Gəncədə keçirilən Avropa çempionatı başa çatıb
Gəncə şəhərində aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatı başa çatıb.
Fortunamag.az xəbər verir ki, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək, qitə birinciliyi uğrunda mübarizə aparıb. Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və “aerodans” proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.
Sonuncu yarış günündə isə idmançılar final mərhələsində çıxış edərək, Avropa çempionu adını qazanıblar.
Gəncədə ilk dəfə olaraq keçirilən bu mötəbər yarışa Avropanın müxtəlif ölkələrindən gimnastların valideynləri və yaxınları da gələrək onlara dəstək olublar. Gəncəyə gələn nümayəndə heyətləri şəhərin qədim tarixinə, gözəlliyinə, insanların qonaqpərvərliyinə və yerli mətbəxin dadlı yeməklərinə heyran qalıblar.
Yarışın təşkilatçılığı iştirakçılar, nümayəndə heyətləri və tərəfindən Gəncə şəhərində yaradılan şərait və təşkilatçılıq yüksək qiymətləndirilib. Avropa çempionatının uğurla keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə qadirdir.
Beləliklə, Gəncə idman tarixində daha bir əlamətdar səhifə yazdı. Bu şəhər yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq idman arenalarına ev sahibliyi edən müasir və qonaqpərvər şəhər kimi yadda qalıb.
Qeyd edək ki, turnir noyabrın 9-dan 11-dək davam edib.
Fortunamag.az
