Came Məscidi
Came məscidi Hacı Ramazan məhəlləsində, Sənətkarlar küçəsi 2A – da yerləşir. Tarixi ədəbiyyatda məscidin tikilmə tarixi XVII əsrə aid edilir. Şərqdə, o cümlədən, Azərbaycanda, yaşayış məskəni, qala və ya məhəllə salınanda mütləq səhərsalma prinsiplərinə riayət edilirdi. Şəhərin və ya məhəllənin ictimai mərkəzi yaradılanda ilk növbədə Camə ucaldılırdı, ətrafında hamam, ovdan və bazar cərgələri yerləşdirilirdi. Eyni qaydaya məhəllə salınanda da riayət edilirdi. Qala kəndinin mərkəzi məhz bu qaydada formalaşıb.
Əldə edilən məlumatlara əsasən məscid XVII əsrdə Nadir qalasından əvvəl tikilib. Məscid üç mərhələdə inşa olunmuşdur.Tikilinin şərqdən başlanan qolu tikinti texnikası nöqteyi- nəzərindən ən qədim hissə hesab olunur. Birinci məscid tikilisinin altında, arxeolojı qazıntılar zamanı dairəvi stolu xatırladan 12 taxçalı, oval şəkilli yeraltı kamera aşkar olunmuşdur.
Məscidin döşəməsindəki sal daş kameraya giriş qapısını əvəz edir. Düzbucaqlı plan quruluşuna və gümbəz konstruksiyalı örtüyə malik olan məscidin ikinci hissəsi, birinci məscid tikilisinin davamı kimi uzanaraq əhalinin artımını nəzərə alaraq böyüdülmüş və cənuba istiqamətlənmiş, tikintisi XIX əsrə aid edilən məscidin üçüncü tikilisi ilə birləşir. Hər üç tikilinin tikinti texnikası biri-birindən fərqlənir.
Сamelər orta əsrlərdə ictimai-siyasi, ideoloji, mədəni mərkəzlər olmuşlar. V.V.Bartold yazır ki, “…Camelər təkcə ibadət yeri deyildi, burada eyni zamanda dövlət və ictimai həyat cəmlənir, dövlət xəzinəsi saxlanılır, məhkəmə işləri aparılır, ictimai məsələlər həll olunurdu, məruzələr oxunurdu”. Bütün xəbərlər əhaliyə Camelərin minbərlərindən çatdırılırdı. Hakimlərin fərmanları daşlara həkk olunub Camelərin divarlarına hörülürdü ki, əhali düzgün məlumatlandırılsın. Camelərin nəzdində məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Beləliklə, Camelər ictimai mərkəzlər kimi fəaliyyət göstərirdi.
Müəlliflər:
Vəfa Quliyeva, tarix elmləri doktoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Qənirə Pirquliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Hökümə Ağayeva, elmi işçi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Fortunamag.az
