Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Fortunamag.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda KOB subyektlərindən daxil olmuş 12 müraciətə baxılıb və onlardan 9-na “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri “Mountai Group” MMC-nin neft və qaz sənayesində süni intellekt əsaslı analitika və rəqəmsal həll, “JFB Tech” MMC-nin humanoid robotlar üçün proqram təminatının hazırlanması və istehsalı, “Castingaz” MMC-nin onlayn kastinq platforması, “Smile Tour” MMC-nin səyahət və turizm xidmətləri üçün marketpleys, “Markpro Group” MMC-nin süni intellekt dəstəkli rəqəmsal marketinq platforması, “Buta Xidmət” MMC-nin onlayn sosial sahibkarlıq platforması, Əfqan Mehdixanovun süni intellekt əsaslı turizm platforması, Nurlan Kurbanovun süni intellekt dəstəkli rəqəmsal müştəri loyallıq platforması, Seymur Rzayevin “Agile” modelinə əsaslanan onlayn idarəetmə platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Fortunamag.az
