inamı daha da möhkəmləndirdi və onun dəstəyi həyatımda əsl dönüş nöqtəsinə çevrildi.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.