Dağlara Söykənən Söz – Məmməd Aslan Poeziyası
Azərbaycan ədəbiyyatında uşaq poeziyasının inkişafında mühüm xidmətləri olan Məmməd Aslan zəngin mənəvi mühitdə formalaşmış sənətkarlardandır. Klassik və el ədəbiyyatını dərindən bilən, şeir yazmaq qabiliyyətinə malik olan atası onun dünyagörüşünün, sənətə bağlılığının əsasını qoymuşdur. Bu mühit kiçik yaşlarından Məmməddə sözə, poeziyaya böyük maraq oyatmışdır.
Fortunamag.az bildirir ki, II Dünya müharibəsindən sonrakı ağır illərdə atasını itirən Məmməd Aslan anası Xədicə xanımla birlikdə Bərdənin Qəhrəmanlı kəndinə köçmüşdür. Çətin uşaqlıq illəri yaşamış, ailəni dolandırmaq üçün çobanlıq etmişdir. Lakin bütün çətinliklərə baxmayaraq, oxumaq həvəsi onu tərk etməmiş, öz-özünə hərfləri öyrənmiş, kitabla dostlaşmışdır. Onun bu marağı kənd məktəbinin diqqətindən yayınmamış, məktəbə cəlb edilərək birbaşa ikinci sinfə qəbul olunmuşdur.
Kəlbəcər şəhər məktəbində orta təhsilini başa vuran Məmməd Aslan 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1962-ci ildə müəllimlik diplomu almışdır. Əmək fəaliyyətinə Kəlbəcərin Yanşaq və İstisu kənd məktəblərində başlamış, bir müddət “Yenilik” qəzetində məsul katib kimi çalışmışdır. 1970-ci illərin sonlarında Bakıya köçərək “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri” və “Ədəbiyyat və incəsənət” qəzetlərində, həmçinin “Yazıçı” nəşriyyatı və “Günəş” jurnalında fəaliyyət göstərmişdir.
Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunan ilk şeiri ilə başlayan Məmməd Aslan xüsusilə uşaq ədəbiyyatında məhsuldar olmuşdur. “Böyürtkən – böyrü tikan”, “Səhəri kim açır”, “Dəvə niyə gövşəyir” və digər kitabları uşaq poeziyamızın dəyərli nümunələrindəndir. Onun şeirləri sadəliyi, yığcamlığı, poetik obrazları və tərbiyəvi mahiyyəti ilə seçilir.
Şair mövzularını əsasən təbiətdən, məişətdən, gündəlik hadisələrdən götürür, real gerçəkliyi poetik boyalarla təqdim edərək uşaqlarda həm təbiətə, həm də Vətənə sevgi aşılayır. Təbiətdən bəhs edərkən cəmiyyət problemlərinə toxunur, didaktik və pedaqoji məzmunlu fikirlər irəli sürür.
Məmməd Aslanın nəsr yaradıcılığı da poeziyasını tamamlayır. “Bizdən sonra nə qalır?..”, “Durnalar lələk salır” kitablarında toplanmış hekayələrdə də poetik duyum aydın hiss olunur. “Ata işdən qayıdanda”, “Usta Qıy-qıy”, “Uşaqların söhbətləri”, “Sarıdaş kəndinin uşaqları” kimi hekayələrində müxtəlif uşaq obrazları yaradaraq onların psixologiyasını səmimi və inandırıcı şəkildə təqdim edir.
Həm şair, həm də nasir kimi tanınan Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmiş, Masazır qəbiristanlığında dəfn olunmuşdur. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan uşaq ədəbiyyatının dəyərli səhifələrindən biri kimi yaşayır.
Fortunamag.az
