Beluga balinaları və Kamçatka zəlzələsi

Rusiyanın Kamçatka yarımadasında baş verən güclü 8.8 bal gücündə zəlzələ ilə bağlı maraqlı müşahidələr ortaya çıxıb. Fortunamag.az “Timesofindia”a istinadən xəbər verir ki,yeraltı təkanlardan əvvəl bölgədə yaşayan beluga balinalarının qeyri-adi hərəkətləri qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolarda balinaların normaldan daha aqressiv və sürətli hərəkət etdiyi görünür. Bu kadrlar insanların diqqətini çəkib və heyvanların zəlzələləri əvvəlcədən hiss edə biləcəyi ehtimalını gündəmə gətirib. Alimlər bildirirlər ki, bəzi heyvanların yeraltı təzyiq dəyişikliklərinə və səs dalğalarına həssas olduğu məlumdur. Beluga balinalarının davranışları da bu nəzəriyyəni dəstəkləyə bilər. Əvvəllər də itlərin, pişiklərin və quşların zəlzələlərdən əvvəl qəribə hərəkətlər etdiyinə dair müşahidələr olub. Bu hadisə isə dəniz canlılarının da eyni xüsusiyyətə malik ola biləcəyini göstərir. Əgər bu elmi olaraq sübut olunsa, heyvan davranışları gələcəkdə təbii fəlakətlərin proqnozlaşdırılmasında yeni metod ola bilər. Hal-hazırda alimlər hadisəni daha dərindən araşdırmaq üçün video materialları təhlil edirlər.
Fortunamag.az