Görkəmli xoreoqraf-baletmeyster, Xalq artisti Roza Cəlilova vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.
Fortunamag.az xəbər verir ki, Roza İsmayıl qızı Cəlilova 17 may 1929-cu ildə Quba rayonunda anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.
Roza Cəlilova 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs ansamblı ilə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub, rəqs sənətimizi layiqincə təmsil edib. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də yer tutub.
Roza Cəlilovanın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Baletmeyster 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Roza Cəlilovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Fortunamag.az
