Cəbrayılda Şəhər Günü münasibətilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb
Oktyabrın 4-ü müasir tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin ilk qazi şəhəri Cəbrayılın işğaldan azad olunduğu gündür. Oktyabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayılda Şəhər Günü keçirilir.
Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunan “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb.
Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media mənsubları iştirak ediblər.
Sərginin məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və dövlətimiz tərəfindən burada həyata keçirilən bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.
Sərgi məkanında həmçinin rəssam Məhərrəm Əliyev iriölçülü kətan tablo üzərində Cəbrayıla məxsus motivləri canlı olaraq əks etdirib. İnteraktiv formada hazırlanan bu əsər Cəbrayıl sakinlərinin iştirakı ilə tamamlanıb. Həm uşaqlar, həm də böyüklər rəssamın yaratdığı fon üzərində fırça ilə öz izlərini qoyaraq əsərin yaranma prosesinə qoşulmaq imkanı əldə ediblər.
Fortunamag.az

