Ledi Hizer Makqreqor: “Uğurun əsas açarı ‘xeyr’ deməyi bacarmaqdır”
Bəzi hekayələr yalnız faktlarla deyil, içindən süzülən güclə də ilham verir. Professor Hizer Makqreqorun həyatı da məhz belə hekayələrdəndir. Alim, yazıçı, televiziya aparıcısı, sahibkar və təhsil islahatçısı olan Makqreqorun yolu cəsarətli qərarlar və qələbələrlə doludur.
17 il ərzində onun səsi Financial Times qəzetinin səhifələrindən oxuculara çatıb. Bu gün isə o, liderlik, qadınların dəstəyi və maarifçilik sahəsində ilhamverici bir simadır — professor və Birləşmiş Krallığın rəsmi titullu xanımı, Leydi Hizer Makqreqor.
Ledi (Dame) Hizer C. Makqreqor DBE FRSE hazırda Heriot-Vatt Universitetinin Dubay kampusunun prorektoru və vitse-prezidentidir. O, 2016–2021-ci illərdə Edinburq Biznes Məktəbinin icraçı dekanı kimi yüzlərlə gəncin inkişafına yön verib.
Karyerasına investisiya bank sektorunda başlayan Makqreqor daha sonra 17 il öz şirkətinə rəhbərlik edib. Honq-Konq Universitetindən PhD, London Biznes Məktəbindən MBA və Nyukasl Universitetindən bakalavr dərəcələrinə malikdir.
O, Financial Times-da 17 il ərzində dərc olunan köşə yazıları ilə tanınır, həmçinin qadın liderliyini təşviq edən “Taylor Bennett Foundation” və “30% Club” təşəbbüslərinin qurucularındandır.
2015-ci ildə iş yerlərində müxtəlifliyin təşviqinə görə Kraliça tərəfindən CBE ordeni, 2023-cü ildə isə təhsilə və biznesə xidmətlərinə görə Kral tərəfindən Dame (Leydi) titulu ilə təltif edilib.
Onun həyat yolu Honq-Konqun bank zallarından Edinburqun akademik auditoriyalarına qədər uzanır. Bu müsahibə isə sadəcə bir karyera hekayəsi deyil — seçimlər, dəyərlər və özünə sadiq qalaraq dünyanı dəyişmək haqqında səmimi bir söhbətdir.

Fortunamag.az müsahibəni təqdim edir:
– Siz professor, elmlər namizədisiniz, yazıçı və televiziya aparıcısısınız. 17 il ərzində Financial Times qəzetində köşə yazılarınız dərc olunub. Həyat və fəaliyyət sahəniz çoxşaxəli və uğurludur. Xarakterinizin formalaşmasına nə təsir edib?
– Hələ məktəb illərində biznesə böyük marağım var idi. 13 yaşımda iqtisadiyyat müəllimimiz bizə Mərkəzi Bankın faiz dərəcələrinin dövlət borcuna necə təsir etdiyini izah etdi. Bu, məni çox təsirləndirdi. O gündən etibarən biznes əsas maraq sahəmə çevrildi.
İndi də boş vaxtlarımda uğurlu və uğursuz şirkətlər haqqında kitablar oxuyuram. Məsələn, hazırda NVIDIA haqqında bir kitab oxuyuram. Biznes mənim üçün təkcə peşə deyil, həm də həvəsdir.
– Siz Böyük Britaniya, Honq-Konq və hazırda BƏƏ-də yaşamış və çalışmısınız. Bank sektorunda, jurnalistikada, elmdə və müəllimlikdə fəaliyyət göstərmisiniz. Fəaliyyət sahələrini dəyişmək sizə necə bu qədər asan olub?
– Mən həmişə çox iddialı olmuşam. Bu barədə “Ambisiyalı Qadınlar üçün Karyera Məsləhətləri” adlı kitab da yazmışam. Həyatım boyu bir sabit peşəyə bağlanmamışam, həmişə arzularımın arxasınca getmişəm. Məncə, insan nə qədər yüksək məqsədlər qoyarsa, bir o qədər irəli gedə bilər. Bəlkə ulduzlara çata bilməzsən, amma ən azı hündürə qalxarsan. Fəaliyyət sahələrim müxtəlif olub: əvvəlcə şirkətlərdə, sonra bank sektorunda çalışmışam. Daha sonra MBA təhsili alaraq Asiyada – Honq-Konq, Sinqapur və Tokioda maliyyə sahəsində işlədim. Eyni zamanda ana, həyat yoldaşı idim və elmi işimi yazırdım. Çox çətin idi.
