• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

“Əgər Mirəli Qaşqay həyatda olsaydı…”

07.01.2026
Tale simfoniyası, Xəbərlər
“Əgər Mirəli Qaşqay həyatda olsaydı…”
Share on FacebookShare on Twitter

Yanvarın 7-si akademik Mirəli Qaşqayın doğum günüdür

Azərbaycan geologiya elminin inkişafında müstəsna rol oynamış görkəmli alimlərdən biri akademik Mirəli Seyidəli oğlu Qaşqaydır. Onun adı XX əsrdə ölkəmizdə mineralogiya, geokimya, petrologiya və metallogeniya sahələrinin formalaşması və elmi məktəb səviyyəsinə yüksəlməsi ilə ayrılmaz şəkildə bağlıdır. Mirəli Qaşqay yalnız böyük alim deyil, həm də elmin təşkili və gənc kadrların yetişdirilməsi sahəsində əvəzsiz xidmətlər göstərib elm xadimi olub.

Fortunamag.az bildirir ki, Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədə alan gələcək alim 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun dağ-mədən və geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1930-cu ildə dağ-mədən mühəndisi-geoloq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən onun elmi fəaliyyəti başlanıb, SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1934-cü ildə İstisu mineral bulaqlarına həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edərək gənc yaşlarında elmi ictimaiyyətin diqqətini cəlb edib.

Alimin elmi yaradıcılığında Kiçik Qafqaz və Talış bölgələrinin geoloji quruluşu xüsusi yer tutur. O, bu ərazilərdə yayılmış əsas və ultraəsas süxurları dərindən tədqiq etmiş, əldə etdiyi nəticələri “Azərbaycanın əsas və ultraəsas süxurları” adlı fundamental monoqrafiyada ümumiləşdirmişdir. Bu sanballı elmi işə görə Mirəli Qaşqaya 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Mirəli Qaşqay Daşkəsən filiz rayonunun, Zəylik alunit yatağının və Kiçik Qafqazın bir sıra dəmir, mis, kobalt və kükürd yataqlarının tədqiqatçısı kimi tanınır. O, filiz yataqlarının əmələgəlməsi ilə bağlı yeni elmi baxışlar irəli sürmüş, bir çox yataqların intruziv proseslərlə deyil, vulkan püskürmələri ilə əlaqədar formalaşdığını elmi əsaslarla sübut etmişdir. Alim ilk dəfə olaraq alunit, kaolinit və dikkit yataqlarının elmi təsnifatını vermiş, metallogeniya elminin inkişafına mühüm töhfələr əlavə etmişdir.

Onun apardığı geokimyəvi tədqiqatlar nəticəsində “Azərbaycanın geokimyəvi xəritəsi” və “Azərbaycanın geotermik xəritəsi” tərtib olunmuş, respublika ərazisində 220-dən artıq mineral və termal mənbənin mövcudluğu müəyyən edilmişdir. Mirəli Qaşqay həmçinin Kəlbəcər və digər bölgələrdə perlit və obsidian yataqlarının kəşfində fəal iştirak etmişdir.

Akademik Mirəli Qaşqay Azərbaycan Elmlər Akademiyasının təşkili və formalaşmasında mühüm rol oynamışdır. O, 1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri olmuş, uzun illər Akademiyanın akademik-katibi vəzifəsində çalışmışdır. Onun təşəbbüsü ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, mineralogiya və petroqrafiya kafedraları, həmçinin geologiya muzeyi yaradılmışdır.

Mirəli Qaşqay böyük elmi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi altında onlarla elmlər namizədi və doktoru hazırlanmış, Azərbaycan geoloq-mineroloqlarının yeni nəsli formalaşmışdır. Alim 600-dən çox elmi məqalənin və 35 monoqrafiyanın müəllifi olmuşdur. “Azərbaycanın mineral suları”, “Alunitlər və onların genezisi”, “Daşkəsənin petrologiyası və metallogeniyası”, “Listvenitlər” kimi əsərləri bu gün də öz elmi əhəmiyyətini qoruyur.

Mirəli Qaşqayın elmi fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilmişdir. O, bir sıra xarici ölkələrin mineralogiya cəmiyyətlərinin üzvü seçilmiş, beynəlxalq geoloji konqres və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. Elmi və ictimai xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif olunmuşdur.

Akademik Mirəli Qaşqay 1977-ci il aprelin 23-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. O, Azərbaycan geologiya elminin tarixində silinməz iz qoymuş, zəngin elmi irsi ilə bu gün də tədqiqatçılara yol göstərən böyük alim kimi xatırlanır.

Kinorejissor Oqtay Mirqasımovun prodüserliyi ilə istehsal olunan “Qaşqayın son proqnozu” adlı sənədli film görkəmli alim, akademik Mirəli Qaşqayın elmi və şəxsi irsinə həsr olunub. 40 dəqiqədən artıq davam edən filmdə müxtəlif akademiklər və professorlar Mirəli Qaşqayın Azərbaycan elminə verdiyi töhfələrdən, onun elmi baxışlarından və şəxsiyyətindən bəhs edirlər.

Sənədli filmdə alimlə yanaşı, onun ailə üzvləri – həyat yoldaşı Ulduz Qaşqay, oğlu Çingiz Qaşqay və qızı Aybəniz Qaşqay da yer alaraq Mirəli Qaşqayın həyatının ictimaiyyətə məlum olmayan məqamlarını bölüşüblər. Bu xatirələr alim obrazını daha dolğun və insani cizgilərlə tamaşaçıya təqdim edir.

Ulduz Qaşqay Kaspi qəzetinə müsahibəsində xüsusilə onun ömrünün son illərində üzərində çalışdığı, lakin bu günədək işıq üzü görməyən geokimyəvi xəritədən söz açıb. Onun sözlərinə görə, bu xəritə Mirəli Qaşqayın son elmi işi olub: “Bu, Mirəli Qaşqayın hazırladığı son geokimyəvi xəritə idi. Əcəl onu tez apardı. Böyük həvəslə xəritəni hazır vəziyyətdə görmək istəyirdi, amma qismət olmadı. Xəstəxanada yatarkən belə, işini yarımçıq qoymadı, yaradıcılıq fəaliyyətini elə oradaca tamamladı.”

Ulduz Qaşqay qeyd edib ki, həyat yoldaşının vəfatından sonra iştirak etdiyi elmi konfransların birində bu xəritənin mövcudluğu barədə məlumat verib. Lakin bundan qısa müddət sonra xəritə müəmmalı şəkildə itib: “Bu fikirləri söyləməyə sonradan peşman oldum. Çünki bir neçə gündən sonra həmin xəritə yoxa çıxdı. Onun necə itdiyi bu günə kimi ailəsi üçün qaranlıqdır. Əgər Mirəli həyatda olsaydı, yəqin ki, xəritənin taleyi də belə olmazdı.”

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.