Əhməd Ağdamski: Azərbaycanda qadın rollarını canlandıran ilk aktyor
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafında silinməz iz buraxan şəxsiyyətlərdən biri də Əhməd Bəşir oğlu Bədəlbəyli, daha çox tanındığı adı ilə Əhməd Ağdamski olub.
Fortunamag.az bildirir ki, 1884-cü il yanvarın 5-də Ağdamda ziyalı bir ailədə dünyaya göz açan Əhməd bəy, həm də böyük bəstəkar Üzeyir Hacıbəyovun doğma xalasa oğlu idi. Kiçik yaşlarından teatı sevən, xalq mərasim tamaşalarında və teatr dərnəklərində öz bacarığını nümayiş etdirən gənc Əhməd, gələcəyin böyük opera ulduzuna çevriləcəyinin əlamətlərini artıq o dövrdə göstərirdi.
Əhməd Ağdamskinin adı tarixdə Azərbaycan səhnəsində qadın rollarını canlandıran ilk kişi aktyor kimi qalıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində ölkədə cəhalət hökm sürürdü, müsəlman qadınların səhnəyə çıxması isə qəti qadağan idi. Buna görə də opera və operettalarda qadın rollarını kişi aktyorlar ifa etməli idi. İlk müsəlman operası olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərində də belə bir vəziyyət yaşanırdı.
Premyeradan əvvəl Leyli rolunu oynayan Əbdürrəhman Fərəcov qadın geyimində səhnəyə çıxmaqdan imtina etmişdi. Bu zaman bəstəkarın gözləri gənc Əhməd bəyə sataşdı. Tələbə olan Əhməd, özünü qorumaq üçün ilk çıxışında “Miri” təxəllüsü ilə səhnəyə çıxdı. Beləcə, o, Leyli obrazını böyük ustalıqla canlandırdı və 12 il boyunca Azərbaycan səhnəsində qadın qiyafəsində çıxış etdi, hər rolunu fərqli xarakter və səs ilə zənginləşdirərək tamaşaçıları valeh etdi.
Opera və operettaların parlaq ulduzu
Əhməd Ağdamski yalnız “Leyli və Məcnun”da deyil, həmçinin Üzeyir Hacıbəyovun digər əsərlərində də baş rolları ifa edib. O, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə və “Şah Abbas və Xurşidbanu”da isə kəndli qızının obrazını canlandırıb. Hər bir obrazda onun ifası fərqli səs və ifadə ilə yadda qalırdı, mürəkkəb muğamları uğurla ifa etməsi isə onun sənətkarlığının əsl göstəricisi idi. 1916-cı ildə lentə alınan “Arşın mal alan” bədii filmində Gülçöhrə rolunu canlandırması da bu sənətkarın istedadını əbədiləşdirib.
20-ci əsrin əvvəllərində Qarabağa qayıdan Ağdamski, Ağdamda teatr truppası yaradaraq bir çox tamaşaların həm rejissoru, həm də aktyoru oldu. 1934-cü ildən isə Ağdaşa köçərək ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul oldu, istedadlı gəncləri yetişdirdi, musiqi məktəbinin yaranmasına böyük töhfə verdi və bölgənin mədəni həyatına yeni nəfəs gətirdi. Onun yetirmələrindən biri də kaman ustası Habil Əliyev olub.
Əhməd Ağdamskinin səhnə və pedaqoji fəaliyyəti Azərbaycan mədəniyyətinə əvəzsiz töhfə verib. 1943-cü ildə ona Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. 1954-cü il aprelin 1-də Ağdaşda vəfat edən Ağdamski, öz sənəti və fədakarlığı ilə gələcək nəsillər üçün parlaq bir örnək qoyub.
Əhməd Ağdamski yalnız səhnənin ulduzu deyil, həm də Azərbaycan mədəniyyətinin inkişafında öncül bir sima, qadın obrazlarını kişi səhnəsində ustalıqla canlandıran və opera sənətimizi dünyaya tanıdan bir şəxsiyyət olaraq həmişə xatırlanacaq.