– Bəs sizin uğur formulunuz nədir?
– Ən başlıcası zəhmətsevərlik. Həftədə 168 saat var, yuxunu da hesaba alsaq. Mən, məsələn, gündə cəmi altı yarım saat yatıram. Vaxtı səmərəli planlaşdırmaq və diqqətli istifadə etmək çox vacibdir. Bu 168 saat hamıya bərabər verilir. Mənə, sizə, prezidentə də…
Ən çətini nəyə “bəli”, nəyə “xeyr” deməyi seçməkdir. Siz mənə sabah üçün müsahibə təklif etdikdə, qrafikimdə sizə yer tapmaq üçün axtarış etməli oldum. Mən tez-tez “xeyr” deyirəm. Bu, mənim üçün çox vacib bir bacarıqdır. Uğurun əsas açarlarından biri düzgün və vaxtında imtina etməyi bacarmaqdır.
– Sizə şansın gülümsədiyi məqamlar olubmu?
– Mənə dəstək olan insanlara həmişə minnətdar olmuşam. Onların dəstəyi olmasaydı, bu qədər irəliləyə bilməzdim. Mən qadınları dəstəkləməyə böyük önəm verirəm və bu sahədə Birləşmiş Krallıqda bir çox işlər görmüşəm. İki il əvvəl bu fəaliyyətimə görə kral tərəfindən rəsmi titul aldım. İndi mən professor və Leydi Hizer Makqreqoram.
Amma geriyə baxanda görürəm ki, mənə imkan verənlər məhz ətrafımdakı insanlar olub. Məsələn, universitetimizin rektoru Riçard Uilyams 2016-cı ildə məni biznes məktəbinin rəhbəri kimi işə götürdü, halbuki mən klassik akademik karyeraya malik deyildim. Amma o, mənə inandı və bu, həyatımda dönüş nöqtəsi oldu.
2015-ci ildə “30% Klub” adlı təşəbbüs yaratdım – məqsəd qadınların rəhbər vəzifələrə təyin edilməsinə dəstək olmaq idi. Bu fəaliyyətimə görə mərhum kraliça tərəfindən təltif olundum və ailəmi Vindzor qalasına apardım. 2023-cü ildə isə kral mənə təhsildə xidmətlərimə görə ledi titulunu verəndə, rəhbərimi və onun həyat yoldaşını dəvət etdim – bu, minnətdarlıq jesti idi.
– Demək olar ki, siz çox minnətdar bir insansınız.
– Əlbəttə. Bu da uğur üçün vacib olan amillərdən biridir. “Təşəkkür edirəm” deməyi bacarmaq çox önəmlidir. Mən çalışıram ki, insanlara həmişə təşəkkür edim – bəzən məktub şəklində. Kabinetimdə həmişə təşəkkür məktubları üçün açıqçalar olur.
– Bəs sizi nə motivasiya edir?
– Mənim üçün əlavə motivasiya lazım deyil – kifayət qədər ambisiyalıyam. Amma bəzən yoruluram və o zaman ritmi itirməmək çox vacibdir. Bu, orqanizmin siqnalıdır: deməli, kifayət qədər yatmıram, su içmirəm, idman etmirəm. Belə vaxtlarda bir qədər tempimi azaldıram – geriyə yox, sadəcə, bərpa olunmaq üçün dayanıb irəli gedirəm.
– Gələcək üçün özünüzə nə arzulayırsınız?
– Bir gün işləməyi dayandırmaq və həyat yoldaşımla Avstraliyada yaşamaq istəyirəm. O, avstraliyalıdır. 37 il əvvəl evlənəndə mənimlə “bir neçə illiyinə” getməyə razılaşdı, amma geri qayıtmadı. Ona söz vermişəm ki, karyeramı bitirdikdən sonra onun vətəninə qayıdacağıq. Arzum – sağlam qalmaq və insanlara dəstək olmağa davam etməkdir. Ola bilər ki, o vaxtlar tam işlə məşğul olmasam da, maliyyə sahəsində başqalarına təlim keçərəm.
– Çox təşəkkür edirik, Ledi Makqreqor.
– Mən də sizə təşəkkür edirəm. Çox nəzakətlisiniz. Ümid edirəm ki, gələcəkdə də insanların həyatına müsbət təsir edə biləcəyəm. Sizin bizim universitetin tələbəsi olmağınızla da qürur duyuram.
Müsahibəni apardı: Baş redaktor müavini Camalə Naxçıvani
