Ədəbiyyatımızın böyük dayağı Mirzə İbrahimov
Mirzə Əjdər oğlu İbrahimov 28 oktyabr 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında yerləşən Evə kəndində dünyaya göz açıb. Həyat ona erkən yaşlarından ağır sınaqlar yaşadıb. Üç yaşında anasını itirib, bir müddət sonra atası Əjdər kişi iki balası ilə Bakıya köçsə də, az keçmədən o da vəfat edib. Beləliklə, Mirzə yeddi yaşında tamamilə yetim qalıb və həyat mübarizəsinə təkbaşına atılıb.
Fortunamag.az bildirir ki, uşaq yaşlarından Balaxanı və Zabrat ərazilərində ağır zəhmət tələb edən işlərdə çalışaraq dolanıb. 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuya-oxuya işləyib. Çətin həyat şəraitinə baxmayaraq, onun daxilində yaşamaq eşqi, gələcəyə inam və elmə maraq sönməyib. Daim oxumağa, öyrənməyə can atıb və bilik onun üçün xilasedici yol olub.
Ədəbi fəaliyyətə Zabrat fəhlə ədəbiyyat dərnəyində başlayıb. Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi tanınan Mirzə İbrahimov ilk hekayə və oçerklərini XX əsrin 30-cu illərində qələmə alıb. Yaradıcılığında real həyat hadisələrinə, xalqın mənəvi dünyasına və milli dəyərlərin təbliğinə xüsusi önəm verib. 1931-ci ildə yazdığı “Zəhra” və “Mələk” hekayələri onu ədəbi mühitdə tanıdan ilk əsərlər olub.
Keçdiyi ağır həyat yolu Mirzə İbrahimovun xalqın ruhunu dərindən anlamasına imkan yaradıb. Xalqına bağlılıq, səmimiyyət və vətəndaş mövqeyi onun şəxsiyyətinin əsas xüsusiyyətləri olub. Dövrün tanınmış simaları onun xalqla qırılmaz tellərlə bağlı olduğunu dəfələrlə vurğulayıblar. Ulu Öndər Heydər Əliyev Mirzə İbrahimovu xalqın sevimlisi, yüksək ada layiq sənətkar kimi dəyərləndirib və onun yaradıcılığının geniş oxucu rəğbəti qazandığını qeyd edib.
Mirzə İbrahimov həm şəxsiyyətində, həm də yaradıcılığında bütöv Azərbaycan ideyasını yaşadıb. Şimali və Cənubi Azərbaycanın ayrılmaz birliyini düşüncə sisteminin əsasına çevirib. Onun əsərlərində milli kimlik, azadlıq ruhu və mənəvi bütövlük ideyası xüsusi yer tutur və xalqın özünüdərkinə güclü təsir göstərir.
Dil məsələsi Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutub. 1943-cü ildə yazdığı “Dilimizin inkişaf yolları haqqında” məqaləsində ana dilini canlı bir varlıq kimi dəyərləndirib. O, Azərbaycan dilinin əsrlər boyu təzyiqlərə məruz qalmasına baxmayaraq, öz varlığını qoruyub saxladığını vurğulayıb və “Dədə Qorqud” dastanlarını dilimizin qədimliyinin əsas sübutu kimi göstərib.
1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu dövrdə “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsi ilə dil məsələsində cəsarətli mövqe nümayiş etdirib. Onun təşəbbüsü və imzası ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dili dövlət dilidir” maddəsinin əlavə olunması milli tariximizdə mühüm hadisəyə çevrilib.
Mirzə İbrahimovun ictimai-siyasi fəaliyyəti, elmi araşdırmaları və bədii yaradıcılığı bir-birini tamamlayıb. O, xalqın dərdini, arzusunu, milli yaddaşını əsərlərində təbii və səmimi şəkildə əks etdirib. Folklora bağlılığı, klassik irsdən bəhrələnməsi onun yazıçı üslubunun əsasını təşkil edib.
Uzun illər yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, heç vaxt xalqdan uzaq düşməyib. Azərbaycan Yazıçılar İttifaqının sədri, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri kimi məsul postlarda fəaliyyət göstərib. Beynəlxalq konqreslərdə iştirak edib, sülh və həmrəylik ideyalarını təbliğ edib. Əsərləri bir çox xarici dillərə tərcümə olunub və yüksək dövlət mükafatları ilə təltif edilib.
Əlli ildən artıq davam edən yaradıcılıq yolu boyunca Mirzə İbrahimov bütün fəaliyyətini xalqın mədəni və mənəvi inkişafına həsr edib. Onun üçün tək Azərbaycan anlayışı vardı — bütöv, bölünməz Vətən. Güney Azərbaycanda doğulsa da, taleyi ona bütöv Azərbaycanın ruhunu daşımaq missiyasını verib.
Mirzə İbrahimovun xalqına ünvanladığı səmimi sözlər onun daxili aləmini, vətənə sevgisini və xalqa bağlılığını açıq şəkildə ifadə edir. O, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində silinməz iz qoymuş nasir, dramaturq, alim, publisist və ictimai xadim kimi yaddaşlarda yaşayır.
Mirzə Əjdər oğlu İbrahimov 17 dekabr 1993-cü ildə Bakıda vəfat edib. Onun irsi bu gün də Azərbaycan mədəniyyətinin dəyərli xəzinəsi olaraq yaşayır.
Fortunamag.az
