Körpəsi qucağından yıxılıb öldü, kitabı yandırıldı: Əzizə Cəfərzadə taleyi
Əzizə Məmməd qızı Cəfərzadə Azərbaycan ədəbiyyatında təkcə bir imza deyil, bütöv bir yaddaşdır. Onun qələmi ilə tarix danışır, susmuş talelər sözə çevrilir, qadın səsi əsrlərin dərinliyindən bu günə çatır. O, yazıçı olduğu qədər də alim idi; duyğu ilə faktı, bədii təxəyyül ilə elmi dəqiqliyi eyni mətnin içində barışdırmağı bacaran nadir şəxsiyyətlərdəndir.
Fortunamag.az bildirir ki, əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində dünyaya gəlib. Onun taleyi hələ uşaqlıqdan sözlə, yaddaşla və müqavimətlə yazılacaqdı. Gənc yaşlarında Ağsu rayonunun Çaparlı kəndində müəllimlik etməsi ömür boyu davam edəcək maarifçilik yolunun ilk ciddi addımı oldu.
1937-ci il idi. Köhnə əlifba ilə yazılmış kitabların yandırıldığı, yaddaşın tonqallara atıldığı bir dövr. Əzizə isə bu axına boyun əymədi. Evdəki əski əlifbalı kitabları kisələrə doldurub çay kənarında basdırdı. Bu, sadəcə kitabları deyil, bir millətin keçmişini qorumaq cəhdi idi. Hələ gənc yaşlarında o, sözün məsuliyyətini dərk etmişdi.
Bir vaxtlar pilot olmaq arzusu ilə aviasiya klubuna yazıldı. Lakin boyunun qısa olması bu arzuya mane oldu. Elə burada gələcək həyat yoldaşı ilə tanış oldu. 1941-ci ildə ailə qurdular, bir qızları dünyaya gəldi. Lakin taleyin ən ağır sınaqlarından biri onu çox tez tapdı: deyilənlərə görə, qucağında uşaqla gedərkən körpə əlindən yerə düşərək həyatını itirdi. Bu faciə Əzizə Cəfərzadənin ömürlük yarasına çevrildi. Sonralar qardaşı oğlu Turanı və Kəmaləni öz övladları kimi böyütdü. Turanı rəsmən övladlığa götürdü, Kəmaləni isə ana qayğısı ilə himayə etdi.
1945-ci ildə tələbə olan Əzizə Cəfərzadə ərəb əlifbası ilə çap olunmuş türk ədəbiyyatına aid bir kitaba görə universitetdən xaric edildi. Lakin bu da onu yolundan döndərmədi. Ekstern qaydada Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdi. Cəmi 26 yaşında ikən teatr texnikumuna müdir təyin olunması onun savadına və təşkilatçılıq qabiliyyətinə olan etimadın göstəricisi idi.
Ədəbi fəaliyyətə 16 yaşında başlamışdı. 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində dərc olundu. 1948-ci ildə çap olunan ilk kitabı isə satışa çıxmamış Moskvanın xüsusi qərarı ilə yandırıldı. Ona “Anna Axmatova kimi salon lirikasını tərənnüm etmək” ittihamı irəli sürüldü. Lakin Əzizə Cəfərzadə susmadı — yandırılan kitablar onun qələm əzmini söndürə bilmədi.
Həyat yoldaşı Qana prezidenti Kvame Nkrumanın baş pilotu təyin ediləndə Əzizə Cəfərzadə də Afrikaya yollandı. Qitənin isti nəfəsi, yad mədəniyyətlər, fərqli həyat tərzi onun müşahidəçi ruhunu daha da zənginləşdirdi. Bu səfərin nəticəsi olaraq “Qızıl sahilə səyahət” kitabı yarandı — bir yazıçının uzaq torpaqlardan Vətənə baxışı.
Ona böyük ədəbi şöhrət gətirən əsər isə Seyid Əzim Şirvaninin həyatına həsr etdiyi “Aləmdə səsim var” romanı oldu. Bu romanla Əzizə Cəfərzadə tarixi roman janrında öz möhürünü vurdu.
Bir səfər zamanı həmkarları ilə Culfaya gedərkən Araz çayının o tayını görən kimi dilindən bir bayatı qopur. Onun səsindəki nisgil, parçalanmış Vətən ağrısı şair Tofiq Bayramı kövrəldir, gözlərini yaşardır. Bu, Əzizə Cəfərzadənin sözünün gücü idi — bir bayatı ilə bir insanın ruhuna toxuna bilirdi.
