Chanel: Bir Brendin Hekayəsi
Coco Chanel: Moda keçicidir, üslub əbədidir
Moda tarixində elə bir ad var ki, o sadəcə bir markanı deyil, bir fəlsəfəni təmsil edir. Hər tikişində azadlıq, hər parçasında zövq gizlidir. O ad Coco Chanel qadınlığın sərhədlərini dəyişdirən, sadəliyi lüksə çevirən və bir əsrin ruhunu formalaşdıran qadındır.
Londonda Victoria və Albert Muzeyinin Sainsbury Qalereyasında açılan “Moda Manifestosu” sərgisi bu əfsanəvi qadının yaratdıqlarını, yaşadıqlarını və yaşatdıqlarını bir daha gündəmə gətirdi. Amma gəlin, Chanel’in təkcə geyimdə deyil, düşüncədə də çevriliş edən dünyasına bir az daha yaxından baxaq…
Fortunamag.az bildirir ki, 1883-cü ilin avqustunda Fransanın Saumur şəhərində doğulan Gabrielle Chanel, erkən yaşda anasını itirdi və yetimxanada böyüdü.

Gənc yaşlarında kabarelərdə mahnı oxuyan Gabrielle, “Qui qu’a vu Coco?” adlı mahnıdan “Coco” ləqəbini aldı — və bu ad bir gün bütün dünyaya yayılacaqdı.

Chanel 1910-cu ildə Parisdə ilk şapka butiğini açdı və çox keçmədən qadın geyimində inqilab başlatdı.

O, qadınları sıxan korsetlərdən azad etdi, kişilərin rahat parçalarını qadınlara uyğunlaşdırdı, “az olan daha çoxdur” prinsipini modanın qanununa çevirdi.
Qadınlar artıq yalnız bəzənmirdi. Azad nəfəs alır, sərbəst hərəkət edir, şəhərin ritmi ilə addımlayırdı. Chanel bu azadlığı geyimə çevirdi. Chanelin həyatının ən böyük sevgisi Boy Capel 1919-cu ildə faciəvi şəkildə dünyasını dəyişdi. Chanel’in qəlbindəki boşluq, modanın tarixində bir şah əsərə çevrildi: “Little Black Dress”.

Bu sadə, amma dərin mənalı dizayn kədəri zərifliyə, itkiyi gücə çevirdi. Elə buna görə də Chanel modanı deyil, duyğuları dizayn edən qadın idi.
1921-ci ildə Chanel moda sərhədlərini aşdı. Dünyanın ən məşhur ətirlərindən biri – Chanel No.5doğuldu. Sadəcə bir ətir deyildi, qadının kimliyini, zərifliyini və müstəqilliyini daşıyan bir imza idi.
Marilyn Monroenun “I only wear Chanel No.5 to bed” deməsi Chanelin yaratdığı qadın obrazının zirvəsiydi.
Coco Chanelin həyatı modadan çox daha mürəkkəb idi. İkinci Dünya Müharibəsi illərində onun alman diplomatlarla əlaqələri uzun müddət tənqid olundu. Həyatın bütün ziddiyyətlərini daşıyırdı…romantik, strateq, sənətkar və dövründən həmişə bir addım öndə olan qadın.

Tüvit ceketlər, zəncirlə bəzədilmiş çantalar, inci sapları, kiçik qara donlar sadəcə moda detalları deyil, bir qadının azadlıq manifestidir.
O, deyirdi ki: “Moda yalnız geyimdə deyil, havadadır, küçədədir, düşüncələrdədir.”
Bəlkə də onun ruhu hələ də hər bir qadının içində yaşayan bir azadlıq hissidir. Bəs siz, öz azadlıq üslubunuzu necə yaradırsınız?
Fortunamag.az
