Məcnun Məmmədov Oman Sultanlığının naziri ilə görüşüb
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan və Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fortunamag.az-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov görüşdə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial olduğunu deyib. Qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Oman Sultanlığı arasında əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Bildirilib ki, sahibkarlar arasında əlaqələri gücləndirmək, ixracyönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacib olduğunu vurğulayıb.
Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqri bildirib ki, ölkəsi Azərbaycanla ticarət əlaqələrini genişləndirməyi və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmağı vacib hesab edir. Bunun üçün əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edən nazir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Omanın Kənd Təsərrüfatı, Balıqçılıq və Su Ehtiyatları Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamaq təklifini dəstəklədiyini bildirib.
Görüşdə azad olunmuş ərazilərdə kənd təsərrüfatının səmərəli təşkilinə dair layihələr, balıqçılıq, texnologiya transferi, təcrübə mübadiləsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fortunamag.az
