İdman Veteranları Qarabağ
Sentyabrın 12-13-də “İdman Veteranları” İctimai Birliyinin sədri, olimpiya qalibi Zemfira Meftaxetdinovanın rəhbərliyi altında bir qrup idman veteranı Füzuli, Laçın, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər. Fortunamag.az xəbər verir ki, əvvəlcə veteranlar Füzuli şəhər 1 saylı orta məktəbində, daha sonra isə Laçın şəhər 2 saylı orta məktəbində şagirdlərlə görüşüblər.
Səfərin növbəti günü idman veteranları Şuşada Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Aşağı Gövhər Ağa məscidini və Şuşa qalasını gəzib ziyarət ediblər. Burada şəhər sakinləri, eləcə də yeniyetmə və gənc idmançılarla görüş baş tutub.
Onlar həmçinin Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın və Bülbülün işğal dövründə güllələnmiş abidələrinə, habelə “İsa bulağı” istirahət məkanına baş çəkiblər.
Səfər zamanı Xankəndidə Qarabağ Universitetində olan veteranlar ali məktəbin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat əldə ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı tanınmış idmançıların azad edilmiş ərazilərə mütəmadi səfərlərinin həm gənclər, həm də uşaqlar üçün mühüm hadisə olacağını vurğulamışdı.
Fortunamag.az