Sovet dövründə dərslərində Çar Rusiyasının Azərbaycanı necə işğal etməsindən danışdığı üçün onu izləməyə başladılar. Partanın altına səsyazan aparat yerləşdirildi. Amma tələbələri müəllimlərini qorudu — elə etdilər ki, cihaz “işləməsin”. Bu hadisə onun təkcə müəllim yox, mənəvi lider olduğunu göstərirdi.
1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində məktəb tikdirdi. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonorarını xərclədi. Tikinti yarımçıq qalmasın deyə qiymətli mirvari boyunbağısını da satdı. Onun üçün məktəb daşdan bina yox, gələcəyə ümid idi.
XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quran nüsxəsini tapmaq üçün 20 il Misir, Türkiyə, İran və Orta Asiyanın kitabxanalarında axtarış apardı. Nəhayət, Məşhəddə həmin Qurana rast gəldi. Bu, bir yazıçının tədqiqatçı inadının və elmi səbrinin zirvəsi idi.
Yazı makinasına “sevgilim” deyərdi. Gündə 25 səhifə, dörd nüsxədə yazı yazardı. Ömrünün son illərində barmaqları onu yarı yolda qoydu. Makinaçı tutdular, amma razılaşmadı. Söz yenə onun səsi ilə doğulmalı idi. Diktə etdi, köçürüldü. Füzuliyə həsr etdiyi son romanı — “Eşq sultanı” da bu cür yarandı.
Ömrünün son illərində ürək çatışmazlığından əziyyət çəksə də, bunu ailəsindən gizlətdi. Sonralar bədəninə su yığılmağa başladı. 2003-cü il sentyabrın 4-də, 82 yaşında dünyasını dəyişdi. Ölümündən sonra otağındakı saat dayandırıldı — sanki zaman onun üçün dayanmışdı. Vəsiyyətinə uyğun olaraq Hacıqabul rayonunun Tağılı kəndində dəfn olundu.
Əzizə Cəfərzadə təkcə yazıçı deyildi. O, kitab basdıran, məktəb tikdirən, tarix axtaran, sözü qoruyan bir taleyin adı idi. Onun ömrü sübut etdi ki, sözə sədaqət insanı zamandan uca edir. Belə insanlar dünyadan köçmür — yaddaşa çevrilir.
Əzizə Cəfərzadənin bədii yaradıcılığının əsas damarını tarix təşkil edir. Onun tarixi romanları sadəcə hadisələrin xronikası deyil, milli yaddaşın bərpasıdır. “Bakı-1501”də Şah İsmayıl Xətainin yürüşü ilə bir şəhərin taleyi canlanır, “Cəlaliyyə”də qadın hökmdarın iradəsi zamanın sınağından keçir, “Zərrintac–Tahirə”də isə bir şair qadının azadlıq ehtirası bütöv bir dövrün faciəsini işıqlandırır. Bu mətnlərdə tarix donuq fakt deyil — yaşayan, nəfəs alan bir varlıqdır.
Yazıçının hekayə və povestləri insan ruhunun incəliklərinə enir. “Əllərini mənə ver”, “Yad et məni”, “Qızımın hekayələri” kimi əsərlərdə sadə insanların mürəkkəb dünyası açılır. Burada qadın taleyi xüsusi yer tutur. Əzizə Cəfərzadə qadını nə ideallaşdırır, nə də kölgədə saxlayır — onu həyatın içində, mübarizəsi, sevgisi və ağrısı ilə təqdim edir. Dil bəzən lirik, bəzən sərt və tənqididir, amma hər zaman səmimidir.
Onun elmi əsərləri — “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Fatma xanım Kəminə” — unudulmuş adları yenidən ədəbiyyat tarixinin mərkəzinə qaytarır. Folklora, bayatıya, laylaya olan sevgisi isə yazıçı təxəyyülünün dərin köklərini göstərir; o, sözün yaddaş olduğunu yaxşı bilirdi.
Dövlət və xalq bu əməyin qiymətini verdi: “Xalq yazıçısı” adı, “Şöhrət” ordeni, elmi fəxri adlar… Lakin Əzizə Cəfərzadənin ən böyük mükafatı oxucu sevgisi idi. O, ömrünün sonunadək yazdı, araşdırdı, öyrətdi; 2003-cü ildə bu dünyadan köçsə də, əsərləri ilə yenidən doğuldu.
Əzizə Cəfərzadə ədəbiyyatımıza qadın imzasının gücünü sübut etdi. Onun hər cümləsi tarixlə görüşdür, hər obrazı milli yaddaşın aynasıdır. Belə yazıçılar zamanla yox olmur — zamanın özünə çevrilir.
Fortunamag.az
