“Doğma torpaq” filmi Türkiyədə mükafata layiq görülüb
Azərbaycanlı rejissor İlqar Safatın tammetrajlı “Doğma torpaq” bədii filmi İstanbulda keçirilən “5.Goldenhorn IFF” beynəlxalq film festivalında iki mükafat qazanıb.
Fortunamag.az xəbər verir ki, “Fotofilm Culture and Arts” təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən “5.Goldenhorn IFF” festivalı dekabrın 10-12-də İstanbulda reallaşıb. “Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən 44 tammetrajlı bədii, sənədli, tələbə filmi animasiya və eksperimental kateqoriyalar üzrə yarışıb.
İstanbul Aydın Universitetində keçirilən mükafatlandırma mərasimində peşəkar münsiflər heyətinin qərarı ilə Azərbaycanın “Doğma torpaq” filmi iki mükafata layiq görülüb. Belə ki, film kinematoqrafik əsərləri texniki və nəzəri xüsusiyyətlərinə görə qiymətləndirən, elmi və uzunmüddətli töhfə məqsədi daşıyan və əsas kinematoqrafik struktura riayət edilməsi şərti ilə akademiklər tərəfindən təqdim edilən “Best Feature Fiction Academic Award” nominasiyasında qalib olub. Bundan əlavə, “Best Director of Photography” nominasiyasında filmin operatoru Konstantin (Mindia) Esadzenin işi yüksək qiymətləndirilib.
