Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib
Oktyabrın 8-də Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edib.
Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, daha sonra Oyunların rəsmi mahnısının sədaları altında MDB bayrağı III MDB Oyunlarının qalibləri – Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçülük), Əli Nəzərov (yunan-Roma güləşi), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) tərəfindən endirilib.
Bayraq növbəti Oyunlara ev sahibliyi edəcək ölkəyə təqdim olunmaq üçün MDB İcraiyyə Komitəsinə təhvil verilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim “Natiq” ritm qrupunun, Azərbaycanın Xalq artisti Aygün Kazımovanın, həmçinin Aysel Teymurzadə, Nigar Camal, Eldar Qasımov, Çingiz Mustafayev, Nadir Rüstəmlinin və digər ulduzların ifaları ilə davam edib.
Tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Xatırladaq ki, Azərbaycan idmançıları III MDB Oyunlarında uğurlu çıxış edərək 33 qızıl, 56 gümüş və 95 bürünc medal qazanıblar. Ümumilikdə 184 medalla ölkəmiz yarışları ikinci yerdə başa vurub.
Fortunamag.az

