Cəfər 35 yaşında idi… Sona xanımın xatirələri
17 dekabr Cəfər Cabbarlının doğum günüdür.
Fortunamag.az olaraq, böyük dramaturqu sevgi ilə anaraq, Sona xanımın qəlbində yaşatdığı xatirələrdən bədiiləşdirilmiş, yığcam bir poema-esse təqdim edirik.
Cəfər bir pyesi yazmağa başlamazdan əvvəl sözün musiqisini dinləyərdi. Bəzən xalqın köhnə ahəngindən, bəzən də öz qəlbinin dərinliyindən doğan yeni bir nəğmə.
Hər mahnı bir qəhrəmanın nəfəsi, bir talenin ilk cümləsi olardı. “Sevil” başlamazdan çox əvvəl isə evimizdə bir səs dolaşırdı:
“Sənə nə olub, zalım yar…”
Cəfər bu mahnını səhər-axşam zümzümə edir, əlləri pianonun üzərində gəzirdi. Soruşanda gülüb deyirdi:
“Sonası, bir əsər yazacağam, elə mahnılarına bütün xalq səs verəcək.”
Yayda Altıağacın sərinliyi, meşələrin yelinə qarışan qələm cırıltısı… Cəfər hər səhər gün doğmamış oyanır, biz oyananda isə pyesin dünyası artıq nəfəs alırdı.
Onun gizlədiklərini oxuyanda uşaqlar kimi tutulur, sonra yenə bağışlanırdıq. Çünki ürəyimizlə bəyəndiyimizi gizlədə bilmirdik.
Meşədə gəzəndə Sevilin taleyi artıq havaya qarışmışdı, Cəfər mahnıları tarın səsinə qoşub oxuyurdu, əsərin qəhrəmanları tədricən həqiqətə çevrilirdi.
“Sevil” səhnəyə qoyulanda minlərlə qadın çadrasını atdı. Səhnədəki Sevil onların içində yaşayıb böyüdü. Amma əsər ətrafında qopan mübahisələr, şikayətlər, tənqidlər – hamısı Cəfər üçün bircə söz idi:
“Demək ki, əsərdə yanar bir şey var.”
Sonra “Almaz” gəldi. Şurabad kəndinin arvadları, kişiləri, danışıq tərzi, xırda davaları hamısı pyesin qəhrəmanlarına çevrildi. Fatmanisənin dili Şərəbanı arvadın öz dilindən gəlirdi.
Cəfər belə deyirdi:
“O cür adamı göydə gəzirdim, əlimə yerdə keçdi.”
“1905-ci ildə”, “Dönüş”, “Yaşar” – hamısı başqa bir ömrün parçaları kimi evimizin hər küncündə, bağın kölgəsində, tramvay yollarının səsində yazıldı. Cəfər bir pyesin bir cümləsi üçün günlərlə düşünər, fikri dağılandaca günün əməyi yarımçıq qalardı.
Papirosu tərgidəndən sonra bir əsər də yaza bilməməsi onun neçəsini bizə göstərməyən, içindəki təlatümdən xəbər verirdi. Yazmaq onun nəfəsi idi.
“Yaşar”ın əlyazmasının itməsi, tramvayların altında az qala qalması,..sonra qəfil tapıldı. Cəfərin nəfəsinin geri qayıtması… Bütün bunlar bir sənətkarın taleyində əsərlərin necə əziz olduğunu göstərirdi.
Cəfər tez getdi. Amma onun pyesləri hələ də səhnələrdə nəfəs alır, o yaratdığı qadınlar — Sevil, Almaz hələ də azadlığını axtaran qadınların simasında yaşayır. Sona xanımın sözləri isə bizə bir həqiqəti xatırladır: Cəfər yalnız pyeslə yanaşı, xalqının taleyini yazırdı. Cəfər Cabbarlıya olan sevgimizi, Sona xanımın ürəyində qalan səs kimi təzədən dinləyirik…
Məşum gecə… 1934-cü ilin dekabrın 30-dan 31-nə keçən gecə idi. Cəfər 35 yaşında, mən isə cəmi 29 yaşımda idim. Oğlumuz Aydın 10, qızımız Gülarə isə 4 yaşında idi. Cəfərin mənə qoyub getdiyi ən böyük xəzinə elə bu iki uşaq oldu. Öz xalqına isə daha böyük bir sərvət, ölməz əsərlərini əmanət qoydu.
Cəfərin bir xasiyyəti vardı: yeni bir pyes yazmağa başlamazdan əvvəl mütləq qəhrəmanlardan birinin mahnısını düşünərdi. Bəzən xalq mahnısından ilham alar, bəzən də tamamilə yeni bir mahnı yaradardı. Sözlərini özü yazar, çox zaman musiqisini də özü bəstələyərdi. Bu mahnını günlərlə dodaqaltı oxuyar, pianoda çalardı. Ancaq ondan sonra pyesin özünü yazmağa başlayardı.
Məsələn, “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki…”, “1905-ci ildə” pyesində Sonanın “Azad bir quşdum…”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi…”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm…”, “Sevil”də isə Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları elə bu cür yaranmışdı.
Fortunamag.az
