İngiltərənin torf sahələrini yandırma qadağan edildi
İngiltərənin dərin torf sahələrində yanğınların qadağan ediləcəyi bildirilib. Fortunamag.az “The Guardian”a istinadən xəbər verir ki , bu addım nadir vəhşi təbiət növləri üçün yaşayış mühitini bərpa etmək, həmçinin hava çirklənməsini və daşqın riskini azaltmaq məqsədi daşıyır.
İngiltərədəki torf sahələri illərdir yandırılma, intensiv drenaj və kəklik ovçuluğu üçün istifadə səbəbindən zəif vəziyyətə düşüb. Halbuki torf təbii halda süngər kimi işləyir: yosun qatları və digər bitkilərlə örtülmüş bu torpaqlar nəhəng miqdarda karbon saxlayır – yalnız Böyük Britaniyada təqribən 3,2 milyard ton.
Amma torf quruduqda suyu saxlaya bilmir və bu da yaşayış məntəqələrində daşqınlara səbəb ola bilər. Üstəlik, karbonu saxlamaq əvəzinə onu atmosferə buraxır.
İngiltərədəki torf sahələrinin 80%-i qurumuş və pisləşmiş vəziyyətdədir. Torf sahələrində tez-tez bitkilər qəsdən yandırılır ki, yeni tumurcuqlar çıxsın və kəkliklər onlarla qidalansın. Bu isə ov üçün daha çox quşun yaranmasına şərait yaradır. Lakin yandırma prosesi ilan, qurbağa və yerdə yuva quran quşlar kimi canlıların məhvinə də səbəb ola bilər.
Fortunamag.az
