Hiltonun sahibi Conrad Hilton necə zəngin oldu?
Otelçilik dünyasında elə adlar var ki, təkcə bir biznesi deyil, bütöv bir həyat tərzini simvolizə edir. Bu adlardan biri də şübhəsiz ki, Conrad Nicholson Hiltondur. Hilton Otellər Zəncirinin banisi olan Conrad Hilton sıfırdan başlayaraq qlobal miqyasda bir imperiya qurmağı bacarmış nadir iş adamlarından biri kimi tarixə düşüb.

Fortunamag.az bildirir ki, Conrad Hilton 25 dekabr 1887-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Socorro County bölgəsində dünyaya gəldi. Atası, Norveçdən Amerikaya köç etmiş Augustus Halvorson Hilton, anası isə alman əsilli Mary Genevieve Laufersweiler idi. Səkkiz uşaqlı ailənin ikinci övladı olan Conrad zəhmət və qənaət üzərində qurulmuş bir mühitdə böyüdü.
Hilton ailəsinin yüksəlişi əslində atasının 1870-ci ildə Norveçdən ABŞ-a köçməsi ilə başlamışdı. Conrad isə bu ailədən çıxaraq dünya miqyasında tanınan ilk böyük fiqur oldu.
Conrad gənc yaşlarından bizneslə tanış idi. Atasının manav dükanında çalışır, eyni zamanda ailənin yaşadığı evin otaqlarının kirayəyə verilməsinin şahidi olurdu. Bu, gələcək otelçilik anlayışının ilk toxumları idi.

Birinci Dünya Müharibəsi zamanı orduda yanacaq və ərzaq təminatı sahəsində çalışdı. 1919-cu ildə atasının vəfatından sonra ordudan ayrıldı və taleyini biznesə bağladı. Elə həmin il Texas ştatının Cisco şəhərində Mobley Hoteli 40 min dollara satın alaraq otelçilik sektoruna rəsmi addımını atdı. Maraqlıdır ki, bu oteldə otaqlar 8 saatlıq növbələrlə kirayə verilirdi.
1925-ci ildə ilk öz adına olan otel – Dallas Hilton açıldı. Bu tarix Hilton brendinin başlanğıcı sayılır. Ardınca ardıcıl satınalmalar gəldi. 1945-ci ildə Hilton Hotel Corporation quruldu və şirkət təkcə otellərlə kifayətlənməyərək kredit kartları, avtomobil icarəsi və səyahət xidmətləri sahələrinə də daxil oldu.
1949-cu ildə Waldorf Astorianın alınması böyük rezonans doğurdu. Bu otel Herbert Hooverdən başlayaraq demək olar ki, bütün ABŞ prezidentlərinə ev sahibliyi etmişdi. 1954-cü ildə isə Conrad Hilton daşınmaz əmlak tarixinin ən böyük müqavilələrindən birini bağlayaraq Statler Hotels şəbəkəsini 111 milyon dollara satın aldı və özünü “Dünyanın Otelçisi” adlandırmağa başladı.

Conrad Hilton üç dəfə evlənmişdi. İlk evliliyi Mary Adelaide Barron ilə oldu və bu nigahdan üç oğlu dünyaya gəldi. Onlardan Barron Hilton sonradan ailə biznesinin başına keçdi.
İkinci evliliyi Hollivudun əfsanəvi siması Zsa Zsa Gabor ilə oldu. Bu evlilikdən Francesca Hilton adlı qızı dünyaya gəldi. Lakin evlilik qalmaqallarla yadda qaldı və qısa müddət sonra bitdi. Üçüncü və son evliliyini isə 1976-cı ildə Mary Frances Kelly ilə etdi və ömrünün sonuna qədər bu nigah davam etdi.
Conrad Hilton 3 yanvar 1979-cu ildə, 91 yaşında Santa Monikada təbii səbəblərdən vəfat etdi. O, Dallasdakı katolik Calvary Hill qəbiristanlığında dəfn olundu.
Mirasının böyük hissəsini Conrad N. Hilton Fonduna bağışladı. Bu fond bu gün də dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri olan Conrad N. Hilton Humanitarian Prizeı təqdim edir. Mükafatın məqsədi qlobal humanitar fəaliyyətləri təşviq etməkdir və məbləği Nobel mükafatına bərabərdir.

Conrad Hiltonun mirası yalnız pulla ölçülmədi. Oğlu Barron Hilton şirkəti daha da böyütdü. Nəvəsi Paris Hilton isə ailə adını bu dəfə populyar mədəniyyətin zirvəsinə daşıdı.
Conrad Hiltonun hekayəsi sadəcə uğur hekayəsi deyil. Bu, köç, zəhmət, risk və uzaqgörənliyin bir insanı necə dünya miqyasında simvola çevirə biləcəyinin canlı sübutudur. Bir vaxtlar manav dükanında çalışan gənc, nəticədə dünyanın ən böyük otel imperiyalarından birinin memarına çevrildi.

Conrad Hiltonun təməlini qoyduğu qlobal otel imperiyası bu gün Azərbaycanın paytaxtında da təmsil olunur. Hilton Baku oteli Xəzər dənizi sahilində, Bakı Biznes Mərkəzinin yaxınlığında yerləşir və şəhərin ən prestijli hotellərindən biri hesab edilir.
Fortunamag.az
